Üzeyir Cəfərov: “Yazacaqlarımı Müdafiə Nazirliyinin rəhbərliyinin də oxuması vacibdir”

Dəyərli dostlar, hörmətli mətbuatdakı dostlarım. Dünən gecə saatlarında mən və bir neçə zabit yoldaşlarım Şirvan şəhərindən məxsusi olaraq Bakıya imdad diləməyə gələn bir zabitimizin ailəsi ilə görüşdük. Bu hadisə mənə o qədər təsir edib ki, məcbur olub bu haqda burada sizlərlə bəzi fikirlərimi paylaşmaq istərdim. Ömrünün 18 ilini vətənə həsr etmiş 32 yaşlı mərhum zabitimizin atası, anası və qardaşı ilə xeyli söhbət etdik. Yazacaqlarımı Müdafiə Nazirliyinin rəhbərliyinin də, müvafiq qurumların yetkililərinin də oxuması və nəticə çıxarması vacibdir. 
 
Söhbət, Beyləqan rayon "N" saylı hərbi hissənin tabor komandiri olmuş və faciəli şəkildə həlak olmuş mayor Əsgərli Emil Əlihüseyn oğlundan gedir. Artıq 2 aydan çoxdur ki, atanın, ananın və yaxınlarının göz yaşları qurumaq bilmir. Sanki, belə bir adam həyatda olmayıb. Təqdim etdikləri sənədlərə baxanda, adamı dəhşət bürüyür ki, bu cür zəkalı və bacarıqlı bir cavan zabitimiz necə ola bilər ki, hansısa özbaşına MAXE-nin (müddətdən artıq hərbi xidmət edən) cinayətinin qurbanı olub? Və necə olur ki, hadisə zamanı orada olan digər şəxslər zərər görmür, yalnız belə bir istedadlı, bacarıqlı bir zabit qətlə yetirilir? C.Naxçıvanskl adına Hərbi Lisey, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini, Çin Xalq Respublikasında hərbi kursları bitirən bir cavan zabitimiz sanki kimlərinsə və bəlkə də bizim bilmədiyimiz məsələlərin qurbanı olub? Bütün gecəni bu haqda düşünmüşəm ki, axı bizim hərbi sahənin genofonu sayıla biləcək belə oğullar niyə vaxtsız dünyalarını dəyişməlidirlər? Valideynlər göz yaşı axıdırlar ki, onların böyük ümidlərinin üstündən xətt çəkilib. Övlad itkisi yaşamış insanları ən çox incidən də Müdafiə Nazirliyinin cavabdeh şəxslərinin mayor rütbəsində, tabor komandiri kimi mühüm vəzifəsni daşıyan insanın ailəsinin taleyinə biganə yanaşmasıdır. Bu birinci hal deyil. Daha bir fakti diqqətinizə çatdırıram.Naxçıvandan olan şəhid zabitimiz kapitan Elnur Cəfərovun ölümündən xeyli müddət keçməsinə baxmayaraq, atasız qalan 2 gözəl balasına hələ də müvafiq köməkliklər və imtiyazlar hələ də verilməyib. Xidməti vəzifəsini yerinə yetirən zabitimizin ailəsinə ilk günlər çoxlu vədlər verilsə də, hələ də MN verdiyi sözün arxasında tam dayanmayıb. 
 
Bizım "kabinet generalları" bir çox çıxışlarında görülən işlərdən, hərbi vətənpərvərlikdən gen-bol danışırlar. Amma, ortada belə xoşagəlməz misalları görəndə isə istər-istəməz qəlbinin dərinliklərində bizim rəhbərlərə bir az ikrah hissi oyanır. Beyləqanda faciəli şəkildə dünyasını dəyişmiş mayor Əsgərli Emil Əlihüseyn oğlu müdafiə naziri Zakir Həsənovun hazırda Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Mühafizə Polisinin rəis müavini vəzifəsində xidmət keçən oğlu polkovnik-leytenant Nazim Həsənovla bir yerdə hərbi təhsil alıblar. Dünənki söhbətimizdə mərhum zabitimizin atası hətta belə bir epizodu da danışdı ki, o bir neçə dəfə oğluna nazirin oğlu ilə danışmağı, onu başqa bir hərbi hissəyə keçirilməsini xahiş etsə də, mərhum Emil buna qətiyyən razılaşmayıb. 
 
Sonda Azərbaycanın əlaqədar yetkililərinə üzümü tutub deyirəm ki, vəzifə borclarını yerinə yetirərkən həlak olmuş zabit və ya əsgərlərimizin ailələrinə diqqətlə yanaşsınlar. Onların aldıqları zərbəni dərindən anlasınlar. Övlad itkisi yaşamış insanlara qarşı daha çox həssaslıq və dözümlük nümayiş etdirsinlər. Bu onsuz da yarası sızıldayan ata və analara, qardaş-bacılara heç bir köməklik göstərməsə də, azca da olsa, valideynlərə təsəlli verər. Sonda onu da qeyd edim ki, mərhum zabitimizin işinin diqqətdə saxlanılması və istintaqın ədalətli aparılması məqsədiylə, mən Əlihüseyn kişinin səlahiyyətli nümayəndəsi olmağa razılıq verdim.
 
Üzeyir Cəfərov

Google+ WhatsApp ok.ru