ÖZ GÜCÜMÜZƏ ARXALANMALIYIQ

Azərbaycan İslam Partiyası Milli Ordumuzun 8 əsgərinin şəhid olması ilə əlaqədar narahatlıq ifadə edən bəyanat yayıb.
 
Bəyanatda deyilir: İşğalçı Ermənistanın qəsbkar ordusu Azərbaycan torpaqlarında bəşəri cinayətlərini davam etdirir. Erməni terrorçu dəstələr yaşayış məntəqələrinin yaxınlığına qədər soxularaq mülki insanları girov götürür, evləri gülləbaran edir.
 
   Ötən gün işğalçı erməni ordusu Ağdam və Tərtər istiqamətində atəşkəsi pozaraq təmas xəttini keçməyə cəhd göstərib. Nəticədə Milli ordumuzun 9 əsgəri şəhid olub, düşmən itki verərək geri oturdulub.
 
     Azərbaycan İslam Partiyası işğalçı rejimin gecə saatlarında bütün cəbhə boyu hücuma keçərək Azərbaycan Milli Ordusunu çoxsaylı çanlı itkiyə məruz qoymasından   ciddi narahatlığını bildirir, qəsbkarlara qarşı mübarizədə ordumuzun və vətənpərvər xalqımızın bütün gücünün səfərbər olunmasına çağırır. 
 
Biz hesab edirik ki, torpaqlarımızın işğaldan azad olunması üçün xaricdən, başqa ölkələrdən dəstək gözləməməlik. Yeganə çıxış yolunu xalqımızın birliyində- vəhdətində və mübarizə əzminin gücləndirilməsində görürük. Eyni zamanda, hakimiyyətlə xalqın birliyi, hakimiyyətin ciddi siyasi iradəsi kifayətdir ki, düşməni məyus edək.
 
    Bu gün beynəlxalq aləmdə baş verən hadisələr  göstərir ki, işğalçı rejimlər, terrorçu qruplaşmalar dünyanın güc mərkəzlərinin əlində alətə çevriliblər, əslində  belə qüvvələr öz strateji maraqları, dünya sərvətlərinə nəzarəti həyata keçirməkdən ötrü terrorçuları silahlandırır, işğalçılara maliyyə və silah ötürməklə işğalı dəstəkləyirlər.
 
    Hesab edirik ki, Azərbaycan xalqı Qarabağ problemini region dövlətləri çərçivəsində özü həll etməli, torpaqlarını nəyin bahasına olursa olsun işğaldan azad etməlidir. Zaman gözləmir. Diqqətə çatdırmaq istəyirik ki, ərazi bütövlüyümüz təmin olunmadan sərhədlərimizin möhkəmləndirilməsi, bu olmadan isə dövlətçiliyimizin və müstəqilliyimizin təhlükəsizliyini qorumaq mümkünsüz olar.  Gələcəkdə daha ağır fitnə-fasadlardan qaçılması daha ağır fazaya qədəm qoya bilər.
 
    Azərbaycan İslam Partiyası bu istiqamətdə xalqımızın sağlam mənəvi iradəyə malik və imanlı insanların gücündən düzgün istifadə olunmasını məqsədəuyğun hesab edir, Mübariz kimi qəhrəmanlarımızın sırasının artması, güclənməsi üçün səmərəli mühit yaradılmasını vacib bilir.

Google+ WhatsApp ok.ru