İMAM ƏLİNİN (Ə) FƏZİLƏTLƏRİ – “MƏSULUN” (SORĞU-SUALA TUTULANLAR) AYƏSİ (23)

 

Qurani-Kərimdə imam Əlinin (ə) üstünlüyünə işarə edən, o həzrəti İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət göstərən ayələrdən biri “Məsulun” adını daşıyan “Saffat” surəsinin 24-cü ayəsidir. Bu ayədə buyurulur ki, qiyamət günü zalımlar haqqında əzab mələklərinə belə xitab olunar:

وَقِفُوهُمْ إِنَّهُم مَّسْئُولُونَ

“Onları (zülmkarları) saxlayın, çünki onlar sorğu-suala tutulacaqlar!”

Qiyamətdə onların hansı məsələ haqda sorğu-suala tutulacağı barədə təfsirçilər arasında fikir ayrılığı var; bəziləri onların dünyadakı bidətlərinə, bəziləri çirkin işlərinə, bəziləri də Allahın yeganəliyini inkar etdiklərinə görə sorğuya çəkiləcəyini bildirmişlər. (“Məcməül-bəyan”, 7-ci cild, səh.441, bəhs etdiyimiz ayənin təfsirində.)

Əlbəttə, ayənin mətnində bütün bu mənalar nəzərdə tutula bilər. Lakin bir çox rəvayətlərdə onların imam Əlinin (ə) imamət və vilayəti barədə sorğu-suala çəkiləcəyindən söz açılır. Bu rəvayətlər İslam mənbələrində qeyd olunmuşdur. Əhli-sünnənin “Şəvahidut-tənzil” adlı məşhur kitabında iki sənədlə Əbu Səid Xudridən nəql edilən rəvayətdə Peyğəmbərin (s) belə buyurduğu yazılır: “Həzrət Əli ibn Əbu Talibin vilayəti barədə soruşacaqlar!” (“Şəvahidut-tənzil”, 2-ci cild, səh.106-107, hədis 786-787.)

Başqa bir hədisdə Səid ibn Cübeyr, İbn Abbasdan belə nəql edir: Peyğəmbər (s) buyurmuşdur:

اِذا كانَ يَوْمَ الْقِيامَةِ اُوقَفُ اَنَا وَ عَلِىٌّ عَلَى الصِّراطِ فَما يَمُرُّ بِنا اَحَدٌ اِلاّ سَئَلْناهُ عَنْ وَلايَةِ عَلِىٍّ، فَمَنْ كانَتْ مَعَهُ، وَاِلاّ اَلْقَيْناهُ فِى النَارِ! وَذالِكَ قَوْلُهُ وَقِفُوهُمْ اِنَّهُمْ مَسْؤُلُونَ:

Qiyamət günü mən ƏliSiratkörpüsünün üstündə duracağıq bizim yanımızdan keçən hər kəsdən Əlinin vilayəti haqqında soruşacağıq. Kim bəraət alsa, Siratdan keçəcək, bəraət almayanı cəhənnəmə atacağıq. “Onları (zülmkarları) saxlayın, çünki onlar sorğu-suala tutulacaqlar!” ayəsinin mənası məhz budur!” (“Şəvahidut-tənzil”, 2-ci cild, səh.106-107, hədis 788.)

İbn Həcər də “Əs-səvaiq” kitabında onu Əbu Səid Xudridən nəql etmişdir. (“Əs-səvaiq”, səh.89.)

Əhməd ibn Hənbəl “Müsnəd” kitabında Əbu Səid Xudridən belə nəql edir: “Qiyamət günü həzrət Əli ibn Əbu Talib (ə) barəsində sorğu-sual olunacaqlar.”

Bu hədisi öz əsərlərində nəql edən digər alimlərdən “Kəşfül-ğümmə” kitabının (səh.92.) müəllifi İzzəddin Hənbəlini, “Ruhul-məani” təfsirinin (bəhs etdiyimiz ayənin təfsirində) müəllifi Alusini, “Ət-təzkirətul-xəvass” kitabının (səh.21.) müəllifi Sibt ibn Cövzini, “Kifayətul-xisam” kitabının (səh.361.) müəllifi Əbu Nəim İsfahanini və “Yənabiul-məvəddət” kitabının (səh.257) müəllifi Şeyx Süleyman Qunduzini misal göstərmək olar. Əlbəttə, digər alimlər də onu nəql etmişlər. Biz onların mühümlərinin adını çəkdik. Burada diqqəti cəlb edən budur ki, bu rəvayətlərin bəzisində imam Əlinin (ə) vilayəti ilə yanaşı Əhli-beytin vilayətinə işarə edilmişdir. (“Əliyyun fil-kitabi vəs-sünnə”, 1-ci cild, səh. 229.)

Ən əhəmiyyətlisi isə qeyd edilən bütün rəvayətlərin əhli-sünnənin mühüm mənbə və kitablarında məşhur ravilərdən nəql olunmasıdır. Bununla belə, Alusi qeyd olunan rəvayəti nəql etdikdən sonra yazır: “Bəzi imamiyyə şiələrinin İbn Cübeyr və İbn Abbasdan nəql etdikləri hədislərdə qiyamətdə Əlinin (ə) vilayətindən soruşulacağı deyilir. Onlar bu rəvayəti həm də Əbu Səid Xudridən nəql etmişlər.” (“Ruhul-məani”, 23-cü cild, səh. 74.)

Təəssüf ki, bu alimlər digər xəlifələrin də vilayətini özlərindən ona əlavə etmişlər!!!

Təəssübkeş təfsir alimi elə fikirləşir ki, imam Əlinin (ə) fəzilətləri ilə bağlı nəql olunan hər bir hədisin ravisi şiədir. Onun əqidəsi hətta əhli-sünnə mənbələrində geniş nəql olunan bu hədisləri qəbul etməyə yol vermir. Amma o bilməli idi ki, sözləri və fikirləri gələcəkdə təhlil olunacaq və aydınlaşacaq ki, bu hədislərin raviləri şiə yox, adətən əhli-sünnə olmuşdur.

Ümumiyyətlə, bu hədislərdə, eləcə də bəhs etdiyimiz ayədə insanların qiyamət günü yalnız imam Əlinin (ə) imamət və vilayəti barədə sorğu-sual olunacağı bildirilmir. Həmin gün bütün əməllər, nemətlər və məsuliyyətlər soruşulasıdır. Amma qiyamətdə sorğu-sual olunacaq ən mühüm məsələlərdən biri də o həzrətin vilayətidir. Şübhəsiz, burada vilayət dedikdə, bir möminin başqaları  ilə sadəcə dostluğu nəzərdə tutulmur. Çünki bu dostluq fürui-dindən və dinin adi məsələlərindən sayılır. Məqsəd böyük əhəmiyyət daşıyan, İslamın əsaslarından sayılan imamət və canişinlikdir. Bu da Peyğəmbərdən (s) sonra rəhbərlik məqamı və ilahi xilafətdən başqa bir şey deyil! Bəli, imam Əlinin (ə) imamət və vilayəti İslamın ən mühüm əsası və imanın ən mühüm şərti olaraq, qiyamətdə soruşulacaq ilk suallardandır. Əlbəttə, biz müxaliflərdən başqa münasibət gözləmirik. Ədavətli düşmənlər həmişə o həzrətə qarşı çıxmış, fəzilətlərini inkar etmişlər. İndinin özündə də bu iş davam edir. Bəzən dostlar belə, düşmənin işkəncələrindən qorxaraq, bu fəzilətləri gizli saxlayırlar. Amma imam Əlinin (ə) fəzilətləri bütün hədis kitablarında sadalanır və onun misilsiz şəxsiyyəti Qurani-Kərimdə əks olunur! Bu bəhsimizi bir çox İslam mənbələrində İbn Abbasdan nəql olunan məşhur bir hədislə sona yetiririk. O deyir: “Qurani-Kərimdə “Ya əyyuhəl-ləzinə amənu!” (Ey iman gətirənlər!) ifadəsi ilə başlayan hər bir ayənin kamil nümunəsi – möminlərin sərvəri, ağası və əmiri Əlidir (ə). Peyğəmbərin (s) səhabələri içərisində Qurani-Kərimdə danlanmayan yalnız imam Əli ibn Əbu Talib olmuşdur. Allahın kitabında imam Əli (ə) (onun fəzilətləri) haqda nazil olanlar kimsə barəsində deyilməmişdir... Qurani-Kərimin üç yüz ayəsi imam Əli (ə) haqda nazil olmuşdur!” (“Təlxisu tarixid-Dəməşq”, 18-ci cild, səh. 1, “Darul-fikr” çapı.)

Bu hədisi, xüsusilə, onun əvvəlini bir çox alimlər nəql etmişlər. O cümlədən, Əbu Nəim İsfahani (“Hilyətül-övliya”da), Muhibbuddin Təbəri (“Zəxairul-uqba”da), Əllamə Gənci Şafei (“Kifayətut-talib”də), Sibt ibn Cövzi (“Ət-təzkirətul-xəvass”da), Şəblənci (“Nurul-əbsar”da), Heysəmi (“Əs-səvaiq”də), Süyuti (“Tarixul-xüləfa”da) və Qunduzi (“Yənabiul-məvəddət”də). (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah əl-üzma Məkarim Şirazi, 9-cu cild, səh.270-273.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru