İMAMƏT AYƏLƏRİ – “XƏYRUL-BƏRİYYƏ” (YARADILMIŞLARIN ƏN YAXŞISI) AYƏSİ (4)

İmam Əli (ə) və digər Əhli-beyt üzvlərinin fəzilətlərini sübut edən, İslam ümmətinin ən üstün və ən yaxşı şəxslər olduğunu göstərən mühüm sənədlərdən biri “Bəyyinə” surəsinin 7-8-ci ayələridir. Belə ki, həmin ayələrdə buyurulur:

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُوْلَئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ جَزَاؤُهُمْ عِندَ رَبِّهِمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا رَّضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ذَلِكَ لِمَنْ خَشِيَ رَبَّهُ

“Həqiqətən, iman gətirib saleh əməllər edənlər yaradılmışların ən yaxşılarıdır. Onların öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan behişt bağlarıdır. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (yüksək məqam) Rəbbindən qorxanlar üçündür!”

Allah-Taala bu iki ayədə yaradılmışların ən yaxşısı, bu iki ayədən qabaqkı ayədə isə yaradılmışların ən pisi haqda söz açır. Haqq nurunu söndürmək istəyən, müxtəlif hiylələrə əl atan, həm özlərini, həm də başqalarını azğınlığa sürükləyən kafirləri və kitab əhlindən olan müşrikləri “şərrul-bəriyyə” (yaradılmışların ən pisi), bunun müqabilində isə iman nuru sayəsində haqq yol seçən, yaxşı əməllər edən, həm özlərini, həm də başqalarını doğru yola çağıranları “xəyrul-bəriyyə” (yaradılmışların ən yaxşısı) adlandırır.

Göründüyü kimi, ayənin məfhumu müəyyən bir fərd və ya qrupa aid olmasa da, şiə və əhli-sünnənin hədis mənbələrində nəql olunan bir çox hədislərə görə, “yaradılmışların ən yaxşıları” ibarəsi imam Əli (ə) və tərəfdarlarına aiddir. Burada oxucuların diqqətini bu hədislərin bir qisminə yönəldirik:

1. Məşhur əhli-sünnə alimi Süyuti “Əd-durrul-mənsur” kitabında bu ayənin təfsirində İbn Əsakirdən, o da Cabir ibn Abdullahdan belə nəql edir: “Biz Peyğəmbərlə (s) bir yerdə idik. Bu vaxt həzrət Əli (ə) bizə tərəf gəlirdi. Peyğəmbər (s) onu görcək belə buyurdu: “Canım əlində olan Allaha and olsun ki, bu kişi və onun şiələri qiyamət günü nicat tapanlardandır!” Bundan sonra “İman gətirib saleh iş görənlər yaradılmışların ən yaxşılarıdır” ayəsi nazil oldu. Beləliklə, həzrət Əli (ə) gələrkən Peyğəmbərin (s) səhabələri ona yaradılmışların ən yaxşısı gəlir dedilər.” (“Əd-durrul-mənsur”, 6-cı cild, səh. 379.)

Bu rəvayəti eynilə Hakim Həskani “Şəvahidut-tənzil” kitabında nəql etmişdir. (“Şəvahidut-tənzil”, c.2, səh.357.)

2. İbn Abbasdan nəql olunan başqa bir rəvayətdə belə buyurulur: “İman gətirib saleh iş görənlər yaradılmışların ən yaxşılarıdır” ayəsi nazil olandan sonra Peyğəmbəri-Əkrəm (s) imam Əliyə (ə) buyurdu:

هُوَ اَنْتَ وَشِيعَتُكَ تَأتِى اَنْتَ وَشِيعَتُكَ يَوْمَ الْقِيامَةِ راضِينَ مَرْضِيينَ وَتَأتِى عَدُوُّكَ غَصْباناً مُقْمِحِينَ:

“Sən və şiələrin qiyamət günü yaradılmışların ən yaxşılarısınız. Həm Allah sizdən razıdır, həm də siz Allahdan. Sənin düşmənin isə (qiyamətdə) əzab içərisində olar və boynuna zəncir bağlanar!” (“Şəvahidut-tənzil”, c.2, səh.357, hədis: 1126; “Əs-səvaiq”, İbn Həcər, səh.96 və “Nurul-əbsar”, Şəblənci, səh.70 və 101.)

3. Əbu Bərzədən də belə nəql olunur: “Peyğəmbəri-Əkrəm (s) bu ayəni tilavət edərkən, üzünü Əliyə (ə) tutub buyurdu: “Ya Əli! Yaradılmışların ən yaxşısı sən və şiələrindir. Mənim və sənin vədən “Kövsər” hovuzunun kənarındadır.” (“Şəvahidut-tənzil”, c.2, səh.359, hədis: 1130.)

4. “Əd-durrul-mənsur” təfsirində yazılır: “İbn Mərdəveyh, həzrət Əlidən (ə) nəql edir ki, Peyğəmbəri-Əkrəm (s) mənə belə buyurdu: “Məgər Allahın “İman gətirib saleh iş görənlər yaradılmışların ən yaxşılarıdır” kəlamını eşitməmisən? Bunlar sən və şiələrindir. Mənim sizinlə vədə yerimiz (görüşəcək yerimiz) “Kövsər” hovuzunun kənarıdır! Mən ümmətlərdən hesab çəkməyə gəldiyim zaman siz seçilərək alnıaçıq halda çağırılacaqsınız!” (“Əd-durrul-mənsur”, c.6, səh.379.)

5. Yenə “Şəvahidut-tənzil” kitabında Ətiyyə Ovfinin belə dediyi nəql olunur: “Bir dəfə biz Cabir ibn Abdullah Ənsarinin yanına getmişdik. Artıq o vaxt qocalığından qaşları gözünün üstünə tökülürdü. Ona dedik: “Bizə Əlidən (ə) danış!”

O, əli ilə qaşlarını qaldırıb dedi: “O, yaradılmışların ən yaxşısıdır!” (“Şəvahidut-tənzil”, c.2, səh.364, hədis: 1142.)

6. Əhli-sünnə alimi Gənci Şafei “Kifayətut-talib” kitabında Ətadan belə nəql edir: “Ayişədən həzrət Əli (ə) haqda soruşdum. Mənə dedi: “O, bəşərin ən yaxşısıdır və buna yalnız kafirlər şəkk edərlər!”

Yenə həmin kitabda Hüzeyfin belə dediyi nəql olunur: “Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu eşitdim: “Əli insanların ən yaxşısıdır, hər kəs bunu qəbul etməsə, kafirdir!” (“Kifayətut-talib”, səh.118, “Ehqaqul-həqq” kitabından nəqlən, c.3, səh.288.)

Məlum olduğu kimi, bütün bu ifadələr İslam Peyğəmbərindən (s) sonra imam Əliyə (ə) aid olur, yəni o, Peyğəmbərdən (s) sonra insanların ən yaxşısıdır.

Diqqəti cəlb edən məsələ budur ki, imam Əlinin (ə) fəzilətlərinə şübhə ilə yanaşan əhli-sünnənin məşhur təfsir alimi Alusi bu ayənin təfsiri ilə bağlı Peyğəmbəri-Əkrəmin (s) buyurduqlarının bir çoxunu nəql etdikdən sonra yazır: “Rəvayətlərin məfhum və mənası bu deyil ki, ayə məhz Əli (ə), onun şiələri və ardıcıllarına aiddir. Hərçənd, onlar bu ayəyə daxildir və yaradılmışların ən yaxşılarının önündə dururlar.” Sonra yazır: “İmamiyyə şiələri həzrət Əlini (ə) peyğəmbərlər və mələklərdən üstün bilsələr də, İslam Peyğəmbərini (s) ondan üstün hesab edirlər!”

Bir sözlə, alimlərin böyük bir qrupu İslamın məşhur mənbələrində “xəyrul-bəriyyə” (yaradılmışların ən yaxşısı) ayəsi ilə bağlı hədislər nəql etmişlər. Bu hədislər Peyğəmbəri-Əkrəmdən (s) sonra imam Əlinin (ə) bütün müsəlmanlardan və səhabələrdən üstün, fəzilətli olmasına aydın bir dəlildir. Lakin Əməvilərin zülmkar hakimiyyətindən bəri həmişə düşmənlər imam Əlinin (ə) fəzilətlərini gizlətməyə çalışmış, dostları belə canlarının qorxusundan heç bir söz deməmişlər. Bununla belə, bu böyük fəzilətlər bütün o qaranlıq, irticaçı dövrləri arxada qoyaraq bizim əlimizə gəlib çatmışdır. Bunu isə ilahi və qeybi yardımdan başqa bir şey adlandırmaq olmaz! Bundan əlavə, bu ayə və hədislərdən iki mühüm məsələ başa düşülür:

1. Dərəcəsi aşağı olan bir kəsi fəzilətli bir insandan üstün bilmək bəyənilməz bir iş sayıldığından, imam Əlini (ə) fəzilət və üstünlüyünə görə, Peyğəmbəri-Əkrəmin (s) xəlifəsi və canişini bilirik; xəlifənin istər (bizim etiqadımıza görə) Allah, istərsə də (sünnilərin etiqadına görə) xalq tərəfindən seçilməsini qəbul edək.

2. Əksər hədislərdə qeyd olunduğu kimi, imam Əlinin (ə) ardıcıllarının “şiə” adlandırılması Peyğəmbəri-Əkrəmin (s) dilindən götürülmüşdür. Bu ada belə düşmən olanlar və ona nifrət bəsləyənlər həqiqətdə İslam Peyğəmbəri (s) ilə müxalifdir və o həzrətin kəlamlarına nifrət bəsləyirlər. Əgər doğrudan da onlar belə ittihamları agahlıq üzündən və bilə-bilə dillərinə gətirirsə, onların işləri çətin olacaqdır!

Bəli, “şiə” adı mötəbər rəvayətlərdə qeyd olunduğu kimi, İslam Peyğəmbərinin (s) imam Əlinin (ə) ardıcıllarına qoyduğu iftixarlı addır. Allahdan istəyimiz budur ki, hamımız bu iftixara layiq olaq! (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah Məkarim Şirazi, 9-cu cild, səh. 189-192.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru