11. Kərbəla əsirləri Yezidin sarayında

11. Kərbəla əsirləri Yezidin sarayında

Kərbəla əsirlərini Yezidin məclisinə daxil etmək üçün hazırladılar. Seyid ibn Tavus yazır: İmam Hüseynin (ə) əhli-beytini kəndirlə bağlanmış halda Yezidin məclisinə gətirdilər. ("Məlhuf” (Lühuf), səh. 213.)

Müqərrəmin nəqlinə əsasən, İmam Zeynəlabidin (ə), xanım Zeynəb (s.ə) və Allah Rəsulunun (s) digər qızlarının boynuna kəndir salıb Yezidin sarayına gətirdilər və yolda dayandıqda, o rəhmsizlər onları vururdular ki, yollarına davam etsinlər. ("Məqtəlul-Huseyn", Müqərrəm, səh. 350.)

İmam Zeynəlabidindən (ə) belə nəql edilir: "Biz on iki kişi idik və bizi zəncirlədikləri halda Yezidin məclisinə gətirdilər. Yezidin müqabilində dayandığım zaman ona dedim:

يا يَزيدُ ما ظَنُّكَ بِرَسُولِ اللَّهِ لَوْ رَآنا عَلى‌ هذِهِ الْحالَةِ

"Ey Yezid, əgər Allahın Rəsulu (s) bizi bu halda görsə, sənin barəndə nə deyəcəyini güman edirsən?"

İmam Hüseynin (ə) qızı Fatimə də dedi: "Sən Allah Rəsulunun (s) qızlarını əsir edirsən?!"

Bu sözlərdən sonra camaat ağlamağa başladı və Yezidin (pərdə arxasında olan və) məclisə nəzər salan ailə üzvləri də ağladılar, belə ki, onların ağlamaq səsləri ucaldı. İmam Səccad (ə) bir daha Yezidə buyurdu: "Əgət Allahın Peyğəmbəri (ə) məni zəncirə vurulduğum hald görsə, sənin barəndə nə söyləyəcəyini fikirləşirsən?!"

Vəziyyəti belə görən Yezid o Həzrətin zəncirlərinin açılmasına göstəriş verdi. ("Biharul-ənvar", c. 45, səh. 132.)

Nəql edilir ki, Yezid şəhidlərin və İmam Hüseynin (ə) mübarək başlarının məclisə gətirib onun qarşısına qoyulmasına göstəriş verdi. Sonra İmam Hüseynin (ə) başına işarə edərək məclis iştirakçılarına üz tutub dedi: “Bu şəxs mənim qarşımda öyünür və deyirdi: "Mənim atam Yezidin atasından, anam onun anasından və cəddim onun cəddindən, mən də onun özündən üstünəm!"

Amma atasının atamdan üstün olmasını söylədiyinə gəldikdə, gördünüz ki, atam onun atasını mübarizəyə çağırdı və Allah mənim atamın xeyrinə və onun atasının əleyhinə hökm verdi və (atamı qalib etdi). Hüseynin "Anam Yezidin anasından üstündür!" deməsinə gəldikdə, canıma and olsun, Allah Rəsulunun (s) qızı Fatimə (s.ə) mənim anamdan üstündür! Amma cəddini mənim cəddimdən üstün hesab etməsinə gəldikdə, bəli, Allaha və Qiyamət gününə imanlı olan bir kəs onun Muhəmməddən (s) üstün olduğunu iddia edə bilməz! Amma özünü məndən üstün tutmasına gəldikdə isə, sanki o, bu ayəni oxumamışdır:

قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَن تَشَاءُ وَتَنزِعُ الْمُلْكَ مِمَّن تَشَاءُ

"(Ya Rəsulum!) De: “Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsdən alarsan…" ("Ali-İmran" surəsi, ayə 26.)

Əlbəttə, Yezid bu məsələyə də inanırdı, çünki onun hədəfi riyakarlıq, camaatı aldatmaq və sonda nəticə əldə etmək idi. Ümumiyyətlə, Yezid İmam Hüseyn (ə) üzərindəki zahiri qələbəsini öz yolunun düzlüyü və haqq olmasına bir sübut hesab etmək istəyirdi. Onun dəlil-sübutunun nəticəsi bunu tələb edirdi ki, tarix boyu qüdrət əldə edən fironlar, nəmrudlar, həccaclar, hitlerlər kimi bütün cinayətkarlar – onların hamısı Allah dərgahında seviləndirlər. İmam Səccad (ə) Yezidlə arasındakı söhbətlərdən sonra ona cavab olaraq dedi: "Ey Müaviyə və Hindin oğlu! Həmişə peyğəmbərlik və rəhbərlik – sən hələ dünyaya gəlməmişdən öncə – mənim ata-babalarım və əcdadlarım üçün olmuşdur. Babam Əli (ə) Bədr, Ühüd və Əhzab günü (Allah Rəsulunun (ə) kənarında olmuş) və Allah Rəsulunun (s) bayrağı onun əlində idi. Halbuki sənin atan (Müaviyə) və babanın (Əbu Süfyan) əlində küfr bayraqları var idi."

Sonra İmam Səccad (ə) bu şeirləri oxudu:

ماذا تَقُولُونَ إِذْ قالَ النَّبِىُّ لَكُمْ‌

ماذا فَعَلْتُمْ وَأَنْتُمْ آخِرُ الْامَمِ‌

بِعِتْرَتي وَبِأَهْلي عِنْدَ مُفْتَقَدي‌

مِنْهُمْ أُسارى‌ وَمِنْهُمْ ضُرِّجُوا بِدَمِ‌

"Peyğəmbər (s) sizə "Siz məndən sonra sonuncu ümmət olduğunuz halda, mənim itrət və əhli-beytimlə nə etdiniz?" deyə soruşduğu zaman nə deyəcəksiniz? Onların bir qismini əsir etdiniz və bir qismini də qana boyadınız?"

Daha sonra sözlərinə əlavə etdi: "Vay olsun sənə, ey Yezid! Əgər mənim atam, qardaşım, əmilərim və ailəm haqqında hansı cinayətə əl atdığını və nə etdiyini bilsəydin, şübhəsiz, (qorxudan) dağlara qaçar və küllərin üstündə oturar, Allah Rəsulunun (s) sizin aranızda əmanəti olan atam Əli (ə) və Fatimənin (s.ə) övladı Hüseynin (ə) başını şəhərin darvazası üstündən asdığınıza görə ah-nalə və fəryad edərdin. (Ey Yezid!) Mən səni bütün camaatın toplaşacağı sabahkı Qiyamət günü zillət və xarlıqla müjdələyirəm!" ("Biharul-ənvar", c. 45, səh. 135-136.)

İmam Səccad (ə) bilirdi ki, bu sözlər Allah və Qiyamət gününə qaranlıq qəlbində imanı olmayan Yezidə az da olsa belə təsir etməyəcəkdir, çünki o, şərab içən və çinayətkar biri idi, bu kimi məsələlərə əhəmiyyət vermirdi, lakin həmin cəmiyyətin arasında Şamın böyükləri vardı, belə ki, onlar İmamın (ə) həqiqi xitab etdiyi kəslər hesab olunurdular və bu sözlər onların qəlbinə təsir edirdi. Xəbərlərin əsas yayılma mərkəzinin şah və xəlifələrin sarayları olduğu üçün, həmin sözlər oradan digər məntəqələrə yayıldı və Üməyyə sülaləsinin həqiqi mahiyyətini aşkar etdi və onların hamısının alnına küfr, imansızlıq və batillik damğası vurdu.

Bəli, Allah-Taala bu ağılsız cinayətkarların öz rüsvayçılıq sənədi olan Kərbəla şəhidlərinin kəsilmiş başları və Peyğəmbər (s) Əhli-beytinin əsirlərini hər yerə aparmalarını və özlərini hamının yanında daha çox rüsvay etmələrini istəyirdi. (”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.594-596.

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru