50 kilo un 30 manat oldu

50 kilo un 30 manat oldu

Taxıl ehtiyatları ehtiyacımızı ödəyirsə, un və çörək niyə bahalaşır?

2016-cı ildə ölkəyə 1 599 599.31 ton buğda idxal olunub. Bunun da statistik dəyəri 295 018.19 min dollar təşkil edib. Bundan əvvəlki ildə ölkəyə gətirilən buğdanın miqdarı 1 353 071.78 ton, dəyəri isə 296 831.04 min dollar idi. 
 
Xaricdən gətirilən buğda 219 dollardan 184 dollara düşüb
 
Bizimyol.info-nun araşdırmasına görə, iki ilin qiymət müqayisəsi deməyə əsas verir ki, ölkəyə taxıl idxalı artıb. Əvəzində bu ərzaq məhsulunu daha ucuz gətirməyə başlamışıq. Yəni, 2015-ci ildə buğdanın tonu orta hesabla 219,37 dollara başa gəlirdisə, keçən il orta qiymət 184,43 dollar olub. Beləliklə 1 kq idxal məhsulunun dəyəri 18 sentə başa gəlib. 50 kq-lıq bir kisə buğda 9,22 dollar olacaq. 30 dekabr 2015-ci il tarixə olan məzənnə ilə 14,37 manat. Məntiqlə, ölkədə buğdadan hazırlanan məmulatların, xüsusilə də unun qiyməti bahalanmamalı idi, əksinə, qiyməti bir qədər aşağı salmaq olardı. Amma bizdə tərsinə olub, son iki ayda digər ərzaq məhsulları kimi unun da qiyməti sürətlə bahalaşır. Un istehsalçıları 50 kq-lıq 1 kisə unu 24 manatdan 26,15 manata qaldırıblar. Bu, hələ bir kisənin qiymətidir. Kiloqramla satış qiyməti ikinci növ un üçün 55-65 qəpik arası olub. Kiloqramı orta hesabla 60 qəpikdən götürəndə 50 kilo un 30 manata başa gəlir. Yaxın günlərdə un məmulatlarının qiymətlərində də artım gözlənilir. Amma sahibkarların hiyləsi bununla bitmir, artıq 40 qəpiklik çörəklərin çəkisi 300 qr-a enib. Onlar artımı enerji xərclərinin bahalaşması ilə izah edirlər və qiymət artımına gedəcəklərini qabaqcadan söyləmişdilər. Lakin qiymət qərar verilən kimi qalxdı, heç yeni tarif tətbiqini gözləmədilər.   
 
Onu da deyək ki, buğda ən çox idxal edilən məhsullar siyahısındadır və uzun illərdir həmin siyahıdan düşmür. Statistik göstəricilərin müqayisəsi deməyə əsas verir ki, tələbat ilbəil azalmaq əvəzinə artıb. 
 
Dənli bitkilərlə özünütəminetmə səviyyəmiz 64,5 faizə enib
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkənin bitkiçilik məhsulları ilə özünütəminetmə səviyyəsi 2015-ci ildə bu şəkildə olub: dənlilərin cəmi 64,5 faiz, o cümlədən buğda 54,8 faiz, arpa 95,1 faiz, qarğıdalı 54,1 faiz, vələmir 93,1 faiz, sair növ dənlilər 6,3 faiz, paxlalılar 69,3 faiz, kartof 89,1 faiz, bütün növ tərəvəz 103,4 faiz, bostan məhsulları 100 faiz, meyvə və giləmeyvə 113,7 faiz, üzüm 93,1 faiz. Müqayisə üçün deyək ki, 2011-ci ildə ölkənin buğda məhsulu ilə özünütəminetmə səviyyəsi 57,7 faiz, 2012-ci ildə 56,8 faiz, 2013-cü ildə 55,9 faiz olub ki, bu da son dövrlərə nisbətən bir qədər çoxdur. İlbəil ölkənin bu strateji məhsulla özünütəminetmə səviyyəsi hissolunacaq dərəcədə azalıb. Digər məhsullarda da vəziyyət belədir. 2009-cu ildə ölkənin bütün dənli bitkilərlə özünütəminetmə səviyyəsi 74 faiz idisə, 2015-ci ildə bu rəqəm 64,5 faizə düşüb. Misal üçün, 2007-ci ildə qarğıdalı bitkisi ilə özünütəminetmə səviyyəsi 76,4 faiz idi, son statistik məlumatda həcm 54,1 faiz göstərilib. Kartof bitkisi ilə özünütəminetmə 98 faiz olduğu halda, 2008-ci ildə həcm 103,6 faizə, 2009-cu ildə də 104,7 faizə qalxıb. Bu göstərici 2010-cu ildə 100,5 faiz, 2011-ci ildə 101,6 faiz olub, sonrakı dövrlərdə enmə ilə inişil 89,1 faizə düşüb.  Meyvə və giləmeyvə ilə özünütəminetmə səviyyəsi 2008-ci ildə 161,4 faiz idisə, son statistikaya görə 113,7 faiz təşkil edib. 
 
Buğdanın idxalından asılılıq az qala yarı-yarıyadır
 
Rəqəmlərin təhlili bitkiçilik məhsulları ilə təminatda idxaldan asılılıq səviyyəsini də avtomatik ortaya çıxarır. Belə ki, bitkiçilik məhsulları ilə təminatda dənlilər üzrə idxaldan asılılıq 35,5 faizdir. İdxaldan asılılıq buğdada 45,2 faiz təşkil edir. Yəni, bu məhsulun təxminən yarıdan bir qədər çoxu ölkədə istehsal olunur, ondan cüzi fərqlə azı da xaricdən gətirilir. Halbuki, 2009-cu ildə asılılıq 30,8 faiz olmuşdu. Qarğıdalı məhsulunda da xaricdən asılılığımız 45,9 faizdir. Baxmayaraq, 10 il əvvəl bu göstərici 23,6 faiz idi. Ümumiyyətlə, bu bitkinin yerli sortunun əkini ilbəil azalır və statistik rəqəmlər də azalma tepmpini aşkar göstərir. 2008-ci ildə asılılıq 31,9 faizə, 2009-cu ildə 32,8 faizə, 2010-cu ildə 35,5 faizə qalxıb. 2011-ci ildə 32 faizə qədər cüzi bir enmə olsa da, növbəti dörd ildə uyğun olaraq 32,7 faiz, 40 faiz, 43 faiz və son olaraq da asılılıq 45,9 faiz çoxalıb. Paxlalı bitkilər üzrə idxaldan asılılıq 23,6 faiz idisə, son statistik rəqəmdə 30,7 faiz olduğu açıqlanıb. Kartof bitkisi üzrə də 2007-ci ildə 8 faiz asılılıq var idisə, inişil bu göstərici 14,8 faiz təşkil edib. Beləliklə, başqa ölkələrdən asılılıq iki dəfəyə yaxın artıb. Əvvəlki illərlə müqayisədə meyvə və giləmeyvə, üzümün də idxalında asılılıq çoxalıb. 
 
Əhalinin ət almaq imkanı tükəndikcə, əcnəbi heyvanlara ehtiyac azalır
 
Heyvandarlıq sahəsində rəqəmlər stabil olaraq pis deyil. Asılılıq da bitkiçilik məhsullarına nisbətən xeyli azdır. Belə ki, heyvandarlıq məhsulları ilə təminatda xarici idxaldan asılılıq səviyyəsi mal əti və ət məhsullarında 8,8 faizdir. Bununla belə, asılılıq səviyyəsi əvvəlki illərdə bundan aşağı olub - 2007-ci ildə 5.5 faiz. Son illərdə ən yuxarı asılılıq 2013-cü ildə müşahidə edilib, o vaxt bu statistik göstərici 14,8 faiz idi. Həmin dövrdə əhalinin maddi vəziyyəti də pis deyildi, insanlar ət ala bilirdilər. Bu sahədə asılılığın azalması get-gedə insanların ət və ət məhsullarına tamarzı qalması ilə izah oluna bilər. Süd və süd məhsullarının idxalında da xaricdən asılılıq 16 faizdir. Onun da aşağı və yuxarı göstəriciləri olub.    
 
Xarici faktora bağlı olmayan məhsulların bahalaşma səbəbi
 
2015-ci ildə ölkədə payızlıq buğdanın ümumi yığımı (bütün təsərrüfat kateqoriyaları üzrə) 1687.3 min ton təşkil edib. Bütövlükdə dənli və dənli paxlalı bitkilərin istehsalı 2999.4 min ton olub. Azərbaycanda taxıla olan illik tələbat təxminən 3,5-4 milyon ton, o cümlədən ərzaq buğdasına tələbat 1,7 milyon tondur. Daxili istehsal hesabına taxıla tələbatın təxminən 65-70 faizi ödənilir. Kənd Təsərrüfatı Nazirliyi rəsmisi bu məlumatı bir müddət əvvəl verib. 
 
Yazılanları nəzərə alsaq bu gün unun və çörəyin qiymətində daxili bahalaşmanın iqtisadi əsası yoxdur. Ümumiyyətlə, son vaxtlar qiymət artımları əsasən elə bu cür - heç bir əsas olmadan baş verir. Xaricdən gətirilən toyuğa gömrük rüsumu artırsa, bazarda yerli toyuğun da qiyməti qalxır. Ölkənin yumurta ilə özünütəminetmə səviyyəsi 99,7 faizdir, cəmi 0,3 faiz asılılıq var, amma yumurta 8-10 qəpikdən gəlib 17-18 qəpiyə çıxıb. Yəni, bahalanma 100 faizdir.  
 
Güzəşt oldu, amma qiymət enmədi 
 
Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, 2014-cü il yanvarın 1-dən 5 il müddətinə kənd təsərrüfatında çalışanlar torpaq vergisi istisna olmaqla, digər vergiləri ödəməkdən azaddırlar. Dövlət Taxıl Fonduna tədarük edilməsi məqsədi ilə idxal olunan taxıl və taxıl emalı məhsullarına da idxal rüsumu və əlavə dəyər vergisi tətbiq edilmir. O məntiqlə qiymət ən azından 20-30 faiz ucuzlaşmalı idi. Kənd təsərrüfatı ekspertləri qiymət bahalaşmasını həmişəki kimi buğdanın idxalı və emalının inhisarda olması ilə izah edirlər.
 
Ehtiyatlar və ehtiyacların statistikası şübhə doğurur  
 
Ekspertlər ölkənin buğdaya tələbatının qələmə verildiyindən az olduğunu deyirlər. 1,6 milyon ton buğda idxalı, istehsal olunan 2,9 milyon taxıl ümumilikdə 4,5 milyon məhsul deməkdir. Şübhələr var ki, həcm haqqında məlumatlar ictimaiyyətə düzgün verilmir. Ya idxal göstəricilərində bir hiylə var, ya da istehsal edilən məhsulun həcminə dair açıqlanan statistikada. Taxıl Fondunda da ehtiyatların yetərli olmadığı qənaəti mövcuddur. Çünki, söylənən həcmlər bazarda özünü göstərmir. Taxıl Fondunda ehtiyat buğdanın həcminin ölkənin illik tələbatının 70%-ə qədər olduğu bildirilir. Əslində isə bahalanma olan dövrlərdə ehtiyat məhsul bazara çıxarılmalıdır. Fond özü də o məqsədlə yaradılıb ki, qiymət artımı baş verərsə dərhal bazara intervensiya olunsun, məhsul satışa çıxarılıb, qiymət tənzimlənsin. Ölkədə taxılın miqdarı ehtiyacımız qədər varsa, belə sıçrayışla qiymət artımı istisnadır. Adətən məhsul daxil olanda bazar dərhal reaksiya verir. Amma bahalanmadan belə qənaət yaranır ki, bazara deyildiyi həcmdə məhsul daxil olmayıb. (bizimyol.info)
 

Google+ WhatsApp ok.ru