56 min 500 miqrant ya ölüb, ya itkin düşüb

56 min 500 miqrant ya ölüb, ya itkin düşüb

2014-cü ildən bəri

İnsanlar dünyanın müxtəlif yerlərindən müharibədən, aclıqdan, işsizlikdən qaçdıqca qlobal miqrasiya rekord səviyyəyə çatır. 2017-ci ildə dünyada 258 milyon beynəlxalq miqrant olub. BMT bunun əsrin əvvəlindən 49 faiz çox olduğunu bildirir.
 
Amma bu kütləvi miqrasiyanın itkiləri də az deyil. On minlərlə adam səyahət zamanı ya həlak olurlar, ya da yoxa çıxırlar. Çoxları dənizdə batır, bəziləri səhralarda ölür, ya da insan qaçaqçılarının əlinə keçir. Dünyanın müxtəlif yerlərində isə məzarlıqlarda dəfn olunan kimsəsizlərin sayı az deyil.
 
“Associated Press” agentliyi 2014-cü ildən bəri azı 56 min 800 miqrantın ya öldüyünü, ya da itkin düşdüyünü hesablayıb. BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı indiyədək bir dəfə belə hesablama aparıb, oktyabrın 1-dək 28 min 500-dən çox miqrantın öldüyünü, yaxud itkin düşdüyünü üzə çıxarıb. AP-nin hesablaması isə bundan 2 dəfə çoxdur.
 
TAPILMAYAN CƏSƏDLƏR VAR
 
Agentlik digər beynəlxalq qrupların informasiyasını toplayıb, ekspertiza, itkinlər, ölənlərlə bağlı sənədlərini istəyib, miqrantlarla minlərlə müsahibə aparıb.
 
 “AP-nin hesabladığı da azdır. Miqrantların cəsədləri səhra qumluqlarında, dənizin dibində qalır. Ailələr də çox vaxt yaxınlarının itkin düşməsi barədə məlumat vermirlər, çünki onların elədiyi qanunsuzdur, ya da evdən gedəndə konkret haraya yol aldıqlarını söyləməyiblər”, – agentlik yazır.
 
Agentlik Avropada olan, ya da bu qitəyə üz tutmuş 4 min 900-dək adamın yoxa çıxdığını aşkarlayıb. Onların içində 2 min 700 uşaq var, ailələri Qırmızı Xaça məlumat veriblər.
 
Hazırda həm Avropada, həm də Birləşmiş Ştatlarda siyasi cərəyan miqrantlara qarşı yönəlir. ABŞ hökuməti Mərkəzi Amerikadan gələn miqrant karvanını qarşılamağa hərbçilər göndərir. Agentlik miqrantlarla bağlı layihələrə ayrılan pulun da azaldığını yazır.
 
“Məsələn, 2015-ci ilin aprelində İtaliya sahillərində gəmi qəzasında 800-dən çox adam həlak oldu. Bu, Avropanın miqrantlarla bağlı ən ağır dəniz faciəsi idi. O zaman İtaliya müstəntiqləri onların kimliyini müəyyənləşdirib ailələrinə təhvil verəcəkləridni dedilər. Hadisədən üç ildən çox keçir, amma yeni populist hökumət bu işə ayrılan maliyyəni kəsir”, – agentlik yazır. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru