850 min Nigeriyalı evindən oldu

Nigeriyanın şimal-şərqində Boko Haram terror şəbəkəsinin zülmündən qaçmaq üçün evlərini tərk edənlərin sayı 850 mini keçdi.
 
Maide.az xəbər verir ki, Milli Təcili Vəziyyət Rəhbərliyi Agentliyi (NEMA) koordinatorlarından Abdülsəlam Məhəmməd Laqosda keçirdiyi mətbuat konfransında, "evlərindən olanların bir qismi düşərgələrə, bir qismi də qonşu kəndlərə pənah apardığı üçün tam saylarını bilmək çətindir. Buna görə də, qəti bir rəqəm vermək hardasa qeyri-mümkündür. 31 düşərgədə 850 mindən çox insan var. Bu düşərgələrdən 20-si şimal-şərq əyalətlərində yer alır. Evlərindən didərgin edilən şəxslərin tam sayını müəyyənləşdirmək üçün işlərimiz davam edir", - deyib.
 
Məhəmməd, "Kano, Kaduna, Abuja, Plateau və Nasarava əyalətlərinə qaçanları yaradılan düşərgələrdə toplayırıq. Beləliklə, həm saylarını, həm də ehtiyacları müəyyən edəcəyik", - söyləyib.
 
Boko Haram təşkilatının fəaliyyət göstərdiyi şimal-şərq əyalətlərindən Bornonun valisi Kaşim Şettima keçən həftə verdiyi bəyanatda 1 milyondan çox insanın evlərindən olduğunu bildirmişdi.
 
Adı yerli dildə "Qərbin təhsil sistemi qadağandır" mənasını verən Boko Haram, 2009-cu ildə lideri Məhəmməd Yusifin həbsxanada ölməsindən sonra başladığı kütləvi zorakılıq aksiyalarında indiyə qədər 13 min insan öldürülüb.
 
Təxminən 160 milyon əhalisi olan Nigeriyanın şimalında fəaliyyət göstərən Boko Haram, ötən ay bəzi şəhərləri nəzarəti altına almış və həmin rayonlarda "xilafət" elan etmişdi.

Google+ WhatsApp ok.ru