87 min myanmarlı müsəlman evlərini tərk etməyə məcbur olub

87 min myanmarlı müsəlman evlərini tərk etməyə məcbur olub

BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə Ofisinin məlumatına görə, son bir neçə ayda 87 min rohingiyalı müsəlman Myanmar ordusu və təhlükəsizlik qüvvələrinin zülmündən evlərini tərk etmək məcburiyyətində qalıb. 
 
Maide.Az xəbər verir ki, BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə Ofisinin həftəlik hesabatında bildirilir ki, Myanmarda müsəlmanlar əleyhinə son bir neçə ayda başlanan zorakılıq hadisələrdən sonra indiyədək ən azından 21 min myanmarlı müsəlman ölkə daxilində öz evindən didərgin düşüb və 66 min nəfər isə Banqladeşə qaçmaq məcburiyyətində qalıb. 
 
Myanmarın şimal əyalətlərində BMT-nin humanitar yardım qərargahları yerləşdirilib və evlərindən didərgin düşmüş müsəlmanlara kömək edilir, lakin Myanmar dövləti hələ də beynəlxalq qurumların məsul şəxslərin bəzi bölgələrə girişinə icazə vermir.
 
Myanmar dövləti 1982-ci ildə qərara aldığı qanunda Arakan əyalətinin müsəlmanlarını vətəndaşlıqdan çıxarmışdır. BMT-nin son illərdə verdiyi hesabata görə, Arakan regionunda müsəlmanlar əleyhinə zoraklıq hallarının çoxalması 130 min myanmarlı müsəlmanın öz evindən didərgin düşməsinə səbəb olmuşdur.
 
Qeyd edək ki, 2012-ci ildən başlayaraq Myanmar müsəlmanları buddistlərin hücumlarına məruz qalıb və indiyədək çox sayda müsəlman qətliam edilib, yüzlərlə ev və iş yerləri məhv edilib və minlərlə insan didərgin düşüb. (iqna)

Google+ WhatsApp ok.ru