90 itki, məsuliyyətə alınan yox-iddia

90 itki, məsuliyyətə alınan yox-iddia

 
"Yeni Sabah.az"da "Beş ildə 90 neftçi həlak olub- "Heç kim məsuliyyətə cəlb olunmayıb" sərlövhəli məqalə diqqəti cəlb edir.
 
Müəllif neftçilərin hüquqlarının müdafiə sahəsində vəziyyəti Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin (NHMK) sədri Mirvari Qəhrəmanlı ilə gündəmin müzakirəsinə daşıyır.
 
"Son beş ildə (2014-2018-ci illər) ölkənin neft sənayesində işəgötürənin təqsiri üzündən 90 nəfər işçi həlak olub. Bunun da 90%-i SOCAR-ın işçiləridir". NHMK sədri Mirvari Qəhrəmanlı bunu "Yeni Sabah"a bildirib.
 
M.Qəhrəmanlı iddia edir ki, bu beş ildə istehsalatda baş verən bədbəxt hadisələrə görə bir nəfər də olsun işəgötürən və ya digər vəzifəli şəxs məsuliyyətə (maddi, intizam, inzibati, cinayət) cəlb olunmayıb: "Hətta, əksinə, daha çox bədbəxt hadisə baş vermiş müəssisə rəhbərlərinin vəzifədə irəli çəkilmə faktı da müşahidə olunur. Məhz buna görə də istehsalatda ölüm hadisələri davam edir, insan isə "inventar" deyil ki, hansısa protokolla onu "spisat" edəsən".
 
M. Qəhrəmanlı xatırladır ki, bu il iyulun 15-də "Günəşli" yatağı ərazisində yerləşən 14 saylı DDÖ-dəki 261 saylı quyuya kimyəvi məhlul vurarkən (kimyəvi məhlulun tərkibində sulfat turşusu var) insan sağlamlığı üçün təhlükəli məhlul, quyuların kimyəvi operatoru Seymur Vəlixanovun üzünə tökülüb və nəticədə S.Vəlixanov həlak olub: "Seymurun 4 yaşlı övladı var. O, sağlam idi, Belə ki, bu ilin aprelində tibbi müayinədən keçmişdi. Hadisədən sonra SOCAR-ın verdiyi ilkin məlumatda, S.Vəlixanovun üzünə kimyəvi məhlul sıçradığı və o, hamamda əl- üzünü yuyarkən yıxılıb beyinə qan sızması nəticəsində öldüyünü, bir müddətdən sonra iş yoldaşları tərəfindən tapıldığını qeyd edilmişdi".
 
Komitə sədri iddia edir ki, həmin saatlarda hamam bağlı olur və iş vaxtı üzünə məhlul dağılmış S.Vəlixanovun hamama getməsi haqda ilkin məlumat həqiqəti əks etdirmir.
 
M.Qəhrəmanlı deyir ki, bu hadisədən sonra bu il iyulun 17-də "Azneft" İB-də iclas keçirilib, hadisə ilə bağlı yükqaldırma əməliyyatlarının təhlükəsiz həyata keçirilməsi, kimyəvi maddələrin təhlükəsiz idarə olunması, işçilərin fərdi mühafizə vasitəsilə təminatı və s. məsələlərə toxunulub.
 
Komitə sədri insan ölümü olmasına baxmayaraq, heç kəsin məsuliyyətə alınmamasına laqeyd münasibət barədə deyir: "Çıxışlardan sonra 7 bənddən ibarət qərar qəbul olundu, kimsənin xətrinə dəymədilər. İclasdan sonra kimi Əmək Müfəttişliyi ilə ortaq məxrəcə gəlməyə, kimi protokol tərtib etməyə, kimi papkaya tikməyə, kimi də ki iz aktının tərtibinə "diqqət" yetirməyə getdi...".
 

Google+ WhatsApp ok.ru