“Nəticəyönümlü”- nəticə axtarışında olan təhsilimiz

Təhsil müəssisələrimiz hazırlıq kurslarının yedək qurumuna çevrilib

Mövcud kurikulumlara əsasən təhsilimiz nəticəyönümlüdür. Elə, Təhsil haqqında Qanununun 1.0.43. maddəsinə əsasən də  “Təhsil – sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi” kimi müəyyənləşdirilib. Elə isə, nəticəsi olmayan hansı təhsildən danışırıq. Təhsilimizin hazırkı durumunun bircə adı var: Hazırlıq kurslarının ümidinə qalan təhsilimiz. “Çox acınacaqlı haldır ki, Azərbaycanda  9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramlarını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkarlanıb”. Əgər bu sözləri kimsə sıradan biri deyil, Dövlət qurumu olan bir Komitənin sədri deyirsə, onda təhsilimizin durumu ilə bağlı vəziyyəti təsəvvür etmək o qədər də çətin deyil.
 
Bəzən, adam televizoru açmağına da peşman olur. Kiçik yaşlı bir uşaq, sanki lal-karları başa salan kimi barmaq hərəkətləri ilə hansısa hesablamalar aparır və hansısa nəticə əldə edir. Daha sonra digər başqa bir uşaq, həmin əməliyyatı başqa riyazi rəqəmlər əsasında təkrarlayır. Prosesi son dərəcə diqqət və səbirsizliklə müşahidə edən şou əhli nümayəndələrindən olan hansısa bir müğənni xanım, sanki öz “təəccüb” və “heyrətini” gizləyə bilmir və bütün ekran qarşısındakı izləyicilərə də öz övladlarını bu kurslara gətirmələrini tövsiyə edir. 
 
Bəli, nə qədər cılız və qəribə görünsə belə, sən demə uşaqlarımızın yaddaş, qavrayış, məntiqi təfəkkür və bu kimi idrak fəaliyyətini və zehni düşüncəsini inkişaf etdirmək üçün,  “Mental Aritmetik” dərsləri keçmək və ya  türk arkadaşlarımız demiş, Zinco Meqa balıq yağı kullanmaq kifayət imiş. Hər halda, inansaq da, inanmasaq da qəbul etmək zorundayıq ki, övladlarımızın təhsili, zehni və fiziki inkişafı naminə bu qəbildən olan kurs və digər əlaqədar reklamların təsirinə düşmək, bunlara inam və ümid bəsləmək, artıq həyatımızın qaçılmaz reallığına çevrilib.
 
Əlbəttə, söhbət heç də belə kursların olub-olmamasından, çoxluğu və ya azlığından, onların geniş və bayağı reklam kompaniyasından getmir. Bizimkilər demiş, “varlığa nə darlıq”. 
Rusların da tərcüməsi dilimizdə təxminən “yağın şorbaya nə ziyanı” anlamına gələn  “maslo kaşu ne portit”məsəli nəzərə alınsa, bəlkə də bu məsələ hardasa mübahisə predmeti ola bilməz. Amma, di gəl, elə məsələlər var ki, hər hansı bir sağlam mübahisə, ilk baxışda kiçik və adi görünən  məqamların üzərinə işıq salınması, sonradan bu məqamların heç də düşündüyümüz qədər də kiçik və adi olmaması barədə əks fikir yarada bilər. 
Çoxlarımıza bəllidir ki, müəyyən hazırlıq tələb edən situasiyalarla bağlı müxtəlif profilli kurslar əvvəllər də olub. Deyək ki, 80-ci illərdə 7 yaşdan 6 yaşa keçidlə əlaqədar 6 yaşlıların məktəbə psixoloji cəhətdən hazırlığını təmin etmək üçün, elə məktəblərin nəzdində hazırlıq qrupları təşkil olunmuşdu. Kompüterlərin məişətimizə daxil olduğu ilk illərdə, yeni elektron texnologiyalara yiyələnmək üçün, idarə və təşkilatların əlaqədar işçiləri kompüter kurslarına cəlb olunurdu. Müəllimlər 5 ildən bir ixtisasartırma kurslarında öz peşə ixtisaslarını təkmilləşdirirdilər və s.
Lakin, bu kurslar kommersiya xarakteri daşıyıb, biznes alətinə çevrilməmişdi, təmənna məqsədi güdməyib, sırf  funksional vəzifələri həyata keçirirdilər.
 
Maraqlı görünə bilər ki, bir vaxtlar texnikum adlanan orta - ixtisas məktəbini bitirənlər, sonradan imperiya adlandıracağımız, dünyaya meydan oxuyan qüdrətli bir dövlətin ən ali rəhbərlikedici və istiqamətverici “Politbüro” deyilən Siyasi Bürosunda təmsil olunar, nəhəng bir dövlətin ictimai-siyasi, sosial-iqtisadi  kursunu müəyyənləşdirərdilər. “Fezo” adlanan texniki-peşə məktəblərinin məzunları bir müddət sonra böyük zavod və fabriklərə rəhbərlik edərdilər. Bu və buna bənzər digər faktlar mübaliğəsiz deməyə əsas verir ki, o dövrlərin orta ixtisas və texniki-peşə məktəbləri belə, yüksək ixtisaslı və təcrübəli kadrlar yetişdirə bilirdi. Hətta, o zaman Amerikanın ən nüfuzlu nəşrlərindən olan “Vaşinqton Post”qazeti, “Rus İvan bildiyini amerikalı Con bilmir” başlıqlı geniş məqalə də dərc etdirmişdi. Həmin yazının rus dilində tərcümə variantını mərkəzi “Pravda” qəzeti də vermişdi. 
 
Elə, o dövrün nümayəndələri olaraq, bizlərin də ən yüksək səviyyədə bilik və bacarıqlara yiyələnmək sarıdan problemimiz olmayıb. Heç bir maneə ilə üzləşmədən uşaq bağçasına gedib, şən və qayğısız  uşaqlıq həyatı yaşamışıq. Məktəbəqədər hazırlıq keçmədən birinci sinfə qədəm qoyub, əlimizdən tutub hərfləri yazmağı öyrədən müəllimlərimizin ağır və gərgin zəhməti hesabına yazı-pozu vərdişlərinə yiyələnmişik. Repetitor-filan bilmədən orta məktəbdə əldə etdiyimiz dərin və möhkəm biliklər sayəsində ali məktəbə daxil olmuşuq. Heç bir təlim, treninq, əlavə hazırlıq kurslarına ehtiyac duymadan Akademiya bitirmişik. İşə qəbul olunarkən bizi müsabiqəyə, müsahibəyə, imtahana çəkməyiblər, qarşımıza əlavə öhdəliklər və digər şərtlər qoymayıblar.
 
İndi, bakalavriat və magistraturaya böldüyümüz ali təhsilin ikinci pilləsini bitirənlərin belə işə düzəlməsi müşkülə çevrilib. Özünə hər hansı bir münasib iş tapmaq üçün, CV deyilən anketini min bir təşkilata göndərməlisən. İşdir, sənə hansısa bir iş təklifi gəlsə, yenidən hansısa əlavə kursları bitirməyin, təcrübə toplamaq məqsədilə sınaq mərhələsini keçməyin, müsabiqə və imtahanlarda iştirak etməyin tələb olunacaq. Təkcə bu deyil. Birinci sinfə qədəm qoymaq üçün məktəbəqədər hazırlıq mərhələsini keçməlisən, yazmağı, oxumağı, şer söyləməyi bacarmalısan.  Hətta, adi uşaq bağçasına belə, erkən yaş dövründən uşağın intellektual, fiziki və psixi inkişafı ilə əlaqədar valideyn qarşısında müəyyən şərtlər qoymadan qəbul etmirlər. Məni qınamayın, belə getsə, bir müddət sonra uşaqlarımızın hazırlığını ana bətnində kompüter vasitəsi ilə yoxlayıb, daha sonra onların dünyaya gəlməsinə razılıq verəcəyik.  
 
Əgər “Kaspi”, “Araz”, “Zəfər”, “Zirvə”,”Tərəqqi”,“Hədəf”, “Meridian”, “Memory”və bu kimi digər bildiyimiz və bilmədiyimiz, saysız-hesabsız hazırlıq kursları ən tanınmış belə  təhsil müəssisələrimizdən ictimaiyyətə daha çox tanışdır və daha böyük nüfuza malikdir desəm yəqin ki, buna təəccüblənən o qədər də çox olmaz. Bu adı sadalanan və sadalanmayan kurslar məktəbəqədər hazırlıqdan tutmuş, dil, kompüter, abituriyent, magistr da daxil olmaqla, müəllimlərin işə qəbul olunmasına qədər bütün hazırlıq fəaliyyəti ilə bağlı məsələlərlə məşğuldurlar. Niyə? Çünki övladlarımızın təhsilini, təlim və tərbiyəsini etibar etdiyimiz təhsil müəssisələri etibarı doğrultmaq, öz vəzifə borclarının tələb olunacaq səviyyədə yerinə yetirmək iqtidarında deyillər.
 
Nə baş verir? Bəlkə, birdən-birə dəb xətrinə qərb təhsilinə sıçrayış etməklə tələskənliyə yol vermişik? Onun prinsip və metodlarını hələ tam mənimsəməmişik, məqsəd və vəzifələrinə düzgün əməl etmirik? Bəlkə, mənəviyyatı bir kənara qoyub, maddiyyata olan ifrat maraqlarımız təhsilimizin öz axarı ilə getməsinə, məcrasına yönəlməsinə imkan vermir? Bəlkə, korporativ maraqlarımız təhsil qanunvericiliyimizi üstələyir? Bəlkə, elə bunun da günahı, bütün günahları üstünə yıxmağa alışdığımız zəmanədədir? 
 
Zəmanəni günahkar hesab edəcəyiksə, elə bizə məlum olan bütün zamanlarda təhsilin məqsədi dəyişilməz qalaraq sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin etmək, təhsil alanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq olub. Onda elə çıxır ki, kadrlara təlabat azalmasına rəğmən tələblər artıb. Əgər yüksək ixtisaslı, bacarıqlı, təcrübəli, hərtərəfli hazırlığa malik kadrlara ehtiyac zamanın tələbidirsə, onda bu artan tələblər məhz bu xüsusiyyətləri aşılamalı, müasir terminologiya ilə desək standartlara cavab verə biləcək yüksək kadr hazırlığını həyata keçirməyə qanunvericiliyə əsasən bilavasitə borclu olan müvafiq təhsil müəssisələrinə niyə şamil edilmir? 
 
Əgər, Təhsil haqqında Qanuna əsasən, ibtidai təhsilin məqsədi təhsil alanlara oxumaq, yazmaq və hesablamaq bacarıqları aşılamaq, onlarda insan, cəmiyyət, təbiət  haqqında ilkin həyati biliklər formalaşdırmaqdırsa və bu kimi ilkin bacarıqlar və biliklər məktəbəqədər hazırlıq qrup və ya kurslarında artıq qabaqcadan formalaşdırılırsa, onda təkrarən birinci sinifdə əlavə vaxt itkisinə nə ehtiyac ola bilər?  Əgər, tam orta təhsil səviyyəsində təhsil alanların istedad və qabiliyyətlərinin reallaşması, müstəqil həyata və peşə seçiminə hazırlanması və s. təmin olunursa, bu səviyyədə təhsil alanların biliyinin qiymətləndirilməsinin dövlət attestasiyası keçirilirsə, attestasiyanın nəticələrinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd-attestat verilirsə, bu halda onların əlavə və yardımçı hazırlığa ehtiyac zərurəti haradan meydana gəlir?  
 
Bakalavriat təhsil səviyyəsində ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanırsa, bakalavriat təhsili başa çatmış ali təhsildirsə, bakalavriatı bitirən məzunlara bakalavr ali peşə ixtisas dərəcəsi verilirsə, bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər fəaliyyət sahələrini əhatə edirsə, nədən maqistratura pilləsini dəbə mindirib, bakalavrlara qıyqacı-qıyqacı baxırıq, maqistratura bitirənlərə, əlavə hazırlıq kurslardan  sertifikat alanlara üstünlük veririk, ali peşə-ixtisas dərəcəsi ilə ali elmi-ixtisas dərəcəsinin fərqinə varmırıq? Məgər, məqsədimiz təkcə alim ordusu yetişdirməkdir, yoxsa bütün iş yerlərimizdə elmi-tədqiqat və elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq tələb olunur?
 
Məlum olduğu kimi, “Təhsil haqqında”, eləcə də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunlarının ”Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası“nın müvafiq müddəalarına uyğun olaraq insan resursları sahəsində təhsil sisteminin başlıca vəzifəsi, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktik biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaqdır. Belə çıxır ki, təhsil müəssisələrimiz yarımçıq nəzəri biliklərdən savayı, praktik vərdişlər aşılamaq imkanlarına malik olmayıb, öz yetirmələrində asılılıq yaradaraq onların əlavə kurslarla baş-başa qalmasına şərait yaradırlar. Buna dilimizdə bir güllə ilə iki quş vurmaq deyirlər.
 
Təhsilə dair müvafiq qanun və qaydalar qəbul edirik, sonradan bunların işlək mexanizminin olmamasından gileylənirik. Yəni, bu mexanizmləri işlək vəziyyətə gətirmək bu qədərmi çətindir, bu işdə bizə mane olan nədir? Qanunlarımızı bir çox halda görüntü yaratmaq vasitəsinə çevirərək, qanunun aliliyinə istinad etməkdən niyə çəkinirik? Təhsil haqqında “Qanun”a  “Keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi” barədə xüsusi maddə ( 42) salındığı halda, təhsil müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsil alanların keyfiyyətsiz hazırlığı müəyyən edilərkən, kimi cəzalandırmışıq, hansı müvafiq icra orqanı tərəfindən vurulmuş zərərin ödənilməsi barədə məhkəmə iddiası qaldırıb ? Suallar çoxdur, suallara cavab vermək səlahiyyəti olub, bunları cavablandırmaq istəyində olanlar isə az .
 
Nadir İsrafilov, təhsil eksperti

Google+ WhatsApp ok.ru