“Hərbi xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilir

Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib.
 
Parlamentdən APA – ya verilən məlumata görə, iclasda “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər müzakirəyə çıxarılıb.
Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov sənəd barədə deputatlara məlumat verərək bildirib ki, Əsasnamənin 154-cü maddəsinə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər” məzmunda hissənin əlavə edilməsi təklif olunur. Bundan başqa, həmin maddənin dördüncü hissəsindən “həmçinin xarici ölkələrə getmək” sözləri çıxarılır. Qeyd edilib ki, dəyişikliklər sənədin Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması məqsədi ilə aparılıb.
Müzakirələr zamanı komitə üzvləri qanun layihəsi barədə fikirlərini səsləndiriblər və Milli Məclisin plenar iclasına təqdim edilməsini qərara alıblar.

Google+ WhatsApp ok.ru