“The Washington Times”: ABŞ Azərbaycandan yan keçərək Ukraynanı dəstəkləyir

Amerikanın nüfuzlu “The Washington Times” qəzetində “ABŞ postsovet məkanındakı separatçı münaqişələrə münasibətdə ardıcıl olmalıdır” başlıqlı məqalə dərc edilib. 
 
Məqalənin müəllifinin sözlərinə görə, ABŞ Ukraynanın ərazi bütövlüyünü şövqlə müdafiə etdiyi halda, nədənsə bunun labüd olmasına baxmayaraq eyni münasibəti Qafqazdakı müttəfiqi Azərbaycana göstərmir.
 
“Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini pozaraq Dağlıq Qarabağ və ətraf yeddi rayonda işğal və etnik təmizləmə ilə məşğuldur. Dağlıq Qarabağ və digər rayonlar tarixən Azərbaycan ərazisidir və beynəlxalq ictimaiyyət tərəfindən belə qəbul edilib”, - məqalədə deyilir.
 
Daha sonra materialda qeyd edilir ki, beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişə BMT-nin qətnamələrinə uyğun həll edilməlidir. 
 
Məqalədə, əgər beynəlxalq ictimaiyyət Ermənistan və Azərbaycan arasındakı, eləcə də Gürcüstandakı münaqişələrə daha ardıcıl münasibət bəsləsəydi, Ukraynadakı faciəvi hadisələrdən qaçmağın mümkün olması fikri də ifadə edilir. (oxu.az) 

Google+ WhatsApp ok.ru