“Bakıda parıltının arxasındakı səfalət...”

Alman qəzeti Avropa Oyunlarına 8 milyard xərcləmiş Azərbaycanda vətəndaşların ağır həyat şəraitindən yazır

İspaniya mediasında Bakıda keçirilən Avropa Oyunları «diktaturanın təbliğatı» adlandırılıb
 
«Frankfurter Allgemeine»: «Əliyev bir ildə öz xalqına verdiyi pensiya və maaşın ikiqatını Avropa Oyunlarına xərcləyib»
 
Hazırda Bakıda olan əcnəbi jurnalistlər təkcə Avropa Oyunlarını izləməklə kifayətlənmirlər. Ölkədəki gerçək durum barədə dolğun məlumat əldə etmək məqsədilə araşdırma aparmaq üçün paytaxtın mərkəzindən kənara səfərlər edir, əhali ilə söhbətləşirlər. Məsələn, Almaniyanın “Frankfurter Allgemeine” qəzetinin əməkdaşı Kristof Bekker şəhər ətrafı ərazilərə gedərək, müşahidələri əsasında geniş həcmli məqalə hazırlayıb. Məqalənin tərcüməsini ixtisarla təqdim edirik:
 
Parıltının arxasındakı səfalət...
 
Parıltılı Bakıya minlərlə idmançı dəvət olunub - avtokratiya obrazının nümayişi oyunlarına. Avropa Oyunlarının təkcə açılış mərasiminə 100 milyon manat vəsait xərclənib.
Açılış mərasimindən üç gün sonra parıltılı Heydər Əliyev prospektindən kənar bir yerə getdik. Orada bir neçə kimi çirkab içində qazıntı işləri aparırdı. Həmin ərazi neft çıxarılan sahə idi. Taksi sürücüsü bizi müşayiət edən yerli adama irad tutaraq dedi: “Niyə bunlara şəhərin yaxşı yerlərini yox, pis yerlərini göstərirsən?” Həmin adam da bildirdi ki, o ərazidə onun yaxın qohumu yaşayır və onlara baş çəkməliyik. O, yalan danışırdı...
Az sonra ətrafda üç köhnə avtobus gördük. Hər yer zibillik idi - pivə, su butılkaları, yuyucu vasitələrin qabları, köhnə ayaqqabılar, əlcəklər, sellofanlar...
Ətrafdakı bəzi yerlərdə neft axırdı. Pis qoxu orakı bürümüşdü. Bundan təxminən 200 metr aralıda yerləşən evlərin qarşısında dörd uşaq futbol oynayırdı.
Kasıb insanlar oradakı zibillikdə nə isə axtarmaqla məşğul idilər. Biz orada çox dayana bilməzdik. Çünki orada olduğumuzu bilsəydilər, bizim üçün problem yaradıla bilərdi.
Idmançıların qaldığı ərazidə hər tərəf parlaqdır, müasirdir. Bir qədər kənarda isə köhnə, yarımçıq, çirkli tikililər görmək mümkündür.
Sabunçu rayonunun Ramanı qəsəbəsi böyük və çirkli bir yerdir. Bu görüntünün qarşısını almaq üçün yolun kənarına böyük hasarlar çəkilib. Bu çirkli yerlərə heç bir idmançı gəlməz. Halbuki, həmin ərazi idmançıların qaldığı Atletlər kəndindən cəmi 8 kilometr aralıdadır.
Hava limanından çıxıb şəhərin mərkəzinə doğru gələrkən yolların kənarında brend avtomobillərin (Lexus, BMW, Mercedes, Porsche, Ferrari, Bentley, Lamborghini və s.) salonlarını görmək olur. Bakı heç vaxt Avropa Oyunları günlərində olduğu qədər parıltılı olmayıb.
Olimpiadaya “ev sahibliyi” etməyə iki dəfə uğursuz cəhddən sonra Bakı birinci Avropa Oyunlarını keçirmək imkanı qazandı. Bu turnirdə idmanın 20 növü üzrə yarış keçirilir. Avropa Oyunlarında iştirak edən bütün oyunçuların səfər və burada yaşayış xərclərini Ilham Əliyev hökuməti öz üzərinə götürüb. Bakıdan sonra növbəti dəfə Avropa Oyunlarını keçirmək üçün hələ ki, namizəd ölkə yoxdur.
“Avropa Oyunlarına xərclənən hər manat vətəndaşlarımızın yaşayışının yaxşılaşdırılmasına sərf oluna bilərdi”, - deyə 2013-cü ilin prezident seçkilərində Ilham Əliyevin rəqibi olmuş Cəmil Həsənli bildirir.
Ötən həftə gənclər və idman naziri Azad Rəhimov fəxrlə bildirdi ki, Avropa Oyunlarının açılış mərasiminə 100 milyon vəsait xərclənib. Mərasimdə Ledi Qaqanın sürpriz ifası da bu xərclərin tərkib hissəsi idi. Cəmil Həsənli deyir ki, Əliyev hökuməti Avropa Oyunlarına təxminən 8 milyard vəsait xərcləyib.
Azərbaycanın dövlət büdcəsi 19 milyard manatdır. Bunun 4 milyardı büdcə təşkilatlarında çalışanların əməkhaqqısı,na, pensiyalara sərf olunur. “Əliyev bir ildə öz xalqına verdiyi pensiya və maaşın ikiqatını Avropa Oyunlarına xərcləyib. Bizim müəllimlərimiz, həkimlərin ayda cəmi 150-200 manat maaş alır. Varlılar müalicə üçün Avropaya gedir”, - deyə Cəmil Həsənli qeyd edib.
Cəmil Həsənli tarixçi professordur. Onun əsərləri Harvardda dərc olunub. Bu yaxınlarda Böyük Vətən Müharibəsində Azərbaycan diplomatiyasının tarixinə dair kitabı çapdan çıxıb. Hazırda onu narahat edən bir sıra başqa məsələlər də var. Məhkəmə prezidentin sifarişilə onun qızını həbsxanaya salmağa çalışır: “Mənim qızım evimizin yanında avtomobil qəzası törədib. Xoşbəxtlikdən maşına toxunan qadına heç nə olmayıb. Qızım dərhal qadını xəstəxanaya aparıb. Orada deyilib ki, heç nə yoxdur. Qadın özü də şikayətçi olmayıb. Amma polis qadının evinə gedərək onu hədələyib, deyib ki, yox, sən xəsarət almısan, şikayətçi olmalısan”.
Cəmil Həsənli 2013-cü ildə prezidentliyə namizəd olarkən teledebatlarda jurnalist Xədicə Ismayılovanın araşdırmalarına əsaslanaraq, Ilham Əliyevin korrupsiyası barədə məlumatları televiziyadan açıqlayıb. Bildirib ki, Əliyevlər 48 milyard dolları ölkədən çıxararaq, offşor ərazilərdəki hesablara yerləşdirib.
Mərkəzi Seçki Komissiyası Əliyevin 72 faiz səslə qalib olduğu barədə nəticəni hələ heç səsvermə başlamamış - seçkidən bir gün əvvəl yaymışdı.
Əliyev rejiminə qarşı çıxdığına görə hazırda 80-dən artıq adam dəmir barmaqlıqlar arxasındadır. Xədicə Ismayılova, Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus, Intiqam Əliyev, Rəsul Cəfərov da həmin siyasi məhbusların arasındadır.
Azərbaycanda Heydər Əliyevin böyük kultu yaradılıb. Hər yerdə onun adı görünür: mərkəzlər, prospektlər, hava limanı, heykəllər...
“Azərbaycan Şimali Koreyaya doğru gedir”, - deyə Cəmil Həsənli qeyd edir.
 
Avropa Oyunları - diktaturanın təbliğatı
 
Ispaniya mediası da Bakıda keçirilən Avropa Oyunları fonunda Azərbaycandakı vəziyyətə diqqət yetirib. Ispaniyanın ən məşhur qəzetlərindən olan “El Mundo” yazır ki, bir sıra beynəlxalq təşkilatlar Avropa Oyunlarını “diktaturanın təbliğatı” adlandırır. Çünki bu turnir əslində, Əliyev rejiminin özünü beynəlxalq ictimaiyyətə nümayiş etdirməsinə hesablanıb. “El Mundo” yazır:
“Avropa Olimpiya Komitəsinin prezidenti 2012-ci ildə ”Avropa Oyunları" adı altında qitə turniri təsis etmək qərarına gəldi. Bu məsələdə Ispaniya Olimpiya Komitəsi də ona aktiv dəstək verdi. Sanki Avropa bununla 1951-ci ildən özünün qitə oyunları turniri olan Amerika, Asiya ilə bərabərlik yaratmaq istəyirdilər.
Və “ev sahibliyi” uğrunda heç bir rəqibət olmadan birinci Avropa Oyunlarının keçirilməsi Azərbaycana həvalə olundu.
Ikinci Avropa Oyunlarına “ev sahibliyi” etməyi əvvəlcə Niderland öz üzərinə götürsə də, bugünlərdə qərarını dəyişdi və turnirdən imtina elədi.
Beynəlxalq hüquq-müdafiə təşkilatı olan “Amnesty International” kimi qurumlar Bakıda keçirilən Avropa Oyunlarını “diktaturanın təbliğatı” kimi qiymətləndirir.
Çünki hazırda turnirə “ev sahibliyi” edən Azərbaycan xüsusən son vaxtlarda bütün dünyaya nümayiş etdirib ki, bu ölkədə vətəndaş hüquq və azadlıqları məhdudlaşdırılıb. Bu fikirdə olan təşkilatların əsas arqumentlərindən biri də Azərbaycanda son dövrlərdə həyata keçirilən həbslərdir. “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının məlumatına görə, hazırda Azərbaycanda onlarla fəal dəmir barmaqlıqlar arxasındadır, bu ölkədə post-sovet dövründə misli görünməmiş repressiyalar yaşanır. Yeri gəlmişkən, “Human Rights Watch” əməkdaşları və Azərbaycan hökumətini tənqid etmiş daha bir neçə xarici media orqanının jurnalistlərinin Bakıya səfərinə imkan verməyib.
Hazırda ölkənin prezidenti olan Ilham Əliyev 2003-cü ildə atası Heydər Əliyevin dünyasını dəyişməsindən sonra hakimiyyətə gəlib. Atası da öz növbəsində ölkəyə 1993-cü ildən rəhbərlik edirdi.
Turnirdə 50 ölkədən təxminən 6000 idmançı 263 medal uğrunda mübarizə aparır. Avropa Oyunlarının təqvimi Aralıq dənizi oyunları və bir sıra başqa idman turnirlərilə üst-üstə düşüb. Ona görə də bəzi idman növləri üzrə Avropa Oyunlarına üçüncü divizionda çıxış edən oyunçular göndərilib.(Azadlıq)

Google+ WhatsApp ok.ru