ƏN BÖYÜK CİHAD

İmam Əli (ə) buyurmuşdur:

لا فَضيلَةَ كَالْجِهادِ، وَ لا جِهادَ كَمُجاهَدَةِ الْهَوى‏؛

Cihad kimi fəzilət və nəfslə mübarizə kimi cihad yoxdur.

(“Biharul-ənvar”, 75-ci cild, səh. 165.)

 

ŞƏRH VƏ TƏFSİR

İmam Əli (ə) bu hədisdə cihadı bütün fəzilətlərin sərlövhəsi adlandırır. Çünki cihad digər ibadətlərlə müqayisədə olduqca çətindir. Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisi ilə tamamilə uzlaşır: “Əməllərin ən fəzilətlisi onların ən çətindir.” (“Biharul-ənvar”, 67-ci cild, səh. 191.)

Bəli, heç bir əməl Allah yolunda cihad qədər fəzilətli deyil. Cihadın müxtəlif budaqları arasından ən çətini isə nəfslə mübarizədir. Odur ki, Peyğəmbəri-Əkrəm (s) onu “böyük cihad” adlandırmışdır.

Sual: “İnsanın özü ilə mübarizə aparması mümkündürmü? Adətən, mübarizə ikitərəflidir; bir tərəfdə insanı özü, digər tərəfdə isə yad adam durur. Belə olduqda, insanın özü ilə mübarizəsinin mənası nədir?

Cavab: İnsan varlığı müxtəlif yönlərdən ibarətdir; başqa sözlə, insan biryönlü varlıq deyil, əksinə müxtəlif yönlərə malikdir. Elə bu səbəbdən də, onun varlığının bəzi yönləri zidd olduğu bəzi yönləri ilə mübarizəyə qalxır; insanlıq yönü (əql və iman) heyvani yönü (qəzəb və ehtiras) ilə daim mübarizədədir.

Bəli, nəfsin istəkləri heç vaxt yatmayan batini düşməndir, qəlb evində yuva quraraq heç vaxt insandan uzaqlaşmır və həmişə onu vəsvəsə edərək çirkinliklərə çağırır. Yalnız Allahın adı və yadı, eləcə də, nəfsi daimi nəzarətdə saxlamaqla bu təhlükəli və qəddar düşmənə qalib gəlmək olar. Çünki “qəlblər Allahı yad etməklə rahatlıq tapır!” (“Rəd” surəsi, ayə 28.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru