ƏN YAXŞI ƏMƏL

İmam Əli (ə) öz səhabələrinə buyurmuşdur:

انْتَظِرُوا الْفَرَجَ وَ لا تَيْأَسُوا مِنْ رَوْحِ اللَّهِ، فَانَّ احَبَّ الْاعْمالِ الى‏ اللَّهِ عَزَّ وَ جَلَّ انْتِظارُ الْفَرَجِ؛

Fərəcin intizarında olun və Allahın rəhmətindən ümidinizi üzməyin. Çünki Onun dərgahında ən sevimli əməl “fərəc”in intizarını çəkməkdir.

(“Biharul-ənvar”, 10-cu cild, səh. 94.)

 

ŞƏRH VƏ TƏFSİR

Hədisdə qeyd olunan “fərəc” sözündə məqsəd nədir?

Burada iki ehtimal mövcuddur:

1. “Fərəc” sözündə göstərilən “əlif, lam” artikli cins mənasını daşıyır; yəni çətinliklərdə həmişə qurtuluş yoluna ümidvar olun və heç vaxt Allahın rəhmətindən naümid olmayın. Çünki Allahın rəhməti sonsuzdur. Bəla və çətinliklər dünyanın ayrılmaz hissəsidir. Ümmətlər həmişə müxtəlif bəla və müsibətlərə məruz qalır və bəzən də, zülmkar hakimlər insanlara olmazın əzab-əziyyətlərini rəva görürürdülər. Möminlər isə, hətta ən çətin vəziyyətlərdə belə, Allahın rəhmətindən naümid olmurdular. Misal üçün, “Əhzab” döyüşündə müsəlmanlar o qədər çətinlik çəkdilər ki, Quranın ifadəsi ilə desək, gözlər (qorxunun şiddətindən bayılmış adamların gözləri kimi) əyilmiş və ürəklər ağıza gəlmişdi.(“Əhzab” surəsi, ayə 10.) Necə deyərlər, bıçaq sümüyə çatmışdı. Bununla belə, müsəlmanlar çətinliklərin aradan qalxmasına ümid bəsləyir və qurtuluş intizarında idilər. Nəhayət, ümid və intizar nəticə verdi və Allah-Taala külək vasitəsilə kafirləri həlakətə uğratdı.

Demək, cəmiyyət çətinliklər zamanı özünü itirməməli və Haqqın rəhmətindən naümid olmamalıdır. Axı Onun rəhməti hamıya, hətta Onu çağırmayan və tanımayana şamil olduğu halda, necə ola bilər ki, Ona iman gətirənə şamil olmasın?!

2. “Fərəc” sözü geniş məna daşıyır və bütün şiələr və müsəlmanların intizarında olduqları bir xilaskarın zühuru ilə bağlı bir sözdür. Başqa sözlə, bu hədisdə imam Mehdinin (ə) zühuru və qiyamının intizarında olmaq bizə tövsiyə olunur. İkinci ehtimala əsasən, hədisdə qeyd olunan “ən sevimli əməl” ifadəsindən zühurun intizarının namaz, oruc, həcc, cihad, yaxşılığa dəvət və pislikdən çəkindirmək və bir sözlə, bütün əməllərdən yaxşı və üstün olduğu başa düşülür. (Bu məzmun başqa rəvayətlərdə də gözə çarpır. Bəzi rəvayətlərdə zühurun intizarı “ümmətin ən fəzilətli əməli”, bəzi rəvayətlərdə “ibadətlərin ən fəzilətlisi”, bəzi rəvayətlərdə də “mömin şəxsin ən fəzilətli ibadəti” kimi tanıtdırılır. – “Mizanul-hikmət”, fəsil 240.)

Sual: Zühurun intizarı batini bir halət olduğundan, hamı intizar çəkənlər sırasında olmaq üçün dua edə bilər. Elə də çətin görünməyən bu batini halətin ən fəzilətli və sevimli əməl olması, hətta insanın canını təhlükəyə salan və hədsiz çətinliklərlə yanaşı olan cihaddan belə üstün olması necədir? Doğrudan da, zühurun intizarında olan şəxs Allah yolunda canını qurban verən şəxs kimidir?

Cavab: İntizar iki qismə bölünür:

1. Hazırlıqdan uzaq və yalnız dilin hərəkətindən ibarət olan yalan intizar;

2. Fərdi və ictimai hazırlıqla qarışan həqiqi intizar. Bu intizarın müxtəlif dərəcələri var. Eynilə hərbi qüvvələr kimi hazırlıq səsini eşitdikdə, bəzən 50%, bəzən 70%, bəzən də 100% hazır vəziyyətdə olurlar.

İntizarda olanların bəziləri yarımçıq, bəziləri nisbətən tam, bəziləri də tam hazır vəziyyətdədirlər. Görəsən, onların hansı biri “ən sevimli əməl”ə şamil olurlar?

Şübhəsiz, intizar iddiasında olanlar yox, tam hazırlığı olanlar bu böyük məqama nail olurlar. Məgər mümkündürmü ki, əziz bir qonağın intizarında olduğumuz halda, qonaqpərvərliyin ilkin vəsaitini hazırlamamış olaq? Əgər belə bir şəxs intizar iddiası etdiyi halda, heç bir hazırlığı yoxdursa, camaat onun əqlində şəkk edəcək!

Digər tərəfdən də, intizarın müxtəlif növləri var; bir qonağın intizarında olan şəxslə yüz qonağın intizarında olan şəxs və yaxud adi bir şəxsin intizarı ilə yer üzünün ən fəzilətli insanı olan imamın – dünyada ədaləti bərqərar edən böyük xilaskarın intizarı fərqlidir. Əgər zühurun intizarı ilə bağlı müxtəlif növləri araşdırsaq, onun bəşər tarixində ən böyük və əzəmətli olduğunu etiraf edəcəyik!

Burada ən mühüm məsələ isə budur: “Bizim əməllərimiz və rəftarlarımız bu intizardan xəbər verirmi?” Biz imam Zamanın (ə) cahanşümul hökumətində öz mövqeyimizi elə indidən ayırd etməliyik! Görəsən, ön cəbhədə iştirak edən kəslərdən olacağıqmı? Yəni onların cərgəsinə qoşulmaq üçün şücaət, igidlik, agahlıq, pərhizkarlıq, iman və müqavimət səciyyələrinə kifayət qədər sahib olmuşuqmu? Yaxud arxa cəbhədə həqiqi mübarizlərə kömək edənlərdən olacağıq? Yaxud da, nə ön cəbhədə, nə də arxa cəbhədə iştirak edənlərin cərgəsində deyil, əksinə, fürsət qulları kimi, yalnız öz dünyamız və rifahımız haqqında düşünəcək, bəlkə də, o həzrətlə üz-üzə dayanan müxalif qüvvədə olacağıq?!

Beləliklə, həqiqi intizar bir məktəb qurub yarada bilər!

Rza Şükürlü

Google+ WhatsApp ok.ru