İMAN VƏ ƏMƏL – İKİ ƏBƏDİ DOST

İmam Əli (ə) buyurmuşdur:

الْايمانُ وَ الْعَمَلُ اخَوانِ تَوْأمانِ وَ رَفيقانِ لايَفْتَرِقانِ؛

İman və əməl əkiz qardaş və bir-birindən ayrılmayan iki dostdur.

(“Qürərül-hikəm”, 2-ci cild, səh. 136, hədis 2094.)

 

ŞƏRH VƏ TƏFSİR

İslam rəvayətlərində imanla əməlin əlaqəsi ilə bağlı geniş şəkildə söz açılmışdır. Bildiyimiz kimi, İslam göstərişləri, adətən, “üsuli-din” və “fürui-din” adlı iki qismə bölünür; yəni din kök və budaqları olan bir ağaca bənzəyir. “Üsuli-din” (dinin əsasları) suyu və qida məhsullarını yerdən alıb budaqlara çatdıran ağacın kökləridir. Əgər kök quruyarsa, sözsüz ki, budaqlar da quruyacaqdır. “Fürui-din” isə həmin budaqlardan ibarətdir. Aydındır ki, budaqsız ağac da, ağac deyil və davam gətirə bilməz. Din adlı ağacın meyvəsi və səmərəsi mənəvi məqamlar, əxlaq və Allaha yaxınlıqdır. İnsanlıq səciyyələri bu ağacın meyvələridir. Bu üç hissədən ibarət ağac faydalı, onsuz isə təsirsizdir.

Bəlkə də, Qurani-Kərimdə qeyd olunan gözəl bir misal şəklində “üsuli-din” və “fürui-din” məsələsi elə həmin ağacdan alınmışdır.

Əgər düşmənlər keçmişdə bu ağacın budaqlarını qırmaq istəyirdisə, çağdaş dünyamızda bu səmərəli ağacın kökünü nişan almışlar. Qəribədir ki, tam qüdrəti və təchizatı ilə dinlə mübarizə aparır və onların bu mübarizədə ən təhlükəli silahı elə dinin özündən istifadədir! Onlar dinə verdikləri yanlış təfsirlərlə dinin kökünü qırmaq istəyirlər.

Qeyd etdiyimiz hədisdən aydın olur ki, iman və əməl də, insanın həmişə ehtiyac duyduğu bu ağaca bənzəyir ki, bir-birindən ayrıldıqda səmərəsiz olacaqlar. Hədisdə işlənən “təvəman” sözü xüsusi məna daşıyır; yəni iman və əməl heç zaman bir-birindən ayrılmaz. Demək, əməlsiz, mömin adını daşımaq olmaz. Əməlsiz iman şəkk-şübhəyə layiqdir! Bəlkə də, elə bu səbəbdən, Qurani-Kərimdə, adətən, imandan söz düşdükdə, onun ardınca saleh əməldən də söz açılır.

İman və əməlin əlaqəsini bilməyən bir şəxs imam Sadiqin (s) hüzuruna gəlib soruşur: “İman əqidə ilə əməldən ibarətdir, yoxsa, təkcə əqidədən?” İmam (ə) buyurur: “İman (əməlin bir budağı yox,) tamamilə əməlin özüdür.” (“Səfinətül-bihar”, 1-ci cild, səh. 152.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru