“Azərsu”dakı müdhiş korrupsiya ilə bağlı yeni təfərrüatlar

Qorxmaz Hüseynovun müavinləri «texniki şərt əməliyyatı»nı necə həyata keçirib?

“Azərsu” ASC-də “texniki şərt əməliyyatı” ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Xatırladaq ki, “Azərsu”dakı bu korrupsiya mexanizminin üstünü qurumun hüquq departamentinin beynəlxalq layihələrin və daxili sənədlərin hüquqi təminat şöbəsinin rəis müavini Babək Həsənov açıb.
 
Babək Həsənov da bu əməliyyatın fiqurantlarından biri olub. Lakin o, 2014-cü ildə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsinə gedərək cinayət törətdiyini bildirib və “Azərsu”da baş verənləri danışıb. Babək Həsənovun açıqladığı faktlar araşdırıldıqdan sonra o, həbs olunub. Rəis müavininə əvvəlcə Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrilə ittiham irəli sürülüb. 2015-ci ilin aprel ayında isə Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələrilə yeni ittiham elan edilib. Artıq bu cinayət işi ilə bağlı istintaq yekunlaşıb. Hazırda işə Bakı Ağır Cinayətlər Məhməkəsində baxılır.
 
Redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, su və kanalizasiya xətti çəkmək məqsədilə “texniki şərt” almaq üçün vətəndaş əvvəlcə “Azərsu”ya müraciət etməli, daha sonra sənədlər texniki şöbəyə göndərilməli, layihələndirmə işi aparılmalı və bundan sonra rəhbərliyə təqdim olunmalıdır. Rəhbərlik sənədlərə imza atdıqdan sonra “texniki şərt” hazır olmuş sayılır. Bundan sonra vətəndaş dövlət rüsumunu ödəyib, qəbzi təqdim etməklə “texniki şərt”i əldə edə bilər.
 
Lakin “texniki şərt əməliyyatı”nda Babək Həsənov “Azərsu” sədrinin müavini Teyyub Cabbarovla cinayət əlaqəsinə girərək
“texniki şərt” üçün sənədləri ona təqdim edib. Halbuki Babək Həsənovun özünün və işlədiyi qurumun bu məsələlərə heç bir aidiyyatı olmayıb. Teyyub Cabbarovun bu işdə xüsusi marağı olduğuna görə Babək Həsənovun bu məsələlərə aidiyyatı olmadığı nəzərə alınmayıb. Məhz Teyyub Cabbarovun imzası ilə bəzi hallarda heç bir layihələndirmə aparılmadan “texniki şərt”lər verilib. Məsələn, “Halal” MTK, “Konsul” MTK, “Elçin Əziz” MTK, “AEK” MTK və “Birlik” MTK-ya layihələndirmə aparılmadan “texniki şərtlər” verilib. Onlardan alınan dövlət rüsumları isə mənimsənilib. Maraqlıdır ki, bu işdə Babək Həsənovla, “Azərsu”nun başqa bir əməkdaşı -  Xaqani Şəldiyev təqsirləndirilən şəxs kimi tanınıb. Əslində isə bu əməliyyatın iştirakçıları çoxdur. Bu sırada Teyyub Cabbarov, “Azərsu” sədrinin digər müavini Mahir Məmmədov, texniki şöbənin rəhbərliyi və işçiləri, audit şöbəsinin rəhbərliyi və işçilərini göstərmək olar.
 
Bundan başqa məlumatlarda bildirilir ki, “Azərsu”nun Xəyyam adlı işçisi “ANB” MTK, “Kristal Abşeron” MTK, “Səfalı” MTK, “Inam A” MTK, “Bakı Inşaat” MTK, “Şərq” MTK və “Interekonomservis” MTK, “Azərsu”nun sədri Qorxmaz Hüseynovun xalası oğlu Şakir Ismayılov isə “Nuray” MTK, “Tural” MTK “RRR” MTK və “Sahil” MTK üçün “texniki şərt” alınması məqsədilə sənədləri təqdim edib. Bu MTK-lardan alınan pullar mənimsənilib.
 
Məlumatlarda o da deyilir ki, “texniki şərt”lər hazırlanarkən qiymətlər “Azərsu” tərəfindən dəfələrlə şişirdilib. Bildirilir ki, bu işdə qiymətləndirməni Fövqəladə Hallar Nazirliyinin (FHN) tikintiyə nəzarət agentliyi aparır. Lakin onların təqdim etdiyi qiymətlərə sonradan “Azərsu”da “əl gəzdirilib”. Nəticədə, 1000, 2000 manatlıq xərc 15-20 min, bəzi hallarda 30 min manat həddində şişirdilib.
 
Məlumatlara görə, “texniki şərt əməliyyatı” 2012-2014-cü illəri əhatə edir. Bu müddət ərzində qurumda dəfələrlə daxili audit aparılıb. Amma nədənsə dövlət rüsumlarının mənimsənilməsi faktı aşkar olunmayıb. Məlumat üçün deyək ki, cinayət işində mənimsənilən pulların məbləği 380 min manat göstərilib. Bu məbləğ də yalnız Babək Həsənovun üzərinə qoyulub. Bəzi iddialara görə, “texniki şərt əməliyyatı”nda əsas fiqurlardan olan Teyyub Cabbarov bu “əməliyyat”ın hesabına özünə dəbdəbəli villa tikdirib. Babək Həsənovun bu faktları istintaqda açıqlasa da, təəssüf ki, müstəntiq Tural Aslanov “humanistlik” göstərərək “əməliyyat”ın digər iştirakçılarını məsuliyyətdə kənarda qoyub.(Azadlıq)

Google+ WhatsApp ok.ru