“The Washington Post” Azərbaycanı Şimali Koreya ilə eyniləşdirdi

ABŞ-ın nüfuzlu nəşri avtoritar rejimlərin seçki saxtakarlığı haqda yazısında Əliyevin 2013 seçkisini də yada salıb

Azərbaycandakı son prezident seçkisindən iki ilə yaxın vaxt keçir. Amma bu seçkidəki saxtakarlıqlar, xüsusən, Mərkəzi Seçki Komissiyasının səsvermədən bir gün əvvəl nəticələri yayması hələ də beynəlxalq mediada müzakirə predmetidir. “The Washington Post” dünyada diktatura rejimlərinin seçki saxtakarlıqları haqda məqalə hazırlayıb. Məqalədə Azərbaycan hakimiyyətinin seçki saxtakarlığından da bəhs olunur. Məqalənin tərcüməsini təqdim edirik:
“Ötən həftəsonu Şimali Koreyada bələdiyyə seçkiləri gözlənildiyi kimi də keçdi. Şimali Koreyanın Dövlət Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb ki, bazar günü keçirilən səsvermədə seçicilərin 99,97 faizi iştirak edib.
Şimali Koreyada bu cür seçkilər bir neçə ildən bir keçirilir və kimin seçiləcəyi də əvvəlcədən müəyyənləşdirilir.
Səsvermədə iştirak etməmiş 0,03 faiz seçiciyə gəlincə, agentlik iddia edib ki, onlar ya xarici səfərdə, ya da okeanda işdə olanlardır.
Inanılmazdır, totalitar rejimlərin dünyasındakı seçkilərdən danışanda bu son nümunələri yada salın. Bəli, Şimali Koreya, sadəcə, seçki görüntüsü yaradır.
Keçmiş sovet ölkəsi olan Qazaxıstanda bu ilin aprelində elan olundu ki, prezident Nursultan Nazarbayev beşinci dəfə seçkidə qalib gəldi. Iddia olundu ki, o, seçicilərin 98 faizinin səsini alıb. Hökumətin məlumatına görə, seçkidə seçicilərin 95 faizi iştirak edib.
Seçkinin müşahidəsini həyata keçirmiş ATƏT təmsilçiləri səsvermənin ertəsi günü bəyan etdi ki, bu seçki faktiki alternativsiz keçib, insanlara seçim imkanı yaradılmayıb.
Ölkəyə 1989-cu ildən rəhbərlik edən Nazarbayev onu tənqid edənlərə belə cavab verdi: “Əgər bu rəqəmlər super-demokratik dövlətlər üçün qəbulolunmazdırsa, mən üzr istəyirəm. Amma bu məsələdə mənim edə biləcəyim bir şey yox idi. Əgər mən müdaxilə etsəydim, bu, qeyri-demokratik olardı”.
2014-cü ilin mayında - Misirdə hərbi çevriliş nəticəsində bu ölkənin ilk demokratik yolla seçilmiş prezidenti Mursi devrildi və yerinə Əbdül Fətəh əl-Sisi gəldi. Həmin vaxt “Müsəlman qardaşları” seçkini boykot eləmişdilər. Seçkiyə gələnlərin sayı o qədər az idi ki, səsvermə üç gün keçirildi. Seçkiyə gəlməyən vətəndaşlar əsas səbəb kimi, siyasi məyusluqlarını göstərirdilər. Məmurlar isə havanın istiliyini bəhanə gətirirdilər.
Şimali Koreyanın prezidenti Kim Çen İr-ə 100 faiz səs yazılmışdı. Onun gənc varisi Kim Çen In də atasının ölümündən sonra qanunverici orqana eyni faizli səslə rəhbərliyə başlayıb.
Amma belə görünür ki, yaxın tarixdə ən yaddaqalan seçki hadisələrindən biri Azərbaycanda baş verənlərdir. 2013-cü ildə prezident seçkilərindən bir gün əvvəl, hələ səsvermə başlamamış Mərkəzi Seçki Komissiyası nəticələri mobil telefonlara göndərilən mesajlar vasitəsilə yaymışdı. Qeyd olunmuşdu ki, prezident Ilham Əliyev yenidən 72 faiz səslə qalib gəlib. Müxalifət namizədi isə səslərin onda birini toplayaraq, ikinci yeri tutub.
Lakin bir qədər sonra dövlət orqanı məlumat yaydı ki, göndərilən rəqəmlər əvvəlki illərdə keçirilmiş seçkilər zamanı məntəqələrdən birində qeydə alınıb və indi yanlışlıq nəticəsində yayılıb".(Azadlıq)

Google+ WhatsApp ok.ru