Əzablı yollarla - elektrik təchizatına qoşulma

Elektrik enerjisindən istifadəyə qoşulmaq prosedurası qəlizdir və bu səbəbdən rüşvət üçün xeyli münbit şərait var. Təchizata qoşulmaq prosesi uzun və yorucu olduğundan vətəndaşlar daha “rahat”yollara baş vurur.
 
Elektrik təchizatına qoşulma prosedurasının ağırlığı bu sahədə Azərbaycanın beynəlxalq göstəricilərinə də mənfi təsir göstərib.
 
Dünya Bankının hazırladığı “Doing Business”  2015-də 159-cu yer tutur. Bu göstərici 2014-cü illə müqayisədə 2 pillə yaxşıdır.
 
Prezidentin sahibkarlıqla bağlı 3 mart 2014 fərmanı da bu sahədə problemin ciddi olduğunu göstərir. Fərmanda qeyd olunur ki, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedura, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflər hazırlanmalıdır.
 
İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumatda deyilir ki, prezidentin fərmanın icrası ilə bağlı nazirlik Nazirlər Kabinetinin 27 avqust 2013-cü il qərarı ilə təsdiq edilmiş " istehlakçıların elektrik enerjisi alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"nda dəyişiklik edilməsi barədə nazirlər kabinetinin qərar layihəsi hazırlayıb: “Layihədə elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkilinə, prosedur, müddət və xərclərin azaldılması nəzərdə tutulur. Layihə Nazirlər Kabinetinə göndərilib və ona baxılmaqdadır”.
 
Hazırkı qaydalar sifarişçinin enerji qəbuledicilərinin elektrik şəbəkəsinə qoşulması üçün aşağıdakı proseduraları təyin edir:
 
- Sifarişçi tərəfindən məktubla (ərizə ilə) müraciət edilməsi və texniki şərtlərin hazırlanması;
 
- Texniki şərtlər əsasında layihənin hazırlanması;
 
- Layihənin “Bakıelektrikşəbəkə” ASC ilə razılaşdırılması;
 
- Texniki şərtlərin icrası və onun icrasının yoxlanılması;
 
- “Bakıelektrikşəbəkə” ASC tərəfindən elektrik avadanlıqlarının sınaqdan keçirilməsi, rele mühafizəsinin yoxlanılması və sazlanması, sayğac komplektlərinin qoşulması;
 
- Sifarişçi tərəfindən müvafiq sənədlərin hazırlanması, Dövlət Enerjinəzarət İdarəsindən və “Bakıelektrikşəbəkə” ASC-dən elektrik qurğusuna istismara buraxılma aktlarının alınması;
 
- “Bakıelektrikşəbəkə” ASC tərəfindən sifarişçinin enerji qəbuledicilərinin elektrik şəbəkəsinə qoşulması və elektrik enerjisinin alğı-satqı müqaviləsinin bağlanması;
 
- Sayğac komplektləri quraşdırıldıqdan sonra elektrik qurğularının şəbəkəyə qoşulması haqda Dövlət Enerjinəzarət İdarəsindən və “Bakıelektrikşəbəkə” ASC-dən istismara buraxılma aktlarının alınması üçün sifarişçi tərəfindən müraciət olunur;                   
 
- Dövlət Enerjinəzarət İdarəsindən, “Bakıelektrikşəbəkə” ASC-dən elektrik qurğusuna istismara buraxılma akt ları alındıqdan və “Bakıelektrikşəbəkə” ASC ilə enerji alğı-satqı müqaviləsi bağlandıqdan sonra müvafiq texniki sənədlər toplanaraq “Bakıelektrikşəbəkə” ASC-yə təqdim olunur. Təqdim olunmuş sənədlər əsasında hər hansı bir çatışmazlıq aşkar olunmazsa, elektrik qurğularının gərginlik altına qoşulması barədə ASC-nin müvafiq strukturuna tapşırıq verilir.
 
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində apardığı tədqiqatda deyilir ki, hüquqi və fiziki şəxslər üçün elektrik enerjisindən istifadəyə qoşulmaq üçün proseduralar sadələşdirilməlidir. Məsələn, yeni istifadəçilər üçün elektrik enerjisindən istifadəyə dair texniki şərtin alınması sadələşdirilsin, qərar qəbul etmə prosesinin şəffaflığı artırılsın və müraciətçilərin rahatlığının təminatı üçün vahid pəncərə sistemi tətbiq olunsun.
 
Kommunal məsələlər üzrə ekspert Ələkbər Ağasiyev bildirir ki, texniki şərtin alınması bir neçə mərhələdən ibarət, bir çox texniki sənədlərin tərtib olunmasını tələb edən mürəkkəb bir proseduradır: “Proseduranın mürəkkəb olması ona əməl edilməsini çətinləşdirir və bununla da sui-istifadə hallarına yol açır. Bu məsələ ilə əlaqədar qərarların qəbul edilməsi prosedurası şəffaf deyil, texniki şərtin verilməsi ilə əlaqədar qəbul edilmiş qərarların tutarlı izahı verilmir, bəzi hallarda obyektin şəbəkəyə daha yaxın məsafədən qoşulması mümkün olduğu halda obyekt şəbəkəyə daha uzaq məsafədə yerləşən nöqtədən birləşdirilir. Bu da elektrik-quraşdırma işlərinin süni bahalaşdırılmasına gətirib çıxarır”.
 
Ələkbər Ağasiyev deyir ki, bu sahədə islahatlar həyata keçirilməlidir: “Texniki şərtlərin verilməsi qaydaları mümkün qədər sadələşdirilməli; şərtlərin verilməsi ilə əlaqədar qərarların qəbul edilməsi prosedurası şəffaflaşdırılmalı; “vahid pəncərə” prinsipi tətbiq olunması zəruridir”.(Turan)

Google+ WhatsApp ok.ru