“Sərhəddə 400 ton kartofa görə 700 dollar rüşvət istəyirlər”

Gürcüstan azərbaycanlıları gömrükdə yaradılan problemlərdən şikayətçidir

Azərbaycan hökumətinin 2012- ci ildə tətbiqinə başlanan AVRO 4 qərarı Gürcüstandakı soydaşlarımızın həyatını çətinləşdirib. Bu qərardan sonra nəinki alış-verişlə məşğul olmaq, hətta doğma ölkəsinə gedə bilmək onlar üçün arzuya çevrilib. Marneulinin mərkəzi dairəsi adlanan ərazidə onlarla yük maşınının yanında açar fırladıb, təsbeh çevirərək iş gözləyən sürücülər dayanıb. Hamısı da işsizlikdən, dolanışıqdan gileyli. Sual vermək kifayətdir ki, dərdlərini anlatsınlar…
 
Rayon sakini Roman Əliyev deyir ki, illərdir yük maşını ilə fəsilə uyğun tərəvəz məhsulu aparıb Azərbaycanda satar, ailəsini dolandırırmış. Hazırda bunu edə bilmədiyindən kiminsə yük daşıdacağını ümidlə gözləyir: “…Sürücüyəm, başqa nə iş görüm? 48 yaşım var. Əlimdən gələn budur, ona da imkan yaratmırlar. Gürcü sərhədindən buraxır, Azərbaycan tərəfi buraxmır. Hər reysdə 200-300 dollar qazancımız olurdu, ailəmizi dolandırırdıq. Indi keçə bilmirik. Ya gərək böyük rüsum ödəyək, ya da maşın üçün depozit. Hardan alım mən 7 min dolları depozitə qoyum? Indi də çarəsiz qalmışıq. Birdən iş olur, gedib qapılarda fəhlə işləyirik. Zavod yox, fabrik yox, başqa nə iş görək?..”
 
Bolnisi rayonunun Arıxlı kənd sakini Zahir də Azərbaycan sərhədində qarşılaşdığı problemlərdən danışır: “…Bizim əkib becərdiyimiz məhsulları Azərbaycan tərəfi buraxmır. Maşınlarımızı belə buraxmırlar. Kartof, soğan əkirik. 1 hektar sahə əkirəm, amma sata bilmirəm. Imkan vermirlər ki, gedib məhsulu pula çevirək. 50-100 maşın bir bazara girəndə qiymət olmur axı. Imkan versələr, Azərbaycanda 40 qəpiyə satarıq, amma burda Azərbaycan pulu ilə 10 qəpiyə satırıq. ”Keçən il hektara qoyduğum pulu çıxara bilmədim. Azərbaycan bizə kömək eləsin, dolanaq. Gərək 1 maşın kartofa 6 min manat depozit saxlayaq ki, maşını keçməyə qoysunlar. Hardan alım o pulu? Bir tərəf Ermənistan, bir tərəfdən də Rusiya bizi buraxmır. Azərbaycan da belə…”
 
Son vaxtlar Rusiyada valyutanın məzənnəsinin düşməsi və bazarlarında məhsul satışının zəifləməsi, Gürcüstandan ora məhsul satmağa gedənlərin də işinə mənfi təsir edib. Illərdir Azərbaycana satmaq üçün narıngi gətirən Tapdıq kişi deyir ki, sərhəddə ondan rüşvət istəyirlər: “…Yetişdirdiyimiz məhsulu Azərbaycana apara bilmirik. Rusiyaya çıxara bilmirik, çünki faydasızdı, qiymətsizdi. Yerli bazarda da qiyməti yoxdur. Hara aparaq? Prezident deyir: ”Azərbaycan Respublikası bütün azərbaycanlıların vətənidir”. Öz vətənimə sərbəst keçə bilmirəm, məni rusla bir yerə qoyur.
 
Ərzağı keçirirəm, deyir: “400 ton kartofa 700 dollar rüşvət ver”. Niyə? Bəs mənim qazancım olmasın? Mənim istədiyim vaxt gedib orada qalmağa haqqım var. Mən azərbaycanlıyam, niyə qadağa qoyur mənə?”
 
“Avro 4 qərarı nəinki alış-veriş edənlərə, hətta Azərbaycanda qohum-əqrabasını yad etmək istəyənlərə də mane olur. Sürücü Cəfər deyir ki, öz maşını ilə Azərbaycana keçməyə icazə verilmir və ya maşının qiyməti qədər depozit qoymaq tələb olunur:ÿ”…Ağır xəstəmiz var. Getməliyik, amma keçməyə qoymurlar. Deyir: “3 min dollar depozit qoy”. Maşının qiyməti o qədərdi. Hardan alım o qədər pulu?..”
 
“Avro 4 qərarı 2012-ci ildən qəbul edilsə də, tətbiqinə 2014-cü ilin yanvarından start verilib. Bu qərarın mahiyyəti Azərbaycana köhnə, 2007-ci il istehsalından aşağı maşınların idxalını azaltmaq olub. …Gürcüstan Milli Statitika Komitəsinin açıqladığı məlumatda deyilir ki,qərar nəticəsində 1 ildə Gürcüstandan Azərbaycana ixrac edilən avtomobillərin sayı 4,8 dəfə azalıb.Statistika açıqlayır ki, ixrac edilən digər kənd təsərrüfatı məhsullarının sayı da 2,2 dəfə azalıb.
 
“Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə məşğul olan ekspert Əlibala Əsgərov deyir ki, Avro 4-ün tətbiqi Gürcüstanda yaşayan azərbaycanlıların gəlirlərinə və Azərbaycana girişlərinə sədd çəkib: ”…Bu qanun 2007-ci ildən aşağı maşınların idxalı ilə bağlı olsa da, Gürcüstan azərbaycanlıları üçün ciddi problemlər yaratdı. Onlar maşın keçirən zaman depozit tələbi qoyulur. Deyək ki, ailə gedib Azərbaycanda 1 həftə qalmaq istəyir, qohumu var, o, mütləq böyük pullar depozit etməlidir. Üstəlik, ərzağı satmaq istəyənlər depozit qoymağa məcbur qalırlar. Mən hələ rüşvət hallarından danışmıram. Onların dolanışıq səviyyələri xeyli aşağı düşüb”.
 
Əlibala Əsgərovun sözlərinə görə, avtomobilin Azərbaycanda saxlanılıb-saxlanılmaması məsələsinə ölkə daxilində nəzarət edilə bilər. Məsələn, maşınla keçənlərin maşınsız buraxılmaması kimi.

Google+ WhatsApp ok.ru