Əliyevlərin Gürcüstandakı biznesi

Tbilisidə bizi şəhərlə tanış edən taksi sürücüsü gürcülərin öz ölkələrini Sakartvelo adlandırdıqlarını söyləyir. Azərbaycandan olduğumuzu biləndən sonra isə “SOCAR” yanacaqdoldurma məntəqəsini göstərib, gülərək əlavə edir ki, indi biz Gürcüstana “SOCARvelo” deyirik.

Kasıb Gürcüstan neft pulları ilə zəngin olan Azərbaycan üçün cəlbedici ölkədir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda yalnız yanacaqdoldurma və maye qaz məntəqələri açmaqla kifayətlənməyib. Gürcüstanın təbii qazla təchizatı da ARDNŞ tərəfindən həyata keçirilir. Regionu Avropa ilə birləşdirəcək Bakı-Axalkalaki-Qars dəmir yolunun tikintisində də Azərbaycanın payı olduqca yüksəkdir. Dəmir yolunun inşası üçün Azərbaycan Gürcüstana 750 milyon ABŞ dolları həcmində azfaizli kredit verib. Eyni zamanda, yolun inşasını Azərbaycan şirkətləri həyata keçirir.

Xarici investisiyaya ehtiyacı olan Gürcüstan hakim Əliyevlər ailəsinin də diqqətini çəkib. Əliyevlər ailəsinə məxsus və ailəyə yaxın oliqarxlar Gürcüstanda geniş biznes şəbəkəsi qurublar. Əliyevlər ailəsi Gürcüstanda bank-maliyyə sektoruna, daşımaçılıq, turizm və qida sənayesinə külli miqdarda investisiya qoyub. Hakim ailə biznesini gizlətmək üçün digər ölkələrdə olduğu kimi, Gürcüstanda da “proxy”lərdən geniş istifadə edir.

SW İNN” necə “Qloriya” oldu?

Tbilisinin mərkəzində, azərbaycanlıların məskunlaşdığı “Meydan” adlanan ərazidə Gürcüstanın ən dəbdəbəli otellərindən biri olan “Tiflis Palace” yerləşir. Otelin yaxınlığında isə Azərbaycanın indiki prezidenti İlham Əliyevin atası, Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin büstü olan park var. “Meydan” sakinləri “Tiflis Palace” otelinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məxsus olduğunu söyləyirlər. Araşdırmamıza elə bu informasiyanı əsas götürərək başladıq.

Gürcüstan Ədliyyə Nazirliyinin Milli Dövlət Qeydiyyat Agentliyinin rəsmi reystir bazasındakı (https://enreg.reestri.gov.ge) məlumatlara görə, otel “Qloriya” şirkətinə məxsusdur. “Tiflis Palace” otelinin sənədlərini araşdırarkən məlum olur ki, otel əvvələr “Dzvelli Tbilisi”(Qədim Tbilisi) MMC-yə məxsus olub. 2009-cü ilin 24 dekabr tarixində Tbilisi şəhərində Maya Beregvadzenin notarius kontorunda təsdiqlənən “Alqı-satqı” müqaviləsinə əsasən, İsrail vətəndaşı Akakiy Qorialaşvili Tbilisi şəhəri Qorqasali küçəsi 3 ünvanında yerləşən “Dzvelli Tbilisi” MMC-ni Azərbaycan vətəndaşı, həmin tarixdə Əliyevlər ailəsinə məxsus “Silk Way” Holdiq tərəfindən Gürcüstanda təsis edilmiş “Silk Way Georgiya” şirkətinin prezidenti vəzifəsində çalışan İlham Əsədova satıb. İlham Əsədov eyni tarixdə və eyni notarius kontorunda Gürcüstan Respublikasının vətəndaşı Tengiz Abuladze ilə bağladığı digər alqı - satqı müqaviləsinə əsasən “Dzvelli Tbilisi” otelinə bitişik, Axundov küçəsi 4 ünvanında yerləşən 373 kvadratmetr ərazini və ərazinin üzərində olan 216.28 kvadratmetrlik binanı satın alıb.

İlham Əsədov 2010-cu ilin fevral ayının 10-da “Dzvelli Tbilisi” MMC-ni ləğv edərək, “SW-INN” MMC-ni təsis edib.

Gürcüstan Respubilkası Ədliyyə Nazirliyinin Milli Dövlət Qeydiyyat Agentliyinin rəsmi saytındakı məlumatlarını araşdırarkən, “SW-INN” MMC təsis edildikdən sonra Əliyevlər ailəsinin biznes ortaqlarının, ailənin biznesini idarə edən şəxslərin yeni şirkətdə pay sahibi olduqlarının və şirkətin rəhbərliyində təmsil edildiklərinin şahidi oluruq. 20 fevral 2010-cu il tarixində “SW-INN” MMC-nin təsisçisi İlham Əsədovun qərarı ilə “SW-INN”-MMC-nin əmlakı Məlahət Cahangir qızı Əsgərovaya (35%), Cəmilə Cahangir qızı Əsgərovaya (35%) və Zaur Sənan oğlu Axundova (30%) satılıb. Məlahət və Cəmilə Əsgərovalar “AZAL”Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun qızları olmaqla yanaşı “Silk Way” Holdinqdə (http://www.azadliq.org/content/article/2123076.html ) prezident İlham Əliyevin qızı Arzu Əliyeva ilə şərikdirlər. “SW-INN”-MMC-də pay sahibi olan Zaur Axundov isə “Silk Way” Holdingin prezidenti və Azərbaycan Respublikasi Dövlət Mülki Aviasiya Administrasiyasının kollegiya üzvüdür. “SW-INN” MMC-nin təsisçilərinin 11 may 2011-ci il tarixində Tbilisi şəhərində keçirdikləri yığıncağın 1 saylı protokoluna əsasən, Zaur Axundov şirkətdə olan 30 % -lik payını Zərifə Kamil qızı Həmzəyevaya satıb. Zərifə Həmzəyeva “Silk Way” Holdinqdə hissə sahibi olmaqla yanaşı, “AZAL” Dövlət Konserinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır. 1 mart 2012-ci tarixində Bakı şəhərində “SW-INN” MMC-nin təsisçilərinin növbədənkənar yığıncağında Marokko Kralığının vətəndaşı, prezidentin qızı Arzu Əliyevaya məxsus “Silk Way” Holdinqin təsisçilərindən olan “İnternational Holding Companiy Limited” şirkətinin drektoru Jaouad Dbila MMC-nin yeni drektoru təyin edilib. Jaouad Dbila direktor vəzifəsini 2013-cü il dekabrın 27-nə qədər icra edib. İlham Əliyev cənab Dbilaya yüksək biznes imtiyazları verməklə kifayətlənməyib. 31 may 2014-cü il tarixində prezident İlham Əliyev Jaouad Dbilanı mülki aviasiya sahəsində səmərəli xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edib.

“SW-INN” MMC yalnız Tbilisidə yox, Batumidə də əmlak sahibi olub. 2011-ci il iyunun 17-də Acarıstan Muxtar Respublikasının Maliyyə və İqtisadiyyat Nazirliyi ilə “Sedant” qismində 110616368 saylı müqavilə imzalayan Zərifə Həmzəyeva Batumi şəhəri Ximşiaşvili küçəsində 999 kvadratmetr qeyri- kənd təsərrüfatı sahəsini cəmi 1 lariyə satın alıb. Müqaviləyə əsasən, ərazidə otel inşa edilməli və Gürcüstan vətəndaşları işlə təmin olunmalıdırlar. 2012-ci il oktyabrın 12-də Z.Həmzəyeva ilə “SW-INN” MMC-nin drektoru Jaouad Dbila arasında Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunda bağlanan alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi “SW-INN” MMC-nin balasına keçirilib.

2013-cü il iyunun 19-da “SW-INN” MMC-nin təsisçilərinin Bakı şəhərində keçirilən növbədənkənar yığıncağında “SW-INN” MMC-nin adının dəyişdirilərək, “Gloria” qoyulması barədə qərar qəbul edilib. Həmin iclasda “Gloria” MMC-nin kapitalının artırılması barədə də qərar qəbul olunub. Qərara əsasən, Zərifə Həmzəyevaya məxsus Batumi şəhəri K.Qamsaxurdiya kücəsi 8-10 saylı binalar, həmin küçədə yerləşən 5 və 6 saylı avtodayanacaqlar və 618 kvadratmetirlik qeyri - yaşayış binası “Gloria”MMC-nin əmlakına daxil olunub. Bundan sonra “Gloria” MMC-də pay bölgüsü aşagıdakı kimi müəyyən edilib.

  1. Əsgərova Cəmilə Cahangir qızı - 24.62% ( 835.308.36 GEL.)

  2. Əsgərova Məlahət Cahangır qızı- 24.62% (835.308.36 GEL.)

  3. Həmzəyeva Zərifə Kamil qızı – 57.76 % (1.722.478.59 GEL.)

 

Beləliklə, 2013-cü il iyunun 19-da olan rəsmi məlumata görə, “Qloria”MMC-nin ilikn kapitalı 3.333.095.31 GEL həcmində olub.

Hazırda “Gloria”MMC Batumidə Xişaşvili küşəsində, bulvar ərazisində “Qazelli” otelini inşa etdirir. Oteldə tamamlanma işləri həyata keçirilir. İnşaat işlərini Türkiyənin “MPA” İnşaat Şirkəti həyata kecirir. Digər türk şirkəti - “Zema” İnşaat Şirkətinin rəsmi internet saytının məlumatına görə, “Gloriya” MMC Batumidə gözəllik salonu inşa etdirir.

Böhran oloqarxlardan da yan kecməyib

Azərbaycanda baş verən iqtisadi böhran Əliyevlər ailəsi və onlara yaxın oliqarxlardan da yan keçməyib. Gürcüstanın “netgazeti.ge” portalının verdiyi məlumata görə, Batumidə dəniz kənarında inşa edilən “Gloriya” hotelində işlər dayandırılıb. Hotelin inşasına nəzarət edən azərbaycanlı nümayəndə tikintinin maliyyə catışmazlığı üzündən dayandırıldığı barədə məlumat verib.

Hotelin inşasını həyata keçirən şirkətinin rəsmisi də portala verdiyi verdiyi açıqlamada tikinti işləri maliyyə çatışmazlığı üzündən dayandırlıdığını söyləyib: “Biz işimizi görmüşük, qalan işlər otelin sahiblərindən asılıdır”. Məqalədə həmçinin otelin satışa çıxarıldığı bildirilib. “Gloriya” şirkəti “netqazeti.ge” saytının suallarını cavablandırmayıb.

Otelləri inşa edən şirkətlər müəmmalı şəkildə Azərbaycanda tenderlərin qalibi olub

“Tiflis Palace” otelinin restavrasiyası və “Qazelli” otelinin inşası Türkiyənin “MNG” Şirkətlər Qrupuna daxil olan “MPA” İnşaat və Ticarət AŞ tərəfindən həyata keçirilib. Türkiyənin MNG Şirkətlər Qrupuna aid MPA İnşaat və Ticarət AŞ-nin rəsmi internet (http://www.mng-mapa.com.tr) səhifəsinin “yurd dışı projelər” bölümündə yer alan məlumatlara görə, 46 otaqdan ibarət “Tiflis Palace” otelinin restavrasiyasına 5 milyon ABŞ dolları, 155 otaqdan ibarət 4 ulduzlu “Qazelli” otelinin inşasına 33 milyon 500 min ABŞ dolları sərf edilib.

“AZAL” Dövlət Konsernin prezidentinin ailə üzvülərinə məxsus otelləri inşa edən MPA İnşaat və Ticarət AŞ Azərbaycanda dəyəri milyonlarla manat olan dövlət sifarişlərini həyata keçiriblər. Şirkətin rəsmi internet səhifəsində yer alan məlumatlara görə, MPA İnşaat və Ticarət AŞ Bakıda dəyəri 178 milyon ABŞ dolları həcmində helikopter hanqarı, dəyəri 26 milyon ABŞ dolları həcmində olan təyyarələrə texniki baxış hanqarı, dəyəri 15 milyon ABŞ dolları həcmində kargo hanqarı və Heydər Əliyev adına Hava Limanının xarici uçuş xətlərini inşa edib. Xarici uçuş xətlərinin inşası 125 milyon ABŞ dolları həcmində qiymətləndirilib. Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi internet saytında “AZAL” Dövlət Konsernin keçirdiyi tenderlər barədə məlumatlar yoxdur.

  • Batumidə “Qazelli” gözəllik salonunun son tamamlanma işlərini həyata keçirən “Zema” İnşaat şirkəti də Azərbaycanda bir sıra çoxmilyonluq dövlət layihələrinin həyata keçirilməsində iştirak edib. “Zema” İnşaat şirkətinin rəsmi internet saytında (http://www.sema-insaat.com/default.asp?x=21&sayfa=2&durum=1&Agrup=D%DD%D0ER_PROJELER ) yer alan məlumatlara görə, şirkət Azərbaycanda Heydər Əliyev adına Hava Limanının inşasında yaxından iştirak edib, bir sıra rayonlarda yeni aeroportların inşasını həyata keçirib. “Zema” İnşaat Azərbaycanda dövlət sifarişlərini həyata keçirməklə yanaşı, Zərifə Həmzəyevaya məxsus “Qazelli” şirkətinin Azərbaycanda yerləşən fabrikini inşa edib. Diqqətçəkən məqamlardan biri də “Zema” İnşaat Şirkətinin Rusiya Federasiyasında İlham Əliyevin keçmiş qudası, Leyla Əliyevanın qaynatası Araz Ağalarova məxsus “Krokus” şirkətinin sifarişi ilə çoxsaylı binalar inşa etməsidir. Sonda onu da qeyd edək ki, hər iki şirkət Gürcüstanda yalnız “Gloriya” şirkətinin sifarişlərini həyata kecirib.


“Paşa  Bank in Georgia”

“Pasha Bank Georgia”  Tblisinin mərkəzində Şoto Rustavelli küçəsi 15 ünvanında yaraşıqlı tarixi binada yerləşir. Gürcüstan Ədliyyə Nazirliyinin Milli Dövlət Qeydiyyat Agentliyinin rəsmi reystr bazasındakı  (https://enreg.reestri.gov.ge) məlumatlara görə, “Pasha Bank Georgia”nın təsisçisi Azərbaycanda qeydiyyatdan keçmiş “Paşa Bank”dır. Rəsmi qeydiyyat  sənədlərini araşdırarkən məlum olur ki, “Paşa Bank” Qapalı Tipli Səhmdar Cəmiyyətinin (QSC) səhmdarlarının  22 oktyabr 2012-ci il tarixində Bakıda keçirilən  ümumi yığıncağının qərarı ilə “Pasha Bank Georgia” Səhmdar Cəmiyyətinin yaradılması barədə qərar verilib. Yığıncağa  Mir Camal Paşayev sədrlik, Arzu Əliyeva isə katiblik edib. Ümumi yığıncaqda “Paşa Bank”ın səhmlərinin 10 % -nin sahibi Arif Mir Cəlal oğlu Paşayev, səhmlərin 60% -nin sahibi Mir Camal Hafiz oğlu Paşayev və səhmlərin 30 % -nin sahibi olan “ADOR” MMC-nin direktoru qismində  prezident İlham Əliyevin qızı Arzu Əliyeva iştirak edib.

“PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının növbədənkənar ümumi yığıncağının protokolu

 

Yığıncağın qərarı ilə “Pasha Bank Georgia”nın ilkin nizamnamə kapitalı 35 milyon gürcü larisi miqdarında müəyyən edilib. Göstərilən məbləğ “Paşa Bank” tərəfindən ödənilib. Gürcüstan Ədliyyə Nazirliyinin Milli Dövlət Qeydiyyat Agentliyinin rəsmi internet saytında yer alan məlumatlara görə, “Pasha Bank Georgia” 12 dekabr 2012-ci ildə rəsmi qeydə alınıb.

Qeyd edək ki, Azadlıq Radiosunun hazırda həbsdə olan əməkdaşı Xədicə İsmayıl “ADOR” MMC ilə bağlıaraşdırmasında MMC-nin Əliyevlər ailəsinə məxsus olduğunu göstərmişdi. “Paşa Bank”-ın səhmlərinin 10% -nə sahib olan Arif Paşayev prezident İlham Əliyevin qaynatasıdır. Səhimlərin əhəmiyyətli hissəsinə - 60% -nə sahib olan Mir Camal Paşayev isə prezidentin xanımı Mehriban Əliyevanın əmisi, Azərbaycanın ABŞ-dakı sabiq səfiri, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayevin oğludur.

“Paşha Bank”ın səhmdarlarının 22 oktyabr 2012-ci il tarixli yığıncağında  Azərbaycan prezidentinin qızı Arzu Əliyevanın “Paşa Bank” QSC-də 30% səhimə sahib olduğu göstərilib. 2013-cü ildən etibarən bankın illik hesabatlarında səhmlərin 45%-nin Arzu Əliyevaya, 45% -lik səhm paketinin prezident İlham Əliyevin digər qızı Leyla Əliyevaya, 10% səhm paketinin isə Arif Paşayevə məxsus olduğu göstərilir. Mir Camal Paşayevin sahib olduğu 60% -lik səhm paketinin Leyla və Arzu Əliyevalar arasında bölüşdürülməsi onu göstərir ki, prezident İlham Əliyev ən yaxın qohumlarını ölkənin nəhəng holdinqindən uzaqlaşdıraraq, “Paşa Holdinq”ə tam olaraq sahiblənib.

Onu da qeyd edək ki, “Pasha Bank Georgia” fiziki şəxslərə və kiçik sahibkarlara bank xidməti göstərmir. Bank əsasən iri şirkətlərə, xüsüsən, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərilə işləyir. “Pasha Bank Georgia”-nın rəsmi internet səhifəsində (www.pashabank.ge) yer alan məlumatlara görə, 2014-cü ilin dekabr ayına olan hesabatda “Paşa Holdinq”in aktivlərinin təxminən 3 milyard avro olduğu qeyd edilib. 
 

Paşa Bank`ın illik hesabatı

 

MeydanTV

Google+ WhatsApp ok.ru