“Sovetski”ni bir də oğrular sökür

Bakının bir zamanlar özünəməxsus qaydaları, “yazılmayan qanunları” ilə idarə olunan “Sovetski” kimi tanınan məhəlləsindən bu gün əsər-əlamət belə qalmayıb. Məhəllə kənardan sanki müharibədən sonra hansısa xarabaya qalmış ölkəni xatırladır. Bir zamanlar kənar şəxslərin girməyə belə cəsarət etmədiyi “Sovetski” dalanlarında, bu gün oğrular “at oynadır” .
 
Bu barədə musavat.com-a məhəllənin hələ orada yaşamağa davam edən sakinləri məlumat veriblər. Sakinlər bildirirlər ki, vəziyyət Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının arxası istiqamətində, məhəllənin söküntülər aparılan dalanlarında daha gərgindir.
 
“Sovetski” sakini Kərim Quliyev bildirib ki, ətraf ərazi söküldükdən sonra məhəllədə oğruların da sayı artıb:
“Əvvəllər belə şey olmazdı. İndi evlərin bir qismini tam, bir qismini də yarımçıq söküblər. Bəzi sakinlərin də başqa yerdə evləri olduğu üçün onlar burada qalmırlar. Həmçinin buradakı mənzillərini də sökməyə qoymurlar. Oğrular da baxırlar, hansı evdə yaşayış yoxdursa, girirlər ora. İndi orada yaşayırlar, ya oğurluq edirlər, bilinmir. Şəxsən mən qonşuluqdakı evdən iki yad adam tutmuşam. Gecə yarısı gəlib girirlər evə. Əvvəllər burada hamı bir-birini tanıyırdı. Lap təzə gələn qonşular da getdikcə məhəllənin qayda-qanununa uyğunlaşırdı. Mənzillər söküldükdən sonra bura çox pis günə qaldı. Doğrudur, kommunal xətlərimizə dəyməyiblər. Ancaq buraları elə günə qoyublar ki, yaşamaq olmur. Azkvadratlı mənzil sahiblərinin əksəriyyəti pis vəziyyətdədirlər. Hökumət mənzilin hər kvadratmetrinə 1500 manat verir. Nə köçə bilirik, nə də burada yaşamaq mümkün deyil artıq”.
 
Digər sakin Ruslan Ağayev də eyni məsələdən narazıdır. Daha öncə də xəbər verdiyimiz kimi, Ruslan Ağayev oğruların qarşısını almaq üçün ikinci mərtəbəyə it də gətirib bağlayıb. Sakinlər başqa yollarının olmadıqlarını bildiriblər.
 
Məsələ ilə bağlı musavat.com-a sabiq polis rəisi Mahmud Hacıyev danışıb. O bildirib ki, əvvəllər buradakı mühit başqa olub:
“Hazırda əraziyə baxan hüquq-mühafizə orqanlarının əməkdaşlarının üzərinə məsuliyyət düşür. Onlar öz işlərini planlı şəkildə qurmalıdırlar. Eyni zamanda mövcud coğrafi şəraiti də nəzərə almalıdırlar. Əslində bir məqam da var ki, oğurluq coğrafi şəraitdən bir o qədər də asılı deyil. Şəhərin mərkəzində də oğurluq hallarına rast gəlinir. Ancaq indi oradakı durum məlum səbəblərdən dolayı başqadır. Buna görə də nəzarət gücləndirilməlidir”. /

Google+ WhatsApp ok.ru