Şəhidlər Xiyabanında çatlar yaranıb -FOTO

Şəhidlər Xiyabanı ərazisində yerləşən istinad divarlarında çatlar yaranıb.
 
Maide.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, çatların əksəriyyəti Şəhidlər Xiyabanındakı “Əbədi məşəl” abidəsi  istiqamətində yerləşir. Ümumilikdə, çatların bəziləri şəhidlərin dəfn olunduğu sıralara yaxın yerlərdə də hiss edilir.
 
Xiyabandakı “Əbədi məşəl” abidəsinə gedən istiqamətdə apardığımız müşahidələr göstərdi ki, çatlar genişlənib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da çat yaranan istinad divarlarına  monitorinq məqsədilə gips mayaklar qoyublar. Ərazidə sonuncu monitorinq 01.03.2016-cı il tarixində aparılıb. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji kəşfiyyat xidmətinin rəisi Ələmdar Piriyev ərazidə çatların olduğunu təsdiqlədi. “Həmin ərazidə müəyyən hərəkətlilik hiss edilir. Ona görə də çatların yarandığı yerlərdə mütamadi olaraq monitorinqlər aparılır. Aktivlik davam etdiyi üçün çatların olduğu ərazilərə yeni gips mayaklar qoyulub. Bayramdan sonra çatlara yenidən baxılacaq və əgər genişlənmə baş verərsə, müvafiq addımlar atılacaq. Hazırda ərazidə yerləşən qəbirlər üçün təhlükə yoxdur. Təhlükə olduqda müvafiq qurumlara məlumat verilir",- deyə nazirlik rəsmisi bildirdi.  
 
Ələmdar Piriyev çatların ən çox xiyabanın şimal hissəsinin dənizə baxan tərəfində hiss olunduğunu bildirdi. “Həmçinin istinad divarlarında, asfaltda və ərazidə yerləşən restoranın ətrafında çatlar var. Əvvəl çatların genişliyi 0,5 mm idisə, hazırda 1-1.5 sm yaxındır”,- deyə nazirlik əməkdaşı bildirdi.
 
Onun sözlərinə görə, ərazidə yerləşən yamacda da kiçik sürüşmələr baş verir. “Yağışlar intensivləşərsə, sürüşmə daha da aktivləşə bilər. Amma hələ ki, ciddi bir təhlükə yoxdur”, - deyə Ələmdar Piriyev bildirdi. 
 
Nazirlik rəsmisi bildirdi ki, Telestudiyanın aşağı tərəfində olan istinad divarında da 1 sm –dən yuxarı çatlar qeyda alınıb. "Həmin ərazilər qədim sürüşmə zonasıdır. Yaxşı olar ki, ərazidə olan ağaclar damcı üsulu ilə sulansın. Çünki ağacların dibinə təzyiqli su vurulduqda torpaq qatı boşalır”, - deyə Ələmdar Piriyev bildirdi.  
 
Bir müddət əvvəl Gülüstan sarayı ətrafında yerləşən istinad divarlarında çatlar yaranmışdı. Geoloji kəşfiyyat xidmətinin rəisi Gülüstan sarayı ətrafında vəziyyətin sabitləşdiyini bildirdi.  
 
Ümumilikdə, Azərbaycanda son vaxtlar sürüşmə zonalarında aktivləşmələr hiss edilir. 
 
Fevral ayının sonlarında Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Ağsu aşırımına yaxın ərazisində, Şamaxının Şərədil kəndi ərazisindən keçən hissəsində torpaq sürüşməsi qeydə alınıb.
 
Torpaq sürüşməsi zamanı yolun bir hərəkət zolağı tamamilə dağılaraq yararsız hala düşüb. Yolun digər hərəkət zolağında da böyük çatlar və çöküntü əmələ gəldiyi üçün nəqliyyat vasitələrnin gediş-gəlişi çətinləşib. Həmin yerdə indiyədək heç bir sürüşmə qeydə alınmayıb. /
 
 
 
 

 

Google+ WhatsApp ok.ru