“Azərsu”dan Azərbaycandakı suyun çirkli olması iddialarına - Cavab

“Azərsu”dan Azərbaycandakı suyun çirkli olması iddialarına - Cavab

“Azərsu” ASC Böyük Britaniyanın "The Daily Mail" nəşrinin “Azərbaycan əhalisinə verilən su insan sağlamlığı üçün təhlükəlidir” xəbərinə cavab verib.
 
Maide.Az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Anar Cəbrayıllı sosial şəbəkədə yazıb.
 
Bildirib ki, ilk növbədə xəbərdə istinad olunan ekspertlərin kimliyi və bu qənaətə necə gəlmələri açıqlanmalıdır. Bu xəbərin Azərbaycanla bağlı hissəsi həqiqəti əks etdirmir və “Azərsu” ASC olaraq bəyan edirik ki, bu gün paytaxt Bakının yerləşdiyi Abşeron yarımdası daxil olmaqla Azərbaycanın əksər bölgələrində əhaliyə verilən içməli su qüvvədə olan standartlara uyğundur. Son illər yaradılmış yeni su mənbələrindən, tikilmiş sutəmizləyici qurğulardan (Ceyranbatan Ultrasüzgəclu sutəmizləyici qurğular kompleksi, Külüllü mənbəyi, Quba, Mingəçevir, Xanbulançay sutəmizləyici qurğuları) verilən içməli su Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur. Yeri gəlmişkən, ötən ilin oktyabrında istismara verilmiş Ceyranbatan Ultrasüzgəclu sutəmizləyici qurğular kompleksi Abu Dabu şəhərində keçirilmiş Qlobal Su Sammitində 2015-ci ilin dünya su sənayesinin 4 önəmli layihəsindən biri seçilmişdir.
 
Son dövrlər Azərbaycanın 43 şəhər və rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri icrası həyta keçirilib ki, artıq onların 23-də su təchizatı sistemlərinin yenidən qurulması başa çatıb, 10 şəhərə yeni mənbələrdən suyun verilməsinə başlanılıb. Bununla da həmin şəhərlərdə əhalinin keyfiyyətli içməli su ilə təminatına nail olunub. İçməli suyun mənbələrdən istehlakçıya çatdırılmasına qədər bütün mərhələlərdə onun keyfiyyət göstəriciləri daim nəzarətdə saxlanılır. Eyni zamanda Səhiyyə Nazirliyi tərəfindən içməli suyun keyfiyyət göstəricilərinə dövlət nəzarəti həyata keçirilir.
 
Bu gün paytaxt Bakı da daxil olmaqla əksər şəhərlərdə insanlar krantdan gələn su ilə nəinki dişlərini fırçalayır, hətta ondan içirlər.
 
Qeyd edək ki, Britaniyanın "The Daily Mail" nəşri turistlər üçün kran suyunun içməli olduğu ölkələrin xəritəsini tərtib edib. 
 
Bu nöqteyi-nəzərdən Avropa ölkələri daha təhlükəsizdir, amma heç də hamısı yox. Məsələn, Sloveniyada rahatlıqla kran suyunu içmək olar, amma qonşu Xorvatiyada bunu etmək lazım deyil. 
 
Baltikyanı ölkələrdə də vəziyyət dəyişkəndir - daha çox təhlükəsiz olanlar Finlandiya və Latviyadır, Estoniya və Litva isə təhlükəlidir. 
 
Təhlükəli olan ölkələr sırasına Moldova, Belarus, Ukrayna, Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan, Azərbaycan və Qazaxıstan, həmçinin Bolqarıstan, Monteneqro, Kipr və bir sıra ölkələr daxildir. 
 

Google+ WhatsApp ok.ru