‘Diqlas’da neçə obyekt olub?

‘Diqlas’da neçə obyekt olub?

Aldığımız ilkin məlumat görə, yanğın zamanı “Diqlas” Ticarət Mərkəzində ziyan görən mağazaların sayı 180-dir, “Diqlas”ın ətrafında, küçədə yanan köşklərin sayı isə 240-dır.
 
Maide.Az bildirir ki, bu sözləri Axar.az-a Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev deyib.
 
Onun sözlərinə görə, “Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində ziyan görən vətəndaşların göstərilən sayı, təxminən, ortalama götürülən rəqəmdir:
 
“Yəni 420 rəqəmi təxminidir. Tam dəqiq hesablamalar aparıldıqdan sonra məlum olacaq ki, rəqəm 420-dən çoxdur, ya az. Hazırda komissiya işləyir, dəqiq məlumat bütün sənədlər yoxlanılıb, hesablamalar aparıldıqdan sonra elan ediləcək. Bir nəfərin neçə dükanı var, şərikli neçə dükan fəaliyyət göstərirdi, bunlar hamısı komissiyanın işindən sonra məlum olacaq.
 
Göstərilən say – 420 rəqəmi - hələlik ümumi zərərgörənlərin müraciətlərinin sayıdır. Yanğın zamanı təkcə “Diqlas”ın içindəki mağazalar ziyan görməyib, ticarət mərkəzinə bitişik olan, yol boyunca düzülən mağaza, xırda dükan, kiçik obyektlər, balaca köşklər də yanıb. Küçədə olanların əksəriyyəti dükan, mağaza deyil, piştaxtalardır”.
 
İ.Mehdiyev deyib ki, ümumilikdə 200 milyon manatlıq ziyanla bağlı yayılan məlumatın da heç bir əsası yoxdur:
 
“Bir az səbir edin, komissiya qısa müddətdən sonra dəqiq rəqəmləri elan edəcək”.
 
Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub.

Google+ WhatsApp ok.ru