​İŞİD Əfqanıstanda kök salır

​İŞİD Əfqanıstanda kök salır

İŞİD terror qruplaşması Suriya və İraqda xilafəti itirsə də, Əfqanıstanda möhkəmlənməkdədir, yeni döyüşçülər yığır, Birləşmiş Ştatlar və digər Qərb ölkələri üzərinə hücumlar planlaşdırır.
 
Maide.Az xəbər verir ki, “The Associated Press” agentliyi bunu ABŞ və Əfqanıstanın təhlükəsizlik rəsmilərinə istinadla yazır.
 
Agentlik qeyd edir ki, ABŞ-ın Əfqanıstanı tutmasından 20 ilə yaxın vaxt keçir və indi bu ekstremist qruplaşma Talibandan daha böyük təhdid hesab olunur. Çünki təkmil hərbi bacarıqları, həm Əfqanıstanda, həm də xaricdə dinc sakinləri hədəfə almaq strategiyası var. Narahatlıq o həddə çatıb ki, çoxları İŞİD-i önləməkdən ötrü Talibanı potensial tərəfdaş kimi görür.
 
Əfqanıstanda ABŞ-ın bir kəşfiyyat rəsmisi agentliyə danışıb ki, paytaxt Kabildə son hücumlar Avropa və Birləşmiş Ştatlara daha böyük hücumların “məşqləri” ola bilər.
 
“Bu qruplaşma Əfqanıstandan bizim torpaqlara ən yaxın təhdiddir. İŞİD-in özək mandatı budur: ABŞ və Avropada hücumlar gerçəkləşdirəcəksiniz. Onların məqsədi budur. Bu, bir zaman məsələsidir. Bu, çox qorxuludur”, – anonimlik şərtilə danışan rəsmi deyib.
 
Corctaun Universitetində Təhlükəsizlik Araşdırmaları Mərkəzinin direktoru Bruce Hoffman da Əfqanıstanı İŞİD-in yeni bazası kimi görür. “İŞİD Əfqanıstanda diqqət və resurslara qeyri-proporsional həcmdə yatırım edib, ölkənin şərqində nəhəng silah-sursat toplayıb”, – o vurğulayıb. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru