AIDS-lə mübarizədə “səhlənkarlıq” yaranıb

AIDS-lə mübarizədə “səhlənkarlıq” yaranıb

İyulun 23-də Amsterdamda HIV/AIDS epidemiyasına qarşı dördgünlük qlobal konfrans keçirilir. Toplantıya minlərlə alim, fəal, siyasətçi qatılır.
 
Konfrans ərəfəsində bəzi ekspertlər virusla mübarizədə “səhlənkarlıq” halları barədə xəbərdarlıq ediblər.
 
2018 Beynəlxalq AIDS konfransına Şahzadə Harry, britaniyalı müğənni Elton John, ABŞ-ın keçmiş prezidenti Bill Clinton-un qatılacağı gözlənir.
 
YENİ İNFEKSİYA HALLARI ARTIR
 
Builki toplantının məqsədi virus riski olanları daha səmərəli maarifləndirməyin və müalicə etməyin yollarını müzakirə etməkdir.
 
Bir çox ekspertlər xəbərdarlıq edirlər ki, HIV/AIDS göstəricilərinin son bir neçə ildə düşməsinin ardınca bu sahədə səhlənkarlıq baş alıb gedir.
 
“Təxminən on il ərzində yeni HIV infeksiyalarının azalması bəzilərini belə bir açıqlama verməyə həvəsləndirib ki, biz AIDS-ə son qoymaq üzrəyik”, – UNAIDS agentliyinin təsisçisi, virus tədqiqatçısı Peter Piot konfransdan öncə deyib.
 
Onun fikrincə, belə bir qənaəti dəstəkləyən dəlil yoxdur, “AIDS-ə qalib gəlməklə bağlı bəyanat təhlükəli səhlənkarlığa yol açıb”.
 
BMT-nin sön xəbərdarlığına görə, bir çox ölkələrdə, özəlliklə də, Şərqi Avropa və Asiyada yeni infeksiya halları artmaqdadır.
 
BMT bildirir ki, 2017-ci ildə AIDS-ə (qazanılmış immun çatışmazlığı sindromu – QİÇS) yol açan HIV (insanda immun çatışmazlığı virusu – İİV) ilə 1,8 milyon yeni yoluxma halı qeydə alınıb.
 
Ümumilikdə isə dünyada bu virusla 37 milyon nəfər yaşayır, onların əksəriyyəti Afrikadadır.
 
Hər il AIDS-lə bağlı xəstəliklərdən 1 milyonadək adam dünyasını dəyişir. (azadliq.org)

Google+ WhatsApp ok.ru