Şamaxıda indi də sürüşmə oldu: sakinlər evlərini tərk edir

Şamaxıda indi də sürüşmə oldu: sakinlər evlərini tərk edir

Şamaxıda sürüşmə sahələri yenidən aktivləşib. Gecə saatlarında şəhərin 48-ci məhəlləsində torpaq sürüşməsi səbəbindən evlərdə və yardımçı tikililərin divarlarında çatlar əmələ gəlib.
 
Sürüşmə sahəsindəki bəzi evlərdə yaşamaq qeyri-mümkün olub. Sakinlərin sözlərinə görə, dağdan axıb gələn torpaq kütləsi bir neçə gündür ki, evlərə doğru hərəkət edir. Hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb, böyük yarğanlar və çökmələr əmələ gəlib, yeraltı qrunt suları üzə çıxıb, ərazidə gölməçələr yaranıb.
 
Sürüşmə məhəllədaxili yolların dağılmasına da səbəb olub. Nəticədə avtomobillərin gediş-gəlişində çətinliklər yaranib. 100 metr uzunluğu, 50 metr eni olan torpaq kütləsi gün ərzində 15-20 santimetr evlərə doğru hərəkət edir.
 
Torpaq sürüşməsi nəticəsində 15 ev qəzalı vəziyyətə düşüb. Nəticədə 7 evin sakinləri müvəqqəti olaraq başqa ərazilərə köçmək məcburiyyətində qalıblar.
 
Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, həmin ərazilərə baxış keçirilib. Komissiyanın rəyindən sonra bu evlərlə bağlı tədbirlər görüləcək.
 
Qeyd edək ki, 5-6 fevral tarixlərində baş verən zəlzələlərdə ən çox zərər görən Şamaxı rayon sakinləridir.
 

Google+ WhatsApp ok.ru