Avtobus qəza törətdi: ölən var

Bu gün səhər saatlarında Ağstafa rayonu, Poylu kəndində vətəndaşlara məxsus “PAZ” markalı sərnişin avtobusu ilə "VAZ" markalı minik avtomobili toqquşub. Maide.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat verilib.
 
Məlumat daxil olan kimi dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı minik avtomobilinin sürücüsü, 1986-cı il təvəllüdlü Qədir Əhməd oğlu Yusifov dünyasını dəyişib.
 
Sürücünün meyiti deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
 
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb. Xilasedicilər sürücünün meyitini aidiyyəti üzrə təhvil veriblər.
 
Əməliyyat saat 08:55-də başa çatıb.

Google+ WhatsApp ok.ru