Avtomatlılar Ağstafada fermaya basqın etdi

Ağstafada fermaya silahlı basqın olub.
 
Maide.az xəbər verir ki, bu barədə APA agentliyinə zərərçəkən sahibkar İsrafil Abdullayev məlumat verib.
 
Onun sözlərinə görə, fevralın 3-də gecə saatlarında avtomatlı və maskalı 4 nəfər atlı ona məxsus fermaya basqın edib. Maskalı şəxslər fermada olan çobanlar – 1970-ci il təvəllüdlü Qabil Məmmədov və 1986-cı il təvəllüdlü Ayaz Abdıyevi otağa salaraq qapını arxadan bağlayıb, 40 baş iri və xırda buynuzlu heyvanı aparıblar.
 
Sahibkarın dediyinə görə, hadisə baş verən günün səhəri çobanlarla birgə heyvanların izinə düşüblər: “Heyvanların ayaq izləri bizi Gürcüstan sərhədinə apardı. Belə məlum olur ki, oğurlanan mal-qaranı Gürcüstana keçiriblər”.
 
İ.Abdullayev qeyd edib ki, baş vermiş hadisə ilə bağlı polis və prokurorluq orqanlarına, həmçinin Gürcüstanın hüquq-mühafizə orqanlarına məlumat verilib.
 
Ağstafa rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda Dövlət Sərhəd Xidməti ilə birgə araşdırmalar davam etdirilir. /

Google+ WhatsApp ok.ru