Aynur İmranova: Mənəvi terrora məruz qalıram...

Jurnalist Aynur İmranova təzyiqlərə məruz qalması və bunun müqabilində özünə qəsd edəcəyi ilə bağlı müraciətlə çıxış edib.
 
“1 ildən artıqdır bank hesablarım həbsdədir. Hələ keçən ilin may ayından bu məşhur QHT işi ilə bağlı şahid kimi cəlb edilmişəm. Onu da qeyd edim ki, bu işlə bağlı həbs olunanların heç biri ilə ortaq əməkdaşlığım olmayıb. May ayından sentyabr ayına qədər şəxsimə qarşı absurd suallara cavab vermək üçün dəfələrlə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağrılmışam”, deyə müraciətdə qeyd edilir.
 
Jurnalist bildirir ki, ötən ilin oktyabrında Gürcüstana səfəri zamanı məhkəmə qərarı təqdim olunmadan şəxsi baxışa məruz qalıb. “Bir vətəndaş kimi təhqir olundum, hüquqlarım tapdalandı. Sonra noyabr ayında mənim ölkədən çıxışımı da qadağan etdilər. Bütün xarici səfərlərim ləğv olundu, iştirak üçün dəvət aldığım bir neçə konfransa gedə bilmədim”.
 
İmranova yazır ki, dekabrdan araşdırmaçı jurnalist Xədicə İsmayılovanın işi ilə bağlı istintaqa cəlb olunub.
 
“Dekabr-yanvar aylarında Bakı şəhər prokurorluğunda demək olar ki, mənəvi terrorla üz-üzə qaldım. Məni hər gün istintaqa çağırır, saatlarca Xədicənin şəxsi həyatına dair, işə aid olmayan suallar verirdilər. Heç nə bilmədiyimi israrla bildirsəm də, təzyiqlər davam edirdi. İki ay ərzində mən cəmi iki dəfə yazılı ifadə vermişdim. Halbuki, ən azı 20 dəfə prokurorluqda saatlarla sorğu sual edilmişdim”.
 
Jurnalist məruz qaldığı təzyiqlərlə bağlı məhkmələrə müraciət etdiyini bildirir. Amma yenə nəticə əldə edə bilməyib.
 
Bu ilin martından sonra yenidən istintaqa dəvət edilir.
 
“Mənə təzyiqlər hələ də davam edir. Novruz bayramından sonra yenə idarəyə çağrılmağa başlamışam. “Nəylə dolanırsan”, “hardan qazanırsan” deyə məntiqsiz suallarla üz-üzə qalmışam. Belə başa düşürəm ki, mənim ölməyimi gözləyirlər. Bütün bu olanlar mənim sağlamlığıma ciddi zərbə vurur. Mənim beynimdə hipofiz vəzinin adenoması var, eyni zamanda təzyiq xəstəsiyəm. Həyat yoldaşım orduda həlak olandan sonra dəfələrlə xaricdə müalicə olunmuşam və yalnız bundan sonra normal həyata qayıda bilmişəm. Müalicələrim davamlı olmazsa, bir gözümün tutulacağı ilə bağlı həkimlər xəbərdarlıq edib. Amma, həm məni saldıqları maddi sıxıntılar, həm də hərəkət məhdudiyyətim üzündən müalicəmi davam etdirə bilmirəm. Son müayinə zamanı həkimim yaşadığım streslərin həyatımı təhlükə altına saldığını bildirdi”, deyə o qeyd edib.
 
Jurnalist dəfələrlə Azərbaycan baş prokuroru Zakir Qaralova vəziyyətilə bağlı müraciət etdiyini bildirir. “Məktubların çatması ilə bağlı bildiriş gəlsə də, cavab olmayıb”.
 
O, himayəsində yetkinlik yaşına çatmayan övladının olduğunu, onun normal yaşayışını təmin etmək üçün qarşılaşdığı ağır durumdan heç bir çıxış yolu tapa bilmədiyini deyir.
 
“İndi mən neynəməliyəm? Avropa oyunları üçün ölkəyə gələn turistlərin qarşısında özümü yandırım? Bu addımım kiməsə hədə-qorxu gəlmək üçün deyil. Mən Konstitusiya ilə qorunan hüquqlarımın pozulmasından cana doymuşam. Özümü və övladımı bu mənəvi işgəncədən qurtarmağın başqa yolunu görmürəm”, deyə jurnalist qeyd edir.
 
Öz növbəsində, rəsmi Bakı insanların hüquq qarşısında bərabər olduğunu, heç kimin fikrinə görə təzyiqlərə məruz qalmadığını bildirir. 

Google+ WhatsApp ok.ru