QMİ sədri: “Qarabağ münaqişəsi həll olunmayana qədər Qafqazda sülhdən danışmaq olmaz”

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 
 
QMİ mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, nümayəndə heyətinə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard, xüsusi nümayəndənin siyasi məsələlər üzrə məsləhətçiləri Atanas Baltov və Tom Trayer daxildir.
 
Allahşükür Paşazadə görüş zamanı  Azərbaycanda dövlət-din münasibətlərindən və mövcud dini tolerantlıq ənənələrindən danışaraq deyib ki, ölkəmizdə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc yanaşı yaşayıblar: “Heç vaxt ksenofobiya və dini zəmində münaqişələr müşahidə olunmayıb.”
 
Allahşükür Paşazadə Qafqazdakı vəziyyətlə bağlı ciddi narahatlığını diqqətə çatdırıb. O bildirib ki, bu yaxınlarda Ermənistan qondarma “erməni soyqırımının” 100 illiyini qeyd edib, halbuki onun özü təcavüzkardır və Azərbaycanın yeddi rayonunu işğal edib, erməni ekstremistləri Xocalı soyqırımını həyata keçiriblər: “Qarabağ münaqişəsi həll olunmayana qədər Qafqazda sülhdən danışmaq olmaz”.
 
Şeyxülislam, öz növbəsində, QMİ-nin Dağlıq Qarabağ münaqişəsinin başlandığı dövrdən etibarən konfliktin dini qarşıdurma müstəvisinə keçməməsi məqsədilə 1988-ci ildən başlayaraq Rus Pravoslav Kilsəsinin və Ümumdünya Kilsələr Şurasının vasitəçiliyilə erməni dini rəhbərliyilə dəfələrlə keçirdiyi görüşlər, əldə olunmuş razılaşmalardan irəli gələn məqamlarla bağlı gerçəkləşdirdiyi tədbirlər haqqında qonağı məlumatlandırıb. O bildirib ki, erməni dini liderlə vaxtilə imzalanmış birgə bəyannamələrə əməl edərək əsirlərin və meyitlərin qaytarılması yönündə etdiyi jestlər, təəssüf ki, birtərəfli olub və ermənilər tərəfindən qarşılıq göstərilməyib. 

Google+ WhatsApp ok.ru