Ayətullah Xamenei dünya müsəlmanlarına müraciət etdi

Ayətullah Xamenei dünya müsəlmanlarına müraciət etdi

“Əgər buna əməl etsək İlahi vədəyə uyğun olaraq Allah da bizə mütləq yardım edəcək”
 
Maide.Az xəbər verir ki, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei həcc ziyatərini yerinə yetirən müsəlmanlara müraciət edib. 
 
"Həcc sirli və rəmzli bir ibadət, şərafətli evdə İlahi bərəkətin, Allah nişanələrinin və Haqq həzrətlərinin dəlil və göstəricilərinin olduğu bir məkandır. Həcc təfəkkür əhli olan mömin bəndəni mənəvi məqamlara çatdıra, ondan əzəmətli və nurani bir insan ərsəyə gətirə bilər. Həmçinin bəsirətli birisindən şücaətli, hərəkətə keçə bilən mücahid birisini meydana gətirə bilər. Bu misilsiz ibadətdə mənəvi, fərdi və ictimai sahələr möhtəşəm şəkildə görünür. Bu gün islam cəmiyyəti bu hər iki sahəyə möhtacdır"
 
Ali Rəhbər müraciətində bildirib ki, bu gün hegemon sistemlər müsəlmanlar arasında separatçı siyasət yürüdür. Bunun qarşısının alınmasının yolu isə İslam ölkələrinin rəhbərləri və İslam dünyasının elitasının öz aralarında vəhdət yaratmasıdır. Həmçinin başlıca vəzifələrdən biri də dünya xalqlarını məlumatlandırmaq və islam aləmində baş verən acı  faciələri tez bir zamanda dayandırmaqdır. 
 
“Bu gün İslam dünyasında sabitsizlik var. Bu həm əxlaqi, həm mənəvi, həm də siyasi istiqamətdədir.  Bunun başlıca səbəbi isə bizim qəflətimiz və düşmənlərin amansızcasına hücumudur. Biz pis düşmənlərin hücumları qarşısında öz dini və məntiqli vəzifəmizə əməl etməmişik. Quranın buyurduğu kimi kafirlərə qarşı isə sərt, möminlərə qarşı mülayim olmağı unutmuşuq.  Nəticədə sionist düşmən İslam dünyası coğrafiyasının qəlbində  fitnələr törətməkdədir. Biz Fələstinin nicatı üçün boynumuzda olan  vəzifəni unudaraq başımızı Suriyada, İraqda, Yəməndə, Liviyada və Bəhreyndə daxili müharibələrə və Əfqanıstanda, Pakistanda və başqa yerlərdə terrorizmlə mübarizəyə qatmışıq.”
 
Ayətullah Xamenei müraciətinin davamında bu bəlalardan qurtulmağın yollarını göstərir: “İslam ölkələrinin rəhbərləri və İslam dünyasının siyasi, dini və mədəni elitasının üzərinə çox ağır öhdəliklər düşür. Ən başlıcası  vəhdət yaratmaq, etnik, dini qarşıdurmaları dayandırmaqdır. Bunun üçün isə dünya xalqlarını   hegemonların və sionizmin  xəyanətləri və düşmənçilik metodları ilə bağlı maarifləndirmək lazımdır. Ardınca insanları düşmənlə həm yumşaq, həm də sərt mübarizə üçün hazırlamaq əsas məqsəd olmalıdır. Bunlar həyata keçirilərsə İslam ölkələrində baş verən faciələri də tez bir zamanda dayandırmaq mümkündür." 
 
Ali Rəhbər müsəlman ölkələrində baş verən hadisələrə də toxunub. “Bu gün biz acı hadisələri Yəməndə görürük. Dünyanın hər bir yerində buna etirazlar olunur.  Ən önəmli vəzifələrdən biri müsəlman azlıqlar, o cümlədən Myanmarın məzlum müsəlmanlarına olunan zülmlər qarşısında dayanmaq və onların müdafiə etməkdir.
 
Həmçinin Fələstini müdafiə etmək və  70 ilə yaxındı qeyd-şərtsiz öz işğal olmuş ölkəsi üçün mübarizə aparan xalqa dəstək olmaq ən başlıca vəzifəmizdir. Bunlar  çox önəmli öhdəliklərdir. Bizim hamımızın borcu bunları yerinə yetirməkdir.  Xalqlar bu öhdəlikləri yerinə yetirməyi öz dövlətlərindən tələb etsinlər. Xalqların elitası bu istəklərin yerinə yetirilməsi üçün tam ciddiyyətlə çalışmalıdır. Bu işlər heç şübhəsiz  ki, Allah dininə yardımın həqiqi nümunəsidir. Əgər buna əməl etsək İlahi vədəyə uyğun olaraq Allah da bizə mütləq yardım edəcək.”
 
Ayətullah Xameneyi bütün bunların  Həccin dərslərinin bir hissəsi olmasını vurğulayıb: “ Ümid edirəm bunu başa düşüb əməl edəcəyik”.
 
Ali Rəhbər Ayətullah Xameneinin Həcc ziyarətində iştirak edən minlərlə zəvvara ünvanladığı müraciəti bu gün səhər Ali Rəhbərin həcc və ziyarət işləri üzrə nümayəndəsi Əli Qazi Əsgər tərəfindən Ərəfat çölündə  zəvvarla oxunub.
 
 

Google+ WhatsApp ok.ru