Azərbaycanda ət və toyuq əti bahalaşa bilər?

ABŞ və Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar daxili bazarda çaxnaşmaya səbəb olub. Bu səbəbdən Azərbaycan və digər qonşu ölkələrdən Rusiyaya məhsul idxalı xeyli artıb.

Bildirək ki, bu məhsullar arasında ət və ət məhsulları üstünlük təşkil edir. Əvvəllər Danimarka və digər Qərbi Avropa ölkələrindən sözügedən məhsulları idxal edən şimal qonşumuz indi MDB ölkələrindən məhsul idxalını genişləndirir.

Ekspertlər isə prosesin davam edəcəyi təqdirdə daxili bazarda qıtlığın qaçılmaz olduğunu deyir.

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, bir müddətdən sonra daxili bazarda toyuq ətinin qiymətində artım gözlənilir:

“Rusiyaya bəyaz ət, yəni toyuq əti ixrac olunur. Rəqəmlər də onu göstərir ki, son vaxtlarda qonşu ölkələrdən Rusiyaya ət və ət məhsullarında böyük sıçrayış olub. Qırmızı ət, yəni mal və qoyun ətinin ixracatında isə o qədər də ciddi dəyişiklik yoxdur. Çünki istər Türkiyədə, istərsə də Azərbaycanın daxili bazarlarında bu məhsulun qiyməti Rusiya daxili bazarı ilə müqayisədə qat-qat bahadır. Amma toyuq ətində ciddi fərq var. Azərbaycana gəldikdə isə qırmızı ətin ixracında yox, toyuq əti və yumurtada Azərbaycamım ciddi potensialı var. Son illərdə regionlarda toyuqçuluq təsərrüfatları yaradılıb və daxili bazarda da artıq yerli məhsulların üstünlük təşkil etməsi sevindirici haldır. Buna görə də həmin şirkətlərin Rusiya bazarlarına axını çox olarsa, ölkə bazarlarında toyuq və yumurtanın qiymətində artım ola bilər”.

Bu arada Rusiya bazarlarına Türkiyədən ət və ət məhsullarının ixracı 500% artırılıb. Bu barədə isə yarım il ərzində ərzaq məhsullarının çatdırılıması ilə bağlı türk ixracatçıları ilə 7 müqavilə bağlanıb. Hazırda iki ölkənin Kənd Təsərrüfatı Nazirliyi Rusiyaya yolu açılacaq türk təchizatçıların əlavə siyahısını dəqiqləşdirir. axar.az /

Google+ WhatsApp ok.ru