Azərbaycan varlılarını bank hesabları ələ keçdi: 3,8 milyon

“Swissleaks” saytı aralarında azərbaycanlı müştərilərin da olduğu İsveçrə bankına aid gizli məlumatları yaydı; HSBC-də saxlanılan 1,6 milyon dollar kimindir?.. 
İsveçrədə dünyanın ən böyük ikinci bankındakı gizli hesablar internetə sızıb. Aralarından azərbaycanlı müştərilərin da olduğu bir çox ölkənin İsveçrədəki HSBC bankına aid gizli məlumatlar “Swissleaks” adı ilə internet saytından yayılıb.
 
Söhbət dünyanın 203 ölkəsindən olan 106,000 müştərinin 100 milyard dollarlıq sərvətindən gedir. “Swissleaks” ümumilikdə Avropanın 140 KİV-lərində çalışan 40 jurnalistin birgə əməyinin nəticəsidir.
 
Bu “sızıntı” beynəlxalq maliyyə tarixinin ən qalmaqallı hadisəsi hesab edilir. Mümkündür ki, bu gizli hesabların yayılması məşhur “WikiLeaks”saytının yaratdığı qalmaqalı təkrarlasın...
Gizli məlumatların gün işığına çıxması ilə HSBC bankının fırıldaqçıların, terrorçular və quldurlara yardım etdiyi və ümumi dəyəri 120 milyard dollarla ölçülən çirkli pulların yuyulması əməliyyatı həyata keçirdiyi ortaya çıxıb. Bankın vergi və qaçaqmalçılıq işlərinə yardım etdiyi şəxslər arasında dünya miqyasında tanınan cinayətkarlar, korrupsiyada ittiham olunan siyasətçilər və iş adamları, eyni zamanda dünya siyasətçiləri, aktrisalar, idmançılar da yer alır.
 
Ən maraqlı adlar sırasında isə İnterpolun ən çox axtarılanlar siyahısına düşən məşhur almaz qaçaqçısı Mozeh Victor Koneg və Kenneth Lee Akselrodun da bu bankda hesablarının olmasıdır. 2006-cı ilə qədər isə bankda Üsamə bin Ladeni maliyyələşdirən Səudiyyə Ərəbistanı biznesmeninin hesabı olub.
 
Sızdırılan məlumatlar arasında həmçinin məşhur futbolçu Diego Forlan, Formula 1-in əfsanəsi Mixael Sumaxer, İordaniya kralı 2-ci Abdulla, məşhur model MacPherson kimi tanınmış şəxslərin adları var. 
 
Azərbaycan bu ölkələr arasında 167-ci yerdə sıralanıb və 21 nəfər müştərinin ümumi bank hesabı təxminən 3,8 milyon dollar təşkil edib. Həmin şəxslər arasında ən çox pul hesabı isə 1,6 milyon dollara sahib müştəridir. 1994-2006-cı illər ərzində Azərbaycandan olan 16 müştəri bankda 17 hesab açıb. Bu hesablarda cəmi 3,8 milyon dollar pul var.
Müştərilərdən birinin hesabında 1,6 milyon dollar pul yerləşdirilib və o, Azərbaycandan banka ən yüksək məbləğdə pul qoyan müştəridir.
 
Bankda açılan hesabların əksəriyyəti 1998-ci ildən sonraya təsadüf edir, hazırda 12 bank hesabı aktivdir. 
 
Qeyd edək ki, Türkiyədən yatırılan pulların məbləği isə 3,5 milyard dollardır. Ən varlı müştərinin hesabında 264 milyon dollar var.
 
Bəllidir ki, azərbaycanlı oliqarxlar öz pullarını bir neçə istiqamətdə yönəldirdilər. İndiyədək varlı məmurlar daha çox kapitalının bir hissəsini ölkə iqtisadiyyatına yönəltməyə, digər hissəsini Bakıda və Azərbaycanın başqa yerlərində, habelə bir sıra xarici ölkələrdə daşınmaz əmlak almağa, qalan hissəsini isə xarici banklarda və qiymətli kağızlarda saxlamağa üstünlük veriblər. Amma 2008-2009-cu illərdə dünyadakı böyük iqtisadi böhran Azərbaycan məmurlarını hətta transmilli şirkətlərə yatırdıqları investisiyanı “vurdu” və onlar ciddi maliyyə ziyanı gördülər. Məhz bundan sonra daha çox məmur paralarını  banklarda “yatırmağa” qərar verdilər. 
 
Bu, biznes maraqları baxımından əlverişsiz olsa da, daha təhlükəsiz seçim idi.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin hələ 2013-cü ildə hökumət üzvlərinin xaricdə bank hesabları və ya qiymətli kağızlarının olmasını qadağan edən qanun imzalayıb. Bu qadağa Rusiya hökumət nümayəndələrinin həyat yoldaşları və yetkinlik yaşına çatmamış övladlarına da şamil edilir. Newsru.com sayt xəbər verir ki, “Swissleaks” açıqladığı siyahıda Rusiyada tanınmış xeyli isimlər var. 
 
Maraqlıdır ki, bank hesabları haqda məlumat 2006-2007-ci illəri əhatə edir. Onların sırasında “Qazprom”un sabiq müavini Vyaçeslav Şeremetyevin,  “Roskosmos”un idarə rəisi Aleksandr Dektyarovun xanımının, “Rosneftin”sabiq prezidenti Sergey Boqdaçikovun adı da var.
 
Azərbaycan Milli Məclisi bu ilin  iyununda “Banklar haqqında” qanun layihəsinə əlavə və dəyişikliklər edib. “Banklar haqqında” Qanunun Bank sirri adlanan maddəsinə əlavə edilib. Həmin maddəyə əsasən, Azərbaycan məmurları (və ya sadə vətəndaş) xarici banka pul yatırırsa bu halda mütləq Azərbaycanın dövlət orqanları bu barədə məlumatlandırılmalı, məbləğə uyğun vergiyə cəlb edilməlidir. Bu qanunu ABŞ hökuməti də xaricdə bank hesabı olan vətəndaşlar üçün tətbiq edir. 
 
Məlumdur ki, Azərbaycanda xarici banklarda hesab açdıranlar maliyyə imkanları yaxşı olanlar, yəni  hakimiyyətə yaxın olanlar və ya iqtidarda yüksək vəzifə tutanlardır. Bu gizli məlumatların üzə çıxması ilk növbədə həmin adamların bundan sonrakı taleyini ciddi sual altına qoyur. Onların adı açıqlandıqdan sonra iqtidar daxilində ciddi bir qaynama olacağı şübhəsizdir. Çünki bu pulların necə qazanılmasından asılı olmayaraq, ilk növbədə ictimaiyyətdə ciddi narazılıq doğuracaq. Bu bank hesabları  hansısa məmurun adı(və ya tanınmış qohumunun) ilə açılıbsa, xalq bu pulları oğurluq hesab edəcək. Ən əsası bu kimi gizli bank hesabları adətən iqtidardan da gizlədilir. İndi bu gizli hesabların ələ keçməsi ilə mümkündür ki, bəzi məmurların təkcə var-dövləti yox, öz taleyi də sual altına düşsün.

Google+ WhatsApp ok.ru