Azərbaycanda təhlükəli mallar satılır

Azərbaycanda 800-ə yaxın sertifikatlaşdırılmamış məhsul aşkarlanıb.
 
Bu barədə virtualaz.org-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov məlumat verib.
 
Son vaxtlar istehlakçılar tərəfindən Birliyə daxil olan şikayətlərin sayının artdığını deyən E.Hüseynovun sözlərinə görə, sertifikatlaşmamış məhsulların təhlükəsizliyinə heç kim təminat vermir:
 
“Bizim əlimizdə 800-ə yaxın sertifikatlaşmamış malın siyahısı var. Sertifikatlaşma ölkədə iki cürdür. Bəzi mallar ölkənin əmtəə bazarına daxil olmazdan əvvəl məcburi şəkildə sertifikatlaşdırılmalı və sonra satılmalıdır. Bunlar təhlükəsizliyi təmin olunan mallardır, məsələn elektrik cihazları, kombilər, avtomobillər və sairə. Sertifikat yoxdursa, heç kim bu cihazların təhlükəsizliyinə zəmanət vermir, yəni istehlakçını cərəyan vura, evi yana bilər. Bu Nazirlər Kabinetinin 343 saylı qərarı ilə tənzimlənir. Əhaliyə sertifikatsız satılan bir qrup mallar da var ki, onlar könüllü sertifikatlaşmadan keçirlər. Yəni özünə hörmət edən normal istehsalçı onları sertifikatlaşdırıb satmalıdır.
 
E.Hüseynov həmçinin qeyd edib ki, bu məhsullarla bağlı aidiyyatı dövlət orqanlarına məlumat verilib. O cümlədən, həmin şəxslərə məktublar yazılıb ki, malları sertifikatlaşmadan keçirib satsınlar.
 

Google+ WhatsApp ok.ru