Azərbaycanda dərman istehsalının detalları məlum oldu

Aprelin 21-də Bakıda “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC və İranın “Darou Pakhsh” şirkəti arasında Azərbaycanda əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalının təşkili haqqında Anlaşma Memorandumu imzalandı.  Memoranduma əsasən, birgə yeni müəssisə yaradılacaq. Bu müəssisəni “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC və “Darou Pakhsh” şirkəti birgə maliyyələşdirəcək. 
 
ZAVODDAN QLOBAL ŞİRKƏTLƏR DƏ İSTİFADƏ EDƏ BİLƏCƏK
 “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal bildirib ki, yaradılacaq birgə müəssisənin 51%-i Azərbaycan, 49%-i İran tərəfinə məxsus olacaqdır:“İlkin mərhələdə geniş təlabat olan 52 adda dərman preparatlarının istehsalı nəzərdə tutulub. Onların bəzilərinin İranda xammal bazası güclüdür. Biz istəyirik çox müasir bir zavod olsun. Beynəlxalq əczaçılıq şirkətləri də gəlib, o zavodda öz məhsullarını istehasal edə bilsinlər. Mən bu standartı şərt qoydum və razılaşmaya daxil edildi. Allaha şükür, İran ilə münasibətlər çox yaxşıdır. Bu layihə, İranla Azərbaycan arasında işgüzar hərəkətin birinci etabıdır”.
 
XƏRCLƏNƏCƏK VƏSAİTİ DƏ AÇIQLADI
Cənab Abdolbari Goozal layihənin ilkin dəyərini də açıqlayıb: “Layihənin ilkin dəyəri 35 milyon dollar civarındadır, amma bu məbləğ arta da bilər”.
 
QİYMƏTLƏRİ MÜNASİB OLACAQ
İş adamı bildirib ki, istehsal olunacaq dərmanların qiymətləri xarici analoqları ilə müqayisədə xeyli münasib olacaqdır.
Abdolbari Goozal əlavə edib ki, zavodda istehsal olunan dərmanlar ixrac da olunacaqdır: “Ən yaxşı, ən yüksək standartda dərman istehsal olunacaqdır. Biz dərmanları dünyada Azərbaycan brendi kimi tanıdmağı qarşıya məqsəd qoymuşuq. Necə ki, “Azərçay”ı tanıtmışıq,  dərmanlar da bir brend olaraq tanınmalıdır”.Dərman istehsalı Sumqayıt Kimya Sənaye Parkının ərazisində həyata keçiriləcəkdir.(marja)
 

 

Google+ WhatsApp ok.ru