Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yeni dərs ilinin başlaması ilə əlaqədar sürücülərə xəbərdarlıq edib

Dərs ilinin başlanması ilə əlaqədar olaraq Bakı şəhər Baş Polis İdarəsi tərəfindən xüsusi tədbirlər planı hazırlanıb.
 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, hazırlanmış tədbirlər planına uyğun olaraq, təhlükəsizliyin təmin edilməsi ilə bağlı tədbirlər görüləcək: “Bununla yanaşı, Bakı şəhərində yerləşən bütün təhsil müəssisələri və onların yerləşdiyi ərazilər polis tərəfindən nəzarətə götürülüb, və həmin ərazilərdə polisin bütün qüvvələri xidmət aparır. Avtomobil sahibələrinə, valideynlərə də bildirim ki, təhsil müəssisələri istiqamətində hərəkət edərkən nəqliyyat vasitəsini yolların hərəkət hissəsində, yolların ikinci cərgəsində saxlayarkən məsuliyyətə cəlb ediləcəklərini unutmasınlar.  
 
Bundan əlavə, birinci sinfə gedən uşaqları məktəbə aparan zaman baba, nənə, dayı, bibi, xala, ata, ana, bir sözlə  hər kəsin bir maşınla gedib məktəb ətrafında saxlaması onsuzda yaranmış sıxlığı daha da gərginləşdirir. Yol polisi belə faktları aşkar edərsə, qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcək” .
 
V. Əsədov onu da qeyd edib ki, yolların kəsişməsinə yaxın hissədə, yolların hərəkət hissəsində, piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərdə düzgün park etməyən sürücülər barəsində xüsusi tədbirlər görüləcək. “Həmin avtomobillər evakuasiya vasitəsi ilə müvəqqəti dayanacağa daşınacaq, patrul maşınında olan kompüterlər vasitəsi ilə qaydaları pozan avtomobillərin videomaterialları hazırlanacaq. Patrul avtomobilində olan kameralar vasitəsi ilə bütün hərəkətlər qeydə alınır və qadaları pozan sürücülər barəsində dərhal elektron protokol hazırlanır. Bütün sürücüləri nizam-intizamlı olmağa çağırıram” . 

Google+ WhatsApp ok.ru