Bakıda küçədən silah-sursat tapıldı

Bakının Binəqədi rayonunda sellofan torbada istifadəyə yararlı silah-sursat tapılıb. 
 
Ötən axşam Binəqədi rayonu, Azadlıq prospekti, 189 ünvanında sellofan torbada silah-sursatın küçənin ortasına qoyulması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 "qaynar xətti"nə məlumat daxil olub.
 
Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. 
 
FHN-in mütəxəssisləri aşkarlanmış torbaya baxış keçirərkən 1 ədəd tapança, 11 ədəd avtomat gülləsi və 2 ədəd istifadəyə yararlı əl-qumbarası aşkar ediblər.
 
Mütəxəssislər tərəfindən əraziyə təkrar baxış keçirilib və digər partlayış təhlükəli əşya aşkar edilməyib. Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru