Bakıdakı turizm şirkətləri: “Yeni ili xaricdə keçirmək istəyənlərin sayı azalıb”

2015-ci ilin başa çatmasına bir aydan bir qədər artıq vaxt qalıb. İnsanlar adətən Yeni ili daha yaddaqalan keçirmək istəyirlər. Elə buna görə də çoxları Yeni il gecəsini xarici ölkələrin birində qarşılamağa üstünlük verirlər.
 
Azərbaycanlılar da səfər etməyi xoşlayırlar. Xüsusilə yeni il ərəfəsi səyahət edənlərin sayı artır. Amma bu il vəziyyət fərqlidir. Həm insanların maddi durumunun əvvəlki illərə nisbətən pisləşməsi, həm də əksəriyyətin səyahət üçün seçdiyi Fransada, Misirdəki terror hadisələri turizm sektorunun da zəifləməsinə səbəb olub. 
 
Turizm şirkətlərindən də bildirirlər ki, əvvəlki illərə nisbətən sifarişləri azalıb. Yaxud da insanlar yaxın və nisbətən ucuz ölkələr üçün tur paketlər sifariş edirlər. Bunu da qeyd etdiyimiz iki səbəblə əlaqələndirirlər; əhalinin gəlirlərinin azalması və terror aktları.
 
Bakıdakı turizm şirkətlərindən birinin nümayəndəsi, turoperator Sənubər Əşirli  Gün.Az-a bildirib ki, əvvəl bayramlar ərəfəsi daha çox sifarişlər Fransa istiqamətində olurdu, Misiri seçənlər də az deyildi. Amma məlum terror hadisələrindən sonra bu istiqamətlərə heç bir sifariş yoxdur. İnsanlar daha çox İstanbul (Türkiyə), Dubay (BƏƏ), Bakuriani (Gürcüstan) turları ilə maraqlanırlar və sifarişlər də bu istiqamətlərədir. İki həftədən artıqdır ki, Misir turları ilə ümumiyyətlə, maraqlanan olmayıb.
 
Başqa bir turizm şirkətinin meneceri Mahirə Cavadova isə deyib ki, yeni il ərəfəsi səyahət etmək arzusunda olanlar daha çox isti ölkələrlə maraqlanırlar. Onun sözlərinə görə, müraciət edənlər Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Malayziya, Sinqapur, Türkiyə, Gürcüstan, Braziliya turları barədə məlumatlar alırlar.
 
Amma M.Cavadova da etiraf edib ki, satış əvvəlki illərə nisbətən zəifləyib. O, Fransa turları ilə bağlı maraqlananların olmadığını vurğulayıb. Misirə gəlincə, o xatırladıb ki, bu istiqamətə birbaşa reys olmadığı üçün Gürcüstan vasitəsilə uçuş həyata keçirlir. Bununla belə, Misir turları ilə bağlı da məlumat alanlar, maraqlananlar olub, lakin hələ ki, sifariş yoxdur.
 
Xatırladaq ki, oktyabrın 31-də Rusiyaya məxsus təyyarə Misirin Sinay yarmadasında qəzaya uğrayıb. Dünən rəsmi Moskva hadisənin terror aktı olduğunu bəyan edib. Hadisə nəticəsində 220 nəfər həlak olub. Fransanın paytaxtı Parisdə noyabrın 13-də törədilmiş terro aktları nəticəsində isə 130-dan çox insan həlak  olub, xeyli sayda insan yaralanıb. Hər iki hadisənin məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürüb. Terror aktları bütün dünyada turizm sektorunun zəifləməsinə səbəb olub./

Google+ WhatsApp ok.ru