Son həbslər həbsxana nəzarətçilərini sevindirir: “Yaxşı kamera 2 min, mobil telefon 5 min manat...”

Son aylarda yüksək rütbəli məmurlara yaxınlığı ilə tanınan iş adamlarının, nazirliklərin vəzifəli şəxslərinin həbs edilməsi cəmiyyətdə rezonans doğurub. MTN-dən başlayan “təmizləmə” əməliyyatı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qədər uzanarkən, mətbuatda bir çox başqa nazirlərin də adı “vəzifədən gedəcəklər” siyahısında hallanır. 
 
Milyonlarla manat dövlət vəsaitini mənimsəyərək, ölkənin ən varlı adamlarına çevrilən bu şəxslərin həbsi cəmiyyətdə də müzakirələrə səbəb olur. İnsanlar arasında yayılan söhbətlərdən biri də odur ki, “milyonçular”ın həbsə düşməsi ən çox ədliyyə orqanlarında çalışan işçiləri, həbsxana nəzarətçilərini sevindirir. Çünki onlar da fürsətdən istifadə edib, “dəvədən bir tük” qoparmağa çalışacaqlar. 
 
Təsadüfi deyil ki, bu deyilənləri vaxtilə məhbəs həyatı yaşamış tanınmışlar da təsdiqləyir. Bir neçə il həbsxana həyatı yaşayan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı musavat.com-aa bildirdi ki, məmurların və iş adamlarının həbs olunması cəzaçəkmə müəsisələrində ümumi nəzarətçi kütləsinin sevincinə səbəb olur: “Ədliyyyə Nazirliyinin işçiləri ələ baxandırlar. Ancaq onları qınamaq olmaz. Çünki, ayda 450 manat əmək haqqı alırlar. Ona görə də təqsirləndirlən şəxslərə xidmət edərək, nəsə qazanmağa çalışırlar. Bir-iki manat qazanmaq üçün onlara çörək, siqaret alıb gətirirlər. Maaşın az olması bizim penitensiar xidmət işçilərini ələbaxan edib. Təbii ki, varlı şəxslərin həbs olunması sıravi bir "nadzor" kütləsi üçün sevincli hadisədir. Rejim rəisləri, nəzarətçilər, görüşdə işləyənlər, "peredaça"ya baxanlar hamısı sevinirlər". 
 
Əvəz Zeynallı bu məsələdə jurnalistlərə, siyasi məhbuslara, vicdan məhbuslarına münasibətin isə fərqli olduğunu vurğuladı: "Cəzaçəkmə müəssisələrinin rəhbərləri belə, bizə qarşı ehtiyyatlı davranırdı. Heç bir müəssisə rəisi adının mətbuatda hallanmasını istəməz. Hətta nəzarətçilərə belə tapşırıq verirdilər ki, jurnalistlərlə ehtiyatlı olun ki, pul məsələsini bilməsinlər”. 
 
Əvəz Zeynallı cəzaçəkmə müəsisələrində kameraların belə, satıldığını dedi: "Kürdəxanıda 5-ci korpusun 1-ci mərtəbəsinin adı "rəisin korpusu" kimi adlanır. Burada bütün otaqlar pulludur. 1-ci mərtəbədən bayır göründüyü üçün bu kameraların qiyməti də bahadır. Digər mərtəbələrdə isə yalnız səma görünür. Bu isə kameraların qiymətlərində özünü göstərir. Bundan əlavə yaxşı şəraitli otaqlar var. Təkadamlıq otaqlar da var. Qiymətlər 300 manatdan başlayaraq, 2000 manatadək dəyişir. Bildiyimə görə, Akif  Çovdarovun işçilərindən bir nəfər onunla qalır. Xidmətçi kimi götürüb, onu... Yeməyini bişirəcək, paltarlarını yuyacaq. Ümumiyyətlə, bu kimi işləri görənlər hamısı pul müqabilində xidmət göstərirlər. Mobil telefon belə, gəzdirmək olur. Qanunla qadağan olunsa da, pulunu verib, gəzdirə bilirlər. Kürdəxanıda mobil telefon üçün 5000 manat pul verib, işlədə bilərsən. Qanun şəhər telefonu ilə həftədə 2 dəfə danışmağa imkan verir. Lakin pulun varsa, gündə 5 dəfə telefonla danışa bilərsən. Cəzaçəkmə müəssisələrində əsas faktor puldur, o da ki, yeni həbs olunanlarda yeşik-yeşik var". 
 
Keçmiş siyasi məhbus,"Ağ Blok"un təsisçisi Tural Abbaslı da cəzaçəkmə müəssisələrində çalışanların son həbslərdən sevinəcəyini bildirdi: “Cəzaçəkmə müəssisələri qapalı məkan olsa da, rüşvət əsas faktordur. Müəssisə rəhbərliyi dəyişsə belə, bu hallara rast gəlmək olar. Mənim olduğum müəssisələrdə bu çox da nəzərə çarpmırdı. İstənilən halda onların çöldə qazandıqlarını içəridə xərcləməsi prosesi var. Bu isə məcburi qaydada olmur. Əsasən rahat həyata öyrəşmiş şəxslər azacıq çətinlik görəndə özlərininə şərait yaratmağa başlayırlar. Bu səbəbdən də, xüsusi xidmətlər üçün pul verməli olurlar. Ümumiyyətlə, əgər rahat yaşamaq istəyirsənsə, ləvazimatdan tutmuş, ən adi şeylərə qədər pul verməlisən. Birmənalı olaraq, bu kimi hallar cəzaçəkmə müəssisələrində var. Dustaqlar ümumi kazarmada qalırdılar. Kimin imkanı varsa, 3-4 nəfərlik otaqlara keçirlər. Onları qınamaq da olmaz. Çünki cəzaçəkmə müəsisələrində infeksion xəstəlik baş alıb, gedir. Şəraitin bərbad vəziyyətdə olması onları pul verib, nisbətən təmiz şəraitdə olan kameraya getməyə məcbur edir".
 

Google+ WhatsApp ok.ru