Bakıda məktəbliləri daşıyan mikroavtobus qəzaya düşüb, 12 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakının Sabunçu rayonu ərazisində məktəbliləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 12 nəfər xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasının qəbul şöbəsinə müraciət edib. Bu barədə Trend-ə 3 saylı şəhər Klinik Xəstəxanasından məlumat verilib.

Bildirilir ki, xəsarət alanlardan 10 nəfər 8-17 yaşlı məktəb şagirdi olub. Şagirdlərdən əlavə, hadisə nəticəsində avtobusda olan daha iki nəfər - 23 və 52 yaşlı şəxslər də xəsarətlə xəstəxanaya müraciət ediblər.

Xəstəxanada həmin şəxslərə ilkin tibbi yardım göstəriləndən sonra 12 nəfərin hamısı evə buraxılıb.

Məlumatda qeyd olunur ki, hadisə zamanı xəsarət alanlar hamısı Sabunçu rayonunun Maştağa qəsəbəsindəki orta məktəblərin şagirdləri olub. Şagirdlər mikroavtobusla Kürdəxanı qəsəbəsindən Maştağadakı orta məktəbə gedirmiş.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

 
***
Zabrat-Kürdəxanı yolunda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb. 3 saylı Şəhər Klinik Xəstəxanasının qəbul şöbəsindən verilən məlumata görə, buraya müxtəlif travmalarla 10 şagird gətirilib. Onlara tibbi yardım göstərilib, bütün şagirdlər evə buraxılıb. 
"Onların arasında vəziyyəti ağır olan olmayıb. Xəstələr müayinə olunduqdan sonra evlərinə buraxılıb. Uşaqların təxminən 10-12 yaşları olub. Onların heç birində sınıq və ya digər ciddi zədələr qeydə alınmayıb", - xəstəxanadan bildirilib.

Google+ WhatsApp ok.ru