Bakı metrosunda insident

Başı aşağı telefonla yazışan oğlanın başına qatarın güzgüzü çırpılıb
Ötən gün Bakı metrosunda həyəcanlı anlar yaşanıb. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, saat 18:31-də metronun “28 may” stansiyasında qatarın arxa şüşəsi 27 yaşlı oğlanın başına dəyib. Onun sözlərinə görə, 41 saylı qatar platformadan yola düşərkən gənc oğlan ehtiyatsız davranıb.
 
“1997-ci il təvəlldülü İbrahim Zöhrab oğlu Hüseynov “28 May” stansiyasında olarkən Dərnəgül-Həzi Aslanov isiqamətində hərəkət edən qatarın arxa vaqon güzgüsünə dəyib. İbrahim Hüseynov təhlükəsizlik xəttini keçdiyi üçün hadisə baş verib. O, başını aşağı salıb mobil telefonla yazışırmış”, - deyə Nəsimi Paşayev bildirib.
 
Onun sözlərinə görə, ağır xəsarət alan gənc oğlan huşunu itirib. Hadisə yerinə təcili tibbi yardım həkimləri çağrılıb. Ona yardım göstərilib.
 
Nəsimi Paşayev ANS PRESS-ə açıqlamasında qeyd edib ki, sərnişinlərin səhlənkarlığı səbəbindən tez-tez xoşagəlməz hadisələr baş verir: “Belə hadisələr dəfələrlə baş verib. Ehtiyatsızlıq ucbatından qatar relsinin üzərinə düşən sərnişinlər də olur. Son anda metropoliten işçiləri onların həyatlarını xilas edirlər. Xahiş edirik ki, metroda olarkən hamı diqqətli olsun”. /

Google+ WhatsApp ok.ru