Bako Saakyan Britaniya parlamentində çıxış edib

İyulun 8-də Qarabağ separatçılarının lideri Bako Saakyan Böyük Britaniya parlamentində çıxış edib. Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
 
Saakyanın kimin qarşısında çıxış etdiyi açıqlanmır. Separatçıların mətbuat xidməti bildirib ki, çıxış zamanı o, Qarabağdakı proseslərə, Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanmasına toxunub, iştirakçıların suallarını cavablandırıb.
 
Saakyan deyib ki, Qarabağda Böyük Britaniyaya xüsusi münasibət var, onu nüfuzlu dövlət, demokratiya və Avropa sivilizasiyasının beşiyi hesab edirlər.
 
Onun sözlərinə görə, Qarabağ parlament əlaqələrinin genişləndirilməsində və Böyük Britaniya ilə elm-təhsil, humanitar sahələrdə münasibətlərin inkişafında maraqlıdır.
 
Saakyan qeyd edib ki, belə nikbinlik ilk növbədə Böyük Britaniya parlamentində səmimiliyin,  Qarabağın və erməni xalqının dostlarının olmasından irəli gəlir.
 
Görüşdə Ermənistanın Londondakı səfiri Armen Sarkisyan da iştirak edib.

Google+ WhatsApp ok.ru