Bakıdakı konfransda Əl-Aqsa məscidinin bağlanmasına etiraz olaraq kommünike qəbul olunub

Bakıdakı konfransda Əl-Aqsa məscidinin bağlanmasına etiraz olaraq kommünike qəbul olunub

Fələstin xalqının hüquqlarının müdafiəsi Komitəsi və İslam Əməkdaşlıq Təşkilatı Əl-Aqsa məscidinin bağlanılmasına etiraz olaraq birgə kommünike qəbul edib.
 
APA-nın məlumatına görə, Bakıda keçirilən Qüds məsələsinə həsr olunan beynəlxalq konfransın iştirakçıları məscidin bağlanılması və cümə namazlarına qadağanın qoyulmasını pisləyiblər.  
 
"İşğalçı qüvvə olan İsrailin bu və digər məhdudiyyətlərin tətbiq etməsi tarixi status-kvonu və beynəlxalq hüququ pozur. Bu, Qüdsdə müqəddəs yerlərə səfər etmək istəyənlərə qarşı qəddar işğaldır, Fələstin xalqının hüquqlarına hücumdur", - deyə sənəddə bildirilir.
 
Kommünikedə deyilir ki, Fələstindəki dindarlara qarşı təxribatlar, hücum və qanun pozuntuları gərginliyi və dini həssaslıq mühitini mürəkkəbləşdirir və buna dərhal son qoyulmalıdır. Konfrans iştirakçıları beynəlxalq ictimaiyyətə işğalçı  sionist rejimə təsir edərək onu tarixi status-kvoya hörmət etməyə çağırıb, habelə metal detektorları sökməyi tələb edib.
 
Kommünikedə həmçinin bütün maraqlı tərəflərə gərginliyin azaldılmasına istiqamətlənmiş addımlar atmağa çağırış yer alıb.
 
Konfrans iştirakçıları hesab edirlər ki, İsrailin Fələstin torpaqlarının işğalına son qoyması davamlı sülhə gətirib çıxara bilər.
 

Google+ WhatsApp ok.ru