Beynəlxalq QHT koalisiyası: Azərbaycan referendum ərəfəsində yenidən repressiyalara başlayıb

Beynəlxalq QHT koalisiyası: Azərbaycan referendum ərəfəsində yenidən repressiyalara başlayıb

Konstitusiya referendumuna altı həftə qalmış Azərbaycan hakimiyyəti tənqidi səsləri susdurmaq üçün yeni repressiya dalğasına başlayıb. Bu barədə beynəlxalq hüquq-müdafiə təşkilatları Koalisiyasının bəyanatında deyilir.
 
Koalisiya xatırladır ki, avqustun 12-də tanınmış iqtisadçı, REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli, avqustun 13-də isə NİDA Hərəkatının gənc fəalı Elgiz Qəhrəmanlı həbs olunublar.
 
Avqustun 15-də gənc fəallar Elşən Qasımov və Toğrul İsmayılov həbs ediliblər.
 
Vətəndaş fəalı və keçmiş siyasi məhbus Bəxtiyar Hacıyev saxlanılaraq cərimə edilib.
 
Koalisiya bu həbsləri siyasi motivli həbslər hesab edir və onların, eləcə də digər siyasi məhbusların – İlqar Məmmədov, jurnalist Seymir Həzi, fəallar İlkin Rüstəmzadə, Qiyas İbrahimov və Bayram Məmmədovun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb.
 
Bütün bunlar Azərbaycanda insan hüquqları ilə bağlı ümumi vəziyyətin ağır olması fonunda baş verir. KİV əvvəlkitək hakimiyyətin nəzarəti altındadır, tənqidçi jurnalistlər qorxu atmosferində fəaliyyət  göstərirlər.
 
Vətəndaş cəmiyyəti təzyiqlərə məruz qalır, müstəqil QHT-lər fəaliyyət göstərə bilmir.
 
“Hüquqlar naminə idman” Azərbaycan hakimiyyətini bu kobud və sistematik pozuntulara son qoymağa, ölkədə insan hüquqlarının vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirləri həyata keçirməyə, öz ifadə azadlığı hüququnu gerçəkləşdirməyə görə mühakimə edilən siyasi məhbusları  dərhal və  qeyd-şərtsiz azadlğa buraxmağa çağırır”, - koalisiyanın bəyanatında deyilir. Sənədi 20 təşkilat imzalayıb.(contact)
 

Google+ WhatsApp ok.ru