Binalara vurulan üzlüklər xərçəng yaradır?

Elmi ədəbiyyatlarda asbest materialın insan ölümünə səbəb olacağı bildirilir
 
Bakının Azadlıq prospektində 16 mərtəbəli binada baş verən dəhşətli yanğından sonra ölkə başçısı xüssusi komissiya yaratdı. Komissiyaya verilən tapşırığa əsasən, poliuretanla üzlənmiş binaların fasadları söküldü. Məlum tapşırıqdan sonra bir neçə gün ərzində söküntü işlərinə başlanıldı və binaların fasadlarının yeni üzlüklərlə üzlənilməsinə qərar verildi.
 
Binalara vurulan yeni üzlüklərin asbest adlanan materialdan ibarət olduğu bildirilir. Bu materialın təhlükəlilik dərəcəsi ilə bağlı ilk məlumat isə tanınmış bloqqer, Meydan TV-nin əməkdaşı Həbib Müntəzirin sosial şəbəkədəki statusunda verilmişdi. Bloqqer yazmışdı: “Asbest material Avropa Birliyi tərəfindən yasaqlanıb. Hətta Türkiyədə, Rusiyada, Ukraynada belə yasaqlılar siyahısındadır. Asbest - mövcud olduğu yerdə, insanda ağciyər xərçəngi yaradır. Həmçinin qarın zəri xərçəngi, yəni mezotelyoma xəstəliyinin yaranmasına səbəb olur. Mütəxəssislər asbest materialların günəş altında azot tərkibli kanserogen, zərərli maddələr buraxdığını və bu maddələrin xərçəng xəstəliklərini stimullaşdırdığını bildirirlər.
 
Xatırladım ki, Nazirlər Kabineti 2012-ci ildə asbest materiallarına qadağa qoyub. Amma buna rəğmən hələ də istifadə olunur və utanmadan bina üzlüklərinə də vururlar.
Onu da deyim ki, betopan adı ilə mətbuatda bizə sırımaq istədikləri məhz nazik şiferəbənzər materialdır ki, tərkibində 8-10% kanserogen maddə olan ASBEST var”.
Bu məlumatdan sonra internetdə araşdırma aparanda ortaya ilginc detallar çıxdı. Məlum oldu ki, asbest lifləri havaya yayılan zaman ciddi xəstəlik riski yaradır. Bu halda təhlükəli toz göydə fırlanır və insanın tənəffüs yollarına nüfuz edir. Bu tozu gözlə görmək mümkün deyil. Amma təhlükə onun ətrafındakı bütün insanları əhatə edir və tikinti prosesindən sonrakı saatlar ərzində də problem aktuallığını qoruyur. 
 
Mətbuatda asbest şiferlərin xərçəngyaratma təhlükəsi olduğu vurğulanır və əsas kimi 26 iyul 1999-cu ildə Avropa Birliyinin (AB) komissiyası tərəfindən qəbul edilmiş 1999/77/ES saylı direktivi əsas götürülür. Direktivə görə, AB-də xrizotil asbestdən istifadə 5 illik müddətdə müəyyən istisnalar olmaqla qadağan edilir. AB-də asbestin istifadəsi tam olaraq 2005-ci il yanvarın 1-dən qadağan edilib. Buna əsas kimi xərçəngin öyrənilməsi üzrə beynəlxalq agentliyin hesabatı götürülür və hesabatda bildirilir ki, asbest insan üçün təhlükəli kanserogenlər sırasına daxildir. Yəni yetərincə ciddi arqument irəli sürülür. 
 
Daha bir iddia isə asbest şüalarının radioaktivliyi ilə bağlıdır. Bu fikirin müəllifləri iddia edir ki, günəş şüalarının təsiri altında asbest şiferindən radioaktiv şüalar ayrılır. 
Asbest süxurundan lif əldə etmək doğrudan da xərçəng yaradıcı təsirə malikdir. Bu süxurdan liflər əldə etmək üçün onun üzərinə zərbələr vurulur və bu zaman yaranan tozun kanserogen təsirli olduğu aşkarlanıb. Keçən əsrin 80-ci illərində bu səbəbdən Amerikada və Fransada asbest istehsalını dayandırmaq üzrə kampaniya başladı. Yəni qərb ölkələri asbest istehsalında çalışan işçilərin təhlükəsizliyini təmin etmək üçün bu addımı atdılar. Amma bunun bizə nə təsiri var? Biz ki, asbest lifləri və asbest şiferləri Rusiyadan hazır şəkildə alırıq. Hazır şifer isə tam təhlükəsiz olur. Çünki şiferdə asbest lifləri betonun içində sabit durur, şiferin yalnız 15%-i asbest olur, qalan hissəsi isə sementdir. Musavat/

Google+ WhatsApp ok.ru