Böyük neft pulları necə “yeyildi”? – Mənimsəmə sxemini İsveçrə saytı açdı

Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşkilatında statusunun aşağı salınması ölkədə yaranmış çox xoşagəlməz durumla bağlıdır. Bu hadisə Azərbaycan hakimiyyətinin korrupsiyada və repressiyalarda ittiham olunmasından sonra baş verdi. Bu barədə fikirlərini Isveçrədə fəaliyyət göstərən Beynəlxalq Əlaqələr və Təhlükəsizlik Şəbəkəsinin saytında Xannest Meysner bölüşür.
 
2003-cü ildə Ilham Əliyevin Azərbaycanı Mədən Sənayesində Şəffaflıq Təşkilatına üzv etməyə çalışması beynəlxalq aləmdə legitimliyini bərpa edəcək amil kimi anlaşılır. Azərbaycan hakimiyyəti hesab edirdi ki, bu təşkilat gəlir əldəetmə prosesi haqqında məlumatlansa da, əldə olunan vəsaitlərin necə xərclənməsi prosesində iştirak etmir. Azərbaycana böyük neft pulları gələndən sonra hakim elita dövlət vəsaitlərini korrupsiya layihələrinə yönəltdi. Yalnız ötən il Mədən Sənayesində Şəffaflıq Təşkilatı korrupsiya və repressiyaları nəzərə alaraq Azərbaycanın statusunu aşağı saldı.
 
Azərbaycanda korrupsiya dövlət və ictimai həyatın bütün sahələrinə nüfuz edib. Hökumət yalnız bir neçə sahəni vitrin kimi nümayiş etdirməkdən ötrü korrupsiyadan uzaq tutmağa çalışır. Buna misal olaraq “Asan Xidmət”i göstərmək olar.
 
Azərbaycanda korrupsiya iki istiqamət üzrə inkişaf edir: neft-qaz sahəsi, neftə aidiyyəti olmayan digər sahələr… Ölkədə mərkəzləşdirilmiş rüşvət sistemi var. Adamlar problemlərini həll etmək üçün və yaxud da qısa müddətdə həll etmək üçün rüşvət verməyə məcburdurlar. Vəzifələrin satılması haqqında çoxsaylı məlumatlar yayılıb. Ölkəyə böyük neft pulları gələndən sonra hakim elita aşağı səviyyələrdə mövcud olan rüşvətdən imtina etdi. Beləcə “Asan Xidmət” meydana gəldi.
 
Dövlət başçısı 7 çox güclü qrupun arasında arbitr kimi çıxış edir. Bu qruplardan ikisi siyasi sahədə, digər ikisi isə biznes sahəsində fəaliyyət göstərir. Qalan 3 qrup isə həm siyasət, həm də iqtisadi sahədə yetərincə uğur qazanıb. Son 3 qrupa daxil olanlar yüksək vəzifələrdən tutmuş, o sıradan nazir postları tutanlar, eyni zamanda böyük maliyyə resurslarının sahibləridir.
 
Neftdən gələn gəlirlərin əsas hissəsinin bu qrupların əlində cəmləşməsi heç kim üçün sirr deyil. Böyük neft pulları şəffaf olmayan dövlət büdcəsindən hakim elitanın sərəncamına verilərək böyük tikinti layihələrinə xərclənib. 2009-cu ildə 13 milyard dollar olan dövlət büdcəsinin vəsaitlərinin 40 faizi investisiya layihələrinə yönəldilmişdi. Əldə edilmiş məlumatlara görə, bu vəsaitlərdən səmərəsiz istifadə edilməsi bir yana, digər tərəfdən də kifayət qədər bulanıq kanallar vasitəsi ilə mənimsənilmişdi.
 
Təbii sərvətlərlə zəngin olan bəzi ölkələrdə dövlət resurslarının korrupsiya mənbəyinə çevrilməsi problemi bəzi ölkələr üçün kifayət qədər xarakterikdir. Mədən Sənayesində Şəffaflıq Təşkilatı hesab edir ki, təbii sərvətlərin satışı nəticəsində əldə olunan maliyyə vəsaitləri bəzi ölkələrdə iqtisadi və sosial çiçəklənməyə yol açdığı halda, digərlərində korrupsiyanın daha da inkişafına səbəb olur. Bu təşkilat təbii sərvətlərin satışı nəticəsində əldə olunan maliyyə vəsaitlərinin şəffaflıq və hesabatlılıq şəraitində idarə edilməsi üçün hasilatla məşğul olan şirkətlər, hökumətlər və yerli vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın institusional əsaslarını müəyyənləşdirən sxemlər üzrə əməkdaşlıq etməyə çalışır.
 
Azərbaycan hakimiyyəti uzun illər ərzində ciddi islahatlar aparmaq vədləri olan bəyanatlarla çıxış edib. Prezident Ilham Əliyev ölkə əhalisinin maraqlarına xidmət edəcək şəffaf və səmərəli idarəçiliyin qurulmasından danışıb. Bütün bunlara baxmayaraq Azərbaycan hakimiyyəti verdiyi bəyanatların ziddinə hərəkət edərək korrupsiyadan nəinki imtina edib, hətta onun çiçəklənməsinə heç bir problem yaratmayıb. Son 10 il ərzində biz Azərbaycanda avtoritarizmin fasiləsiz və davamlı güclənməsinin şahidi olmuşuq. Ərəb baharı, Maydan hadisələri və neftin qiymətinin düşməsi nəticəsində iqtisadi vəziyyətin pisləşməsi fonunda hakimiyyət vətəndaş cəmiyyətinə qarşı təzyiqləri gücləndirib. Iş o həddə çatıb ki, Mədən Sənayesində Şəffaflıq Təşkilatının Milli Koalisiyasında birləşmiş təşkilatlar sərbəst fəaliyyət imkanlarından məhrum ediliblər. Təşkilat bu Koalisiyaya daxil olan qurumlara qarşı repressiyaların dayandırılması və onların sərbəst fəaliyyət göstərməsi üçün səylərini artırıb.
 
Mədən Sənayesində Şəffaflıq Təşkilatı Azərbaycanda iki məsələyə diqqət yetirib. Birincisi, dövlət resurslarının idarə olunmasında səmərəliliyin və şəffaflığın təmin olunması, ikincisi, vətəndaş cəmiyyətinin gücləndirilməsi. Ikinci məsələ ona görə böyük əhəmiyyət kəsb edir ki, hakimiyyətə qarşı tənqidçi mövqedə duran şəxslərin hökumətdən şəffaflıq və səmərəli fəaliyyət göstərməsini tələb etməsi üçün əlverişli mühit təmin olunsun. Hər iki halda Mədən Sənayesində Şəffaflıq Təşkilatı istəyinə nail ola bilməyib. Bakıda fəaliyyət göstərən Qərb diplomatlarından biri bildirdi ki, təkcə Mədən Sənayesində Şəffaflıq Təşkilatının köməyi ilə şəffaflığı təmin etmək mümkün deyil.
 
Bu sahədə çalışan yerli QHT rəhbərlərindən biri deyir ki, Azərbaycan uzun illər ərzində bu təşkilatın üzvü olsa da, nə şəffalıq təmin olunub, nə də korrupsiyanın qarşısı alınıb. Müxalifət partiyalarından birinin rəhbəri deyir ki, Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşkilatının üzvlüyündən çıxması vəziyyəti daha da pisləşdirə bilər.
 
Etiraf etmək lazımdır ki, Mədən Sənayesində Şəffaflıq Təşkilatı Azərbaycanda neft gəlirlərinin şəffaflığı sahəsində müəyyən uğurlar qazana bilib. Problem ondan ibarətdir ki, bu şəffaflıq yalnız gəlirlər məsələsində olub. Neft gəlirlərinin xərclənməsi sahəsində bu təşkilatın hansısa rolunun olmasını iddia etmək üçün heç bir əsas yoxdur. Gəlirlərlə bağlı şəffaflıq olsa da, vəsaitlərin xərclənməsi ilə bağlı şəffaflıq təmin edilməyib.

Google+ WhatsApp ok.ru