Cənubi Sudanda 16 minədək uşaq əsgər kimi cəlb edilib

BMT-nin Uşaq Fondu (UNİCEF)  bu ilin əvvəlindən Cənubi Sudanda 16 minədək uşağın əsgər kimi cəlb edilməsi haqda məlumat verib.
Maide.az-ın məlumatına görə, UNİCEF-in sözcüsü Kristof Bulirak cümə günü jurnalistlərə açıqlamasında deyib: Silahlı qruplaşmalar və Ordu yanvar ayından etibarən 16 min uşaqdan əsgər kimi istifadə ediblər.
O əlavə edib ki, bu şəxslər qətlə yetirilir və ya oğurlanır, habelə cinsi zorakılığa məruz qalırlar.
Bulirak qeyd edib ki, silahlı qruplaşmalara qoşulan həmin uşaqlardan bəziləri ön cəbhəyə göndərilir və digər uşaqlardan isə son dərəcə təhlükəli şəraitdə qasid və ya yükdaşıyan qismində istifadə olunur.
UNİCEF-in hesabatında deyilir ki, Cənubi Sudanda toqquşmaların başladığı 2013-cü ilin dekabr ayından indiyədək 1500-dən uşaq öldürülüb və daha 900 min nəfər isə ölkə daxilində qaçqına çevriliblər. Eyni zamanda, təxminən bir milyon uşaq isə pis qidalanmadan əziyyət çəkir.
UNİCEF-in sözcüsü əlavə edib: Avqust ayında sülh sazişi bağlanmasına baxmayaraq, vəziyyətin normallaşmasına dair nəzərəçarpacaq irəliləyiş müşahidə olunmur.
 
Cənubi Sudanda qıtlıq və aclıq haqda xəbərdarlıq
Bu xəbər yayıldığı bir vaxtda, BMT bu yaxınlarda Cənubi Sudanda qıtlıq və aclıq haqda xəbərdarlıq edib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin Uşaq Fondu (UNİCEF)  və Ümumdünya Ərzaq Proqramı birgə məlumat yayaraq bildiriblər: “Ən azı 30 min nəfər çox çətin şəraitdə yaşayır, aclıqla və ölümlə üzləşiblər”./
 

Google+ WhatsApp ok.ru